Vaxt.Az

Xaricdən niyə bu qədər ərzaq alırıq?


 

Ötən ay 100 milyon dollara yaxın qiymətdə məhsul idxal olunub

Xaricdən niyə bu qədər ərzaq alırıq? Bu ilin birinci ayında Azərbaycana 99 milyon 210 min dollarlıq ərzaq məhsulları idxal olunub. Dövlət Gömrük Komitəsi məlumat verir ki, ərzaq məhsulları arasında idxalda payı ən yüksək olan buğdadır. Yanvarda ölkəmizə 21 milyon 720,36 min dollarlıq 121 min 529,80 ton buğda idxal olunub. İkinci yerdə 12 milyon 315,41 min dollarla(25 793.39 ton) meyvə-tərəvəz, üçüncü yerdə 8 milyon 785.83 min dollarla(8 842.47 ton) bitki və heyvan mənşəli piylər və yağlar gəlir. Bu ilin ilk ayında ölkəmizə həmçinin 5 milyon 177,47 min dollarlıq şəkər(11 533,13 ton), 4 milyon 935,64 min dollarlıq(840.60 ton) kərə yağı və süddən hazırlanmış digər yağlar, 4 milyon 434,04 min dollarlıq(3 011.33 ton) ət, 4 milyon 155,03 min dollarlıq (1069.41 ton) çay, nəhayət, 966,47 min dollarlıq (673.13 ton) süd idxal edilib.

Ötən ilin eyni dövrünün göstəriciləri DGK-nın saytında olmasa da, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, ötən ay ərzaq məhsullarının idxalında 2018-ci ilin yanvarına nisbətən 22 milyon 704 min dollarlıq artım var. Belə ki, 2017-ci ilin yanvar ayında ərzaq idxalı pul ifadəsində 76 milyon 506 min dollar təşkil edib. Ekspert deyir ki, artıq demək olar ki, ölkənin ərzaq təhlükəsizliyinə təminat yoxdur: Bu ilin birinci ayında ərzaq mallarının idxalı dəfələrlə artıb, ixracı isə azalıb.

İxracda çay - 47 faiz,  bitki və heyvan mənşəli piylər və yağlar - 2,3 dəfə, şəkər - 2,7 dəfə azalıb. İdxalda isə ət -50 faiz, kəsim üçün nəzərdə tutulan ətlik diri heyvanlar - 2,4 dəfə,  süd - 2,5 dəfədən çox, buğda - 2 dəfədən çox,  çay - 50 faiz, bitki və heyvan mənşəli piylər və yağlar isə 4 dəfədən çox artıb.

Digər ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalında da kəskin artım var».

İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirir ki, ərzaq məhsulları idxalındakı artım əsasən maliyyə bazarlarında müşahidə edilən trendlərin dəyişikliyindən qaynaqlanır: «Bildiyiniz kimi, 2017-ci ilin yanvar ayında manatın məzənnəsində sürətli ucuzlaşma baş verirdi, xarici valyuta bahalaşırdı. Belə bir şəraitdə istər idxal prosesinin iştirakçısı olan biznes subyektləri, istərsə də daxili bazarda olan qruplar müəyyən gözləmə mövqeyində dayanmışdılar. Hazırda manatın məzənnəsindəki sabitlik iqtisadi proseslərin təbii axarına dönməsinə səbəb olub ki, bu da son nəticədə ərzaq məhsulları üzrə idxalın artmasına gətirib çıxarıb».

Ekspertin sözlərinə görə, yanvardakı artımın bir sıra digər səbəbləri də ola bilər: «Burada dövlət təşkilatlarının xaricdən mal-məhsul idxalına qoyulan qadağanın aradan qaldırılması, eyni zamanda bir sıra idxalçı firmaların anbarlarındakı ehtiyatların tükənməsi və sair məqamlar da təsirini göstərə bilər. Digər bir səbəb bir sıra ərzaq məhsulları üzrə dünya bazar qiymətlərinin artmasıdır ki, bu da dəyər ifadəsində idxalın artmasını şərtləndirə bilər».

Onu da qeyd edək ki, yanvarda meyvə-tərəvəz idxalında da kəskin artım qeydə alınıb. Hansı ki, Azərbaycanın özündə kifayət qədər meyvə-tərəvəz yetişdirilir. Bu şəraitdə idxalın artması istehlakçıların yerli məhsullara inamsızlığı ilə bağlı ola bilərmi? R.Həsənovun fikrincə, xüsusilə tərəvəz idxalının artması heç də yerli məhsula inamsızlıqdan irəli gəlmir: «Son illərdə ərzaq məhsulları bazarında müşahidə edilən müsbət trend yerli məhsullardan istifadənin artmasıdır. Yəni insanlar getdikcə üstünlüyü daha çox yerli məhsullara verirlər. Bu baxımdan, düşünmürəm ki, xüsusilə meyvə-tərəvəz idxalındakı artım yerli məhsullara inamsızlıqdan irəli gəlir. Burada böyük ehtimalla əsas rolu istehsalla ixracın artım dinamikası oynayır: ixrac istehsaldan daha sürətlə artır. Ona görə də çatışmayan hissə idxal hesabına doldurulur. Digər bir səbəb istehsal göstəricilərinin reallığı əks etdirməməsidir. Yəni müxtəlif səbəblər üzündən istehsal həcmləri bir qədər artıq göstərilir».

 





21.02.2018    çap et  çap et