Rusiyanın fond bazarındakı vəziyyəti xarakterizə edən və Moskva birjasında hesablanan RTS indeksi isə 1 069-dan 1 201-ə yüksəlib. Başqa sözlə, Rusiyanın qiymətli kağızlar bazarına maraq artıb.
Müstəqil ekspertlərin isə Rusiya iqtisadiyyatı barədə proqnozları elə də nikbin deyil. Onlar əvvəlcə bu il ölkə iqtisadiyyatının 1,6 faiz böyüyəcəyini proqnozlaşdırsa da, hazırda iqtisadi artım göstəricisinin 1 faizdən çox olmayacağını deyirlər.
Ekspertlərin fikrincə, Rusiyada artan inflyasiya riskləri fonunda istənilən pul-kredit fəaliyyətini stimullaşdırmaq və iqtisadi inkişafı dəstəkləmək üçün dövlət büdcəsindən bir vasitə kimi istifadə edilə bilər. Bundan başqa, iqtisadi artım üçün əsas amillərdən biri olan investisiya qoyuluşudur ki, bu il bu sahədə artımın ötən illə müqayisədə 1,5 faiz bəndi az – elə 1,5 faiz olacağı proqnozlaşdırılır. 2018-ci ildə investisiya qoyuluşunu təmin etmiş əsas amillərdən biri Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatı olub. 2019-cu ildə isə ölkədə hansısa mötəbər idman yarışı olmayacaq.
Bununla belə, hələlik rublun məzənnəsi sabitdir və hətta güclənməyə meyllidir. ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini sabit saxlaması və dünya bazarında neftin qiymətinin qənaətbəxş səviyyədə (60 dollar civarında) olması Rusiyanın milli valyutasının ucuzlaşmamasına imkan verir. Görünür bu səbəbdəndir ki, Rusiya Bankının (Mərkəzi Bank) fevralın 8-də keçirilmiş iclasında uçot dərəcəsinin bir daha artırılmasına ehtiyac duyulmayıb və faizlər sabit saxlanılıb. Halbuki, dekabrın 14-də keçirilmiş iclasda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 7,5 faizdən 7,75 faizə yüksəldilmişdi.
Analitiklər hesab edir ki, indiki şərtlərlə bu ilin sonuna qədər Rusiyada dolların məzənnəsi 60-70 rubl civarında dəyişəcək. Əgər FED yenidən faizləri artırmağa başlasa və bunun nəticəsində əmtəə birjalarında neft qiymətləri düşsə, bir dolların 80-90 rubl civarında dəyişəcəyini proqnozlaşdırmaq olar.