Vaxt.Az

Ermənistan qurtuldumu?


 

Hər şey ondan asılıdır ki, gərək, proseslər başa çatsın və kimin kim olduğu bilinsin

Ermənistan qurtuldumu? Bizə qalsa, nəticələrlə hələ tələsməzdik. Hələ ki, hakimiyyət Serj Sərkisyanın başçılıq etdiyi partiyanın əlindədir. Müxalifət sübut etməli və ona nail olmalıdır ki, onların məqsədi tək bir siyasət adamının azğın ambisiyalarına son qoymaq deyildi, bütövlükdə kriminal Qarabağ hərbi -siyasi klanını hakimiyyətdən uzaqlaşdırmaqdır.

Bunun üçün isə onlar növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olmalıdırlar. Artıq bu tələb səslənib və ümid edirik ki, o, davamlı olacaq, Nikol Paşinyan və tərəfdarları Serj Sərkisyan kimi Karen Karapetyana da “yox” deyəcəklər...

Bəli, nə qədər qəribə olsa da, Ermənistanda da “məxməri inqilab” baş tutdu. Qeyd edək ki, “məxməri inqilablar” Dünyanın yeni fenomenlərindəndir–artıq ən sərt rejimlər belə qan tökməkdən və zorakı üsullara əl atmaqdan çəkinir, dinc yolla hakimiyyəti təhvil verirlər.

Belə ssenari hətta Ermənistanda da reallaşdı. Düzdür, burada da konspiroloji elementlər, proseslərdə Kremlin izini axtaranlar az deyil, xüsusən də Karen Karapetyanın önə keçməsi belə fərziyyələri bir az da gücləndirib. Amma belə idimi?

Əvvəlcə yada salaq ki, V.Putin S.Sərksiyanı təbrik edən ilk və yeganə liderlərdən biri oldu.

İkincisi, rusiyalı politoloqlar artıq işarə edirlər ki, Ermənistan son proseslərdən sonra Qərbə tərəf dreyf edəcək və indidən belə təkliflər dilə gətirilir ki, Rusiya özünün regiondakı siyasətinin ağırlıq mərkəzini Bakı səmtinə keçirməyə hazır olmalıdır.

Üçüncüsü, Dünyada, xüsusən də Rusiya ətrafında o qədər gərgin proseslər gedir ki, Kreml hər şeyi yerli-yataqlı hesablamaq və nəzərə almaq gücündə deyil, ruslar öz haylarındadırlar və demək olar, başlarını tamam itiriblər.

Dördüncüsü, bir daha deyirik ki, Ermənistandakı proseslər Sarkisyanla yekunlaşmamaılıdır, əgər yekunlaşarsa, o, halda həqiqətən də Rusiya izi ilə razılaşmaq lazım gələcək.

Bəs “məxməri inqilab” tam qalib gələrsə regionun siyasi landşaftında nələri gözləmək olar? Aydın məsələdir ki, İrəvan Rusiyanın qoltuğunun altından az da olsa, çıxmağa və Qərbə tərəf meyl etməyə başlayacaq. Gəl ki, burada bir nüans var: Rusiyanın Ermənistana da əsas təsir “rıçaq”ı elə Qarabağdır.

Çox təəssüf ki, bəzən ən demokrat–qərbçi siyasətçilər belə milli – patriotlar kimi görünməyi sevirlər. Hazırki vəziyyətdə Ermənistanın yeni liderini müəyyən etmək elə də asan deyil – öndə Paşinyandı, amma onun hökumət və ya dövlət başçısı olmaq şansları hələ məchul olaraq qalır, ən azı ona görə ki, bütün inqilabların məşhur düsturu var: inqilabları bir qayda olaraq dahilər fikirləşir, fanatlar reallaşdırır, fırıldaqçılarsa ondan faydalanırlar...

Həm də təəssüflər olsun ki, bizim Paşinyan haqdakı bilgilərimiz, xüsusən onun Dağlıq Qarabağ probleminə baxışı İnternetdə yazılanlardan o tərəfə keçmir – bu informasiyalar isə hamı üçün açıqdır.

Bəli, Paşinyan da siyasətdə yeni bir adam deyil və yetərincə müxalifətçilik stajı vardır. Məsələn, paytaxt meri vəzifəsinə seçkilərdə ikinci yeri tutmaq, parlament üzvü olmaq çox şey deyir, azı belə qənaət hasil olur ki, o, təsadüfi adam deyil.

Amma kim bilir, kim seçicilərin simpatiya və yaxud antipatiyasını birmənalı şəkildə müəyyən edə bilər? Təbii, heç kim, bunu yalnız seçki özü edə bilər.

Fəqət, bu vaxta qədərki bilgilər göstərir ki, hər halda, ənənəvi müxalifətin, daha doğrusu, daha ağır fiqurların da şansı elə də böyük deyil. Elə bu səbəbdən düşünürük ki, proses axıradək davam etsə yeni simalar üzə çıxacaq.

Amma Ermənistandakı proseslər hamımızı ilk növbədə Qarabağ problemi kontekstində düşündürür və maraqlandırır. Nə gizlədək, son vaxtlarda Moskva-Ankara-Tehran üçlüyü ilə bağlı müəyyən ümidlər vardı. Düşünürdük ki, Ankara və Tehran onsuz da məngənədə olan Kremli bir az da “sıxaraq” onu Qarabağla bağlı daha konstruktiv siyasi kurs yürütməyə vadar edə bilər. Amma bu üçlük çərçivəsindəki daxili ziddiyyətlər bizim güman etdiyimizdən də tez təzahür etdi...

Qalır başqa bir ssenari. Əvvəllər də yazmışdıq ki, Rusiya-Ermənistan ittifaqında “çat” yarananda Qarabağ probleminin həlli üçün real imkan yarana bilər. İndi belə ssenarinin reallaşması mümkün görünür, sadəcə, hər şey ondan asılıdır ki, Ermənistanda gərək, proseslər başa çatsın və kimin kim olduğu bilinsin –“yeni” Ermənistanın geosiyasi orientasiyası aydınlaşın. Bunun üçünsə bir az vaxt lazımdır...

 





30.04.2018    çap et  çap et