Vaxt.Az

«Telman İsmayılov razılaşmadı»


 

«Hoteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur»

«Telman İsmayılov razılaşmadı» Hazırda axtarışda olan keçmiş azərbaycanlı milyarder-oliqarx Telman İsmayılovun Antalyadakı «Mardan Palace» hotelinin nümayəndəsi obyektin «Rixos Group»a satılacağı haqda xəbərləri «şayiə» adlandırıb. Virtualaz.org xəbər verir ki, mənbə bu haqda TourDom.ru portalına bildirib.

Telman İsmayılovun hotelinin «Rixos Group»un sahibi olan türkiyəli iş adamı, əvvəllər Fətullah Gülən camaatına mənsub olmuş Fəttah Temincəyə satılması üçün danışıqlar getdiyi barədə bundan əvvəl Türkiyə mənbələri xəbər yaymışdı. Bildirilirdi ki, danışıqların nəticələri gələn həftə açıqlana bilər.

Mənbə deyib ki, «Rixos Group»un «Mardan Palace» hotelinə maraq göstərməsi doğrudur, amma bunlar hələ söz-söhbət səviyyəsindədir. Və sövdələşmənin baş tutması ehtimalı azdır. «Rixos şəbəkəsi hazırda çətin ki, «Mardan Palace» hotelini almaq üçün lazım olan vəsaiti tapa. Şəbəkənin müxtəlif ölkələrdə tikintisi davam edən hotelləri var, onlar yarımçıqdır və maliyyə tələb edir. Hazırda «Mardan Palace» 400 milyon dollar səviyyəsində qiymətləndirilir. Əvvəl Qətərdən olan iri investor 600 milyon dollara almaq istədi, Telman İsmayılov razılaşmadı», - mənbə deyib.

Mənbənin bildirdiyinə görə hotelin «Rixos Group» və ya digər şirkət tərəfindən icarəyə götürülməsi daha ağlabatandır. Lakin bu da yaxın vaxtlarda baş tutmayacaq. Çünki hotel restavrasiya tələb edir, hovuzu, kondisioner sistemi və s. təmir edilməlidir. Buna da iki-üç ay vaxt lazımdır. Yəni qarşıdakı yaz-yay mövsümündə hotel bağlı olacaq, deməli onu icarəyə götürməyin mənası yoxdur.

Hotel boş qaldığına görə borcları da artacaq. Situasiya ona görə mürəkkəbdir ki, Telman İsmayılov hoteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur.

Bundan əvvəl hotelin üzərinə Türkiyənin «Halk Bank»ına olan kredit borcuna görə həbs qoyulmuşdu. T.İsmayılov hotelə 1.4 milyard dollar xərcləyib.

 





18.03.2018    çap et  çap et