Yerli xəbər verir ki, bundan az öncə Lukaşenko hökumətdə yeni kadr dəyişikliklərini anons edib və bunun səbəblərindən biri kimi Nazirlər Kabinetindəki sərxoşluq problemini göstərib.
“Energetika nazirinə gəlincə. Bilirsən, o niyə azad edilib, - Lukaşenko bunu yeni təyin olunmuş nazirə deyib. – Əgər nazir intizamlı deyilsə, içib işə gəlirsə, işdən qalırsa, bu necə nazirdir?”
Prezident xəbərdarlıq edib ki, bunlar hələ hökumətdə son dəyişikliklər deyil. “Hamının qarşısında sərxoşluğun yolverilməzliyini bildirmək istəyirəm, - o vurğulayıb. – Bunu deməkdən utanırdım, lakin bu yaxınlarda azad etdiyim bir çox rəhbərlər xeyli içirdilər”.
“Mən axı sizə nəzarət etmirəm ki, kiminlə içirsiniz, kiminlə hamama gedirsiniz, kiminlə söhbət edirsiniz, - Lukaşenko deyib. – Sağlığınıza qismət. Rəhbərsiniz, bunu bacarmalısınız. O ki qaldı sərxoşluğa, qədərini bilməlisiniz, bilməlisiniz ki, kiminlə, harada, nə qədər, el arasında deyildiyi kimi. Bu ölçünü itirirsinizsə, rəhbər deyilsiniz. Məhz buna görə də, yaxın zamanlarda bəzilərinizlə vidalaşmalı olacağıq. Onlar harada işlədiklərini anlamırlar”.
“Əyyaş rəhbər deyil, - Lukaşenko qeyd edib. – Əgər o, bu gün nəbzi itənə qədər içibsə, bu bir gündən bir, ya elə hər gün təkrarlanırsa, ertəsi gün o artıq işçi deyil. Bütün günü fikirləşir ki, harada “poxmel”ini açsın”.
Belarusun dövlət başçısı rəhbərləri spirtli içki içərkən qədərini bilməyə çağırıb və qeyd edib ki, çoxları səbəb olsa da, olmasa da içirlər. “Ən çox da səbəbsiz, - Lukaşenko bildirib. – İşi unudurlar. Qərarların icra edilməməsi, intizamsızlıq bir yana, sərxoşluq rəhbərlikdə ümumiyyətlə yolverilməzdir. Demirəm ki, hamı müqəddəsdir və əlində qədəh tutmamalıdır. Mən sərxoşluqdan və əyyaşlıqdan danışıram. Onlar rəhbərlikdə olmayacaq”.
Lukaşenko onu da deyib ki, özü “praktiki olaraq içən deyil”.