Məlum oldu ki, «Böyük dövlətlər və ya beynəlxalq strukturlar separatizmi dəstəkləyir!» kimi tələsik nəticələr heç də həmişə özündə reallığı əks etdirmir. Uzağı, «Separatizm bəzən dəstək tapır!» demək olar. Bu, da daha çox dünyanın böyük gücləri arasındakı qəliz geosiyasi münasibətlərin nəticəsi kimi təzahür edir.
Əslində müasir Dünyada etnik separartizmə «yox» deyən amillər daha çoxdur, nəinki dəstək verən.
Birincisi, əksər ölkələr polietnik dövlətlərdir. Hər birinin də ərazisində müxtəlif xalqlar və etnik qruplar yaşayır və onların hamısı coğrafi, siyasi və iqtisadi bütünlüyünü saxlamaqda maraqlıdır.
Elə beynəlxalq hüquq tərəzisinin özü də daha çox dövlətlərin ərazi bütövlüyünə dəstək ifadə edən tərəfə əyilməyə meyllidir - bu prinsiplər BMT nizamnaməsində, Helsinki Yekun Aktında, hətta Paris Xartiyasında ifadəsini tapıbdır.
«Müqəddəratı təyinetmə» məsələsini də ərazi bütövlüyü prinsipi hüdudlarında çözmək praktikası daha geniş yayılıb, nəinki bunun əksi...
Etnik separatizm bilavasitə beynəlxalq təhlükəsizliyə də təhdiddir. Dövlətlərin sayı 200-ü aşmadığı halda, böyük və kiçik xalqların sayı minlərlədir. Onların heç olmasa, yüzü «müqəddərat təyinetmək» yolunu tutarsa, təsəvvür edirsinizmi, hansı siyasi-hərbi, sosial kataklizmlər baş verər?
Üçüncüsü, etnik separatizm demokratiya və insan haqlarının müasir anlamına, hətta qloballaşmanın da fəlsəfəsinə zidd fenomendir.
Etnik-mədəni haqların da çözümü indi başqa müstəvidə,- dövlət və vətəndaş münasibətlərini yüksək səviyyəyə qaldırmaq, insan haqlarının aliliyini təmin etmək və vətəndaş cəmiyyətini inkişaf etdirmək, açıq və demokratik cəmiyyətlər formalaşdırmaq, dövlətlər arasındakı sərhədləri şəffaflaşdırmaq, ölkələrin və xalqların əlaqələrini genişləndirmək istiqamətində axtarılır.
Ona görə də etnik separatizmə hələ də «demokratiyanın qıcqırması», «demokratiyanın sindromu» kimi yanaşma meylləri qalsa da, birmənalı deyərdik ki, o, daha çox müxtəlif geosiyasi amillər ucbatından dəstək tapa bilir və «kiçik xalqların halına acımaq arzuları»nın da arxasında ən çox bu motivlər dayanır.
Bunu keçmiş sovet məkanındakı münaqişələrin timsalında görürük: Dağlıq Qarabağ da, Abxaziya da, Cənubi Osetiya da, Dnestryanı bölgə də, Krım da müstəqilliyə can atan Azərbaycana, Gürcüstana, Ukraynaya və Moldovaya qarşı Rusiyanın tətbiq etdiyi cəzadır!
On illərdir, onların hamısına eyni sözlər deyilir: ya müstəqilliyinizdən keçin, ya da torpaqlarınızdan!..
Gürcüstan, Ukrayna və Moldova bir qədər fərqli istiqamət götürdü. Onlar qərara gəldilər ki, on illərlə Kremlin sifətlər görmüş diplomatları ilə çənə döyməyin mənası yoxdur, yaxşısı digər əlaqələri genişləndirmək və Dünyaya əsl həqiqəti çatdırmaqdır. O həqiqət də budur ki, qoy, bilsinlər ki, bütün separatizm ocaqları əslində Rusiyanın gənc dövlətlərə qarşı təcavüzüdür...
Biz bir az başqa yol tutmuşuq. Rusiya ilə mülayim davranır və onu özümüzə təhlükə kimi təqdim etmirik. Amma bəlkə elə buna görə Qərb dövlətləri Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünə daha birmənalı yanaşır, nəinki Azərbaycanın?..
Amma bütün hallarda, diplomatiyanı siyasi təhlilçilər müəyyənləşdirmirlər, bunu siyasətçilər və diplomatlar edirlər. İndi biz Azərbaycanın problemini daha çox erməni separatizmi kimi təqdim edir və bunun bilavasitə Ermənistanın iştirakı və rəhbərliyi ilə həyata keçirildiyini önə çəkirik.
Əslində biz Ermənistanın təcavüzü ilə üzləşmişik və təcavüzün coğrafiyası Naxçıvandan, Qərb bölgələrimizdən keçərək cəmi Qarabağı, bəli, aranlı-dağlı Qarabağı əhatə edir! Ona görə də istər-istəməz düşünürsən ki, problemi yalnız separatizm kimi təqdim etməklə onun mahiyyətini və coğrafiyasını bir az təhrif etmirik ki?..
Amma bir məsələ də var ki, Dağlıq Qarabağ ermənilərini tərəf kimi tanımırıq və yalnız Ermənistanın özünü bir təcavüz subyekti kimi təqdim edirik.
Bu, məsələnin əsl mahiyyətinə də adekvat yanaşmadır - yüz min nəfərlik Qarabağ ermənisi nədir ki, on illərlə on milyon əhalisi olan Azərbaycanın qarşısında duruş gətirsin, üstəlik, də onun ərazisinin iyirmi faizini işğal etsin!..
Katalon və kürd məsələləri çox operativ həll olundu, yerli hökumətlər də məsələnin «beynəlmiləlləşmə»sinə imkan vermədilər!
Bu şansı itirmişik. Sovet məkanındakı münaqişələr lap əvvəldən «beynəlmiləl»ləşdi, onların guya ki, «çözümü» üçün müxtəlif beynəlxalq formatlar quruldu. Olsun. İndi bunun özünü ermənilərin əleyhinə çevirməliyik, ən azı ona görə ki, son vaxtlar artıq belə zəmin yaranıbdır.