Vaxt.Az

Köçəryan siyasətə niyə qayıdır?


 

Onun vəziyyətdən çıxmaq üçün alternativi yoxdur

Köçəryan siyasətə niyə qayıdır? Ermənistanın sabiq prezidenti, hərbi cinayətkar Robert Köçəryan siyasət qayıtmaq niyyətini bəyan edib və bunun üçün iki başlıca səbəbin olduğunu bildirib. Köçəryana görə səbəblərdən birincisi geosiyasi vəziyyətdən doğan risklər, ikincisi isə ölkənin indiki hakimiyyətinin təcrübəsizliyidir.

Köçəryanın siyasətə qayıdışında geosiyasi amillərin nə qədər rol oynayıb-oynamadığını deyə bilmərəm, amma yeni geosiyasi reallıqların iştirakçısı olan qüvvələrin bu “qayıdışda” rolu, daha doğrusu izi görünür.

Əslində Köçəryan siyasətdən heç vaxt getməyib. Sadəcə ona müvəqqəti olaraq ehtiyat oyunçular skamyasında oturmağı əmr ediblər.

Eks-prezidentin yenidən meydana atılmasının əsas səbəblərindən biri və bəlkə də birincisi onun özünü və varidatını qoruma instinkti ilə bağlıdır. Robert Köçəryan siyasi proseslərin epidsentrinə yenidən həbs olunmamaq üçün qayıdır. Bunun üçün isə əlverişli şəraitin yetişdiyi qənaətindədir. Çünki Nikolun təcrübəsizliyi və nüfuzdan düşməsi fonunda Robertin pərən-pərən düşmüş Qarabağ klanını öz ətrafına toplaması üçün əlverişli şərait yaranıb. Şübhəsiz ki, Köçəryanı fəallaşdıran digər amillər də var. Amma bu amillər özünün iddia etdiyi kimi Ermənistanın ətrafında dəyişən vəziyyətlə bağlı deyil. Guya dəyişən geosiyasi reallıqlar fonunda Köçəryan siyasətə qayıdıb nə edəcək ki? Bu reallıqların qarşısını alacaq, yaxud öz xeyrinə dəyişəcək? Şübhəsiz ki, bu reallıqları dəyişmək nəinki Köçəryanın, heç bütövlükdə Ermənistanın imkanları daxilində deyil. Robert Köçəryan siyasətə qayıdışının səbəblərindən biri kimi dolayısıyla Ermənistanın dost olmayan ölkələrlə əhatə olunduğunu göstərir. Amma unudur ki, qonşu dövlətlərin Ermənistana olan münasibətini elə Ermənistanın özü formalaşdırıb. Ermənistan həmsərhəd olduğu 4 dövlətdən birinin - Azərbaycanın ərazisini işğal edib. Digər ikisinə - Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edir. Dördüncü həmsərhəd dövlətlə - İranla isə yalnız hakimiyyətdə olan rejimin etnosiyasi maraqları baxımından hələlik yola getməyi bacarır. Lakin bu amil də getdikcə öz əhəmiyyətini itirir. Robert Köçəryanın məhz Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra “siyasətə qayıdış” bəyanatıyla çıxış etməsi də Azərbaycan-İran münasibətlərindəki ziddiyyətlərin tamamilə ortadan qalxa biləcəyi ehtimalı ilə bağlıdır. Lakin yaranmış vəziyyətdən yeganə çıxış yolu kimi Köçəryanın göstərdiyi əsas faktor – güclü ordu amili də artıq öz əhəmiyyətini itirib. Azərbaycan Silahlı Qüvvələrinin artan gücü və döyüş qabiliyyəti, eləcə də regionun böyük dövlətlərinin hərbi potensialının qarşılığında Ermənistanın mövcud potensialı ilə yalnız kapitulyasiya aktına imza atmaq olar. Robertin mövcud vəziyyətdən çıxış yolu kimi heç bir alternativi yoxdur. O yalnız ölkə daxilində repressiyaları gücləndirə, ona qarşı çıxanları qətlə yetirə, özünün, ailəsinin, yaxın ətrafının və varidatının qorunması üçün müəyyən zəmanətlər almağa cəhd göstərə bilər. Köçəryan regiondakı vəziyyətin işğala son qoyulması ilə başa çatacağını çox güman ki, yaxşı başa düşür. Ermənistan dövlət olaraq mövcudluğunu qorumaq üçün danışıqlar prosesində konstruktiv mövqe sərgiləmək, işğalçılıqdan əl çəkmək məcburiyyətindədir. Bunun başqa alternativi yoxdur. Bu proses Paşinyanın vasitəsi ilə həyata keçəcəksə, o zaman Köçəryan, Sərkisyan və digərləri bu və ya digər cinayətlərinə görə şübhəsiz ki, öz cəzalarını alacaqlar. Məhz bu səbəbdən də Köçəryan və “Qarabağ klanı” prosesin onların iştirakı ilə gerçəkləşməsi üçün hakimiyyəti yenidən mənimsəməyə can atır. Çünki bu onların öz maraqlarını təmin etmələri, azadlıqlarını, siyasi mövcudluqlarını və cinayət yolu ilə əldə etdikləri kapitalı qorumaq üçün yeganə vasitədir.

 





17.08.2018    çap et  çap et