Vaxt.Az

“Şou kimi baxmaq olar”


 

Avropa və Rusiya dollardan imtina edir?

“Şou kimi baxmaq olar” Rusiya və Avropa İttifaqı maliyyə əməliyyatlarının rubl və avro ilə aparılması ilə bağlı işçi qrupu yaradacaq. Bu haqda Rusiyanın baş nazirinin müavini Anton Siluanovun mətbuat katibi Andrey Lavrov məlumat verib.

“RİA Novosti”nin məlumatına görə, Siluanov və Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç arasında keçirilən görüşdə ikitərəfli ticarət, o cümlədən enerjidaşıyıcılarının alqı-satqısı ilə bağlı hesablaşmaların dollarla yox, milli valyutalar - rubl və avro ilə aparılması müzakirəyə çıxarılıb.

Siluanov bildirib ki, Moskva bu növ əməkdaşlığın baş tutmasında maraqlıdır. Onun sözlərinə görə, beynəlxalq şirkətlərin milli layihələrdə iştirakı üçün hər hansı maneə yoxdur.

İqtisadçı Natiq Cəfərli bildirib ki, dolların təsirinin azaldılması ilə bağlı verilən bəyanatların böyük əksəriyyəti siyasi ritorika yaratmaq xarakteri daşıyır: “Çünki qarşılıqlı ticarətlərdə sabit olmayan valyutaların istifadə olunması iş adamlarına sərf etmir. Çünki bu, onlar üçün əlavə maneə və risklər yaradır, məzənnə xərclərini artırır. Bunun çox yaxşı örnəyi Çinlə Rusiya arasında 4 il bundan öncə bağlanan müqavilə oldu. Hər iki ölkə yuan və rubldan istifadə edərək ticarət aparacaqlarını bəyan etdilər. Ancaq bu 4 il ərzində bütün statistik məlumatlar onu deməyə əsas verir ki, həm dollarla, həm də avro ilə iki ölkə arasında aparılan ticarət, getdikcə artdı. Ötən il avro ilə ticarətdə təqribən 7 faiz, dollarla isə 6 faizə yaxın artım olub. Ümumi ticarət  dövriyyəsinin 90 faizə yaxını, hər iki ölkə arasında avro ilə aparılır.

Bunun da 78 faizi dollarladır. Yəni Çin və Rusiya belə bunu bacarmırsa, Avropa İttifaqı ilə Rusiya arasında hansısa müqavilənin olması, ticarət dövriyyəsinin rublla aparılması ehtimalı çox aşağıdır. Bu, ancaq siyasi xarakter daşıyan bəyanatdır. İndiki halda Rusiyanın ticarət infrastrukturunu da nəzərə alsaq, görərik ki, səslənənlər reallıqdan kənardır. Yəni Rusiya xarici ticarətdə əsasən enerjidaşıyıcılarının satışı ilə məşğuldur. Enerjidaşıyıcılar, neft, qaz müqavilələri uzunmüddətli müqavilələr şəklində bağlanılır. Bunların da başqa valyutaya keçirilməsi həm çətin, həm də risklidir. Yəni hər bir halda hətta rublla satmağa  qərar versələr belə, istənilən alıcıya dollarla ödənişi edib, onun rubl ekvivalentində ödənişi tamamlayacaq. Bu da məzənnə itkiləri risklərini artırır. Ona görə də yaxın illər ərzində bu sahədə hiss ediləcək dəyişikliyin olacağına inanmıram”.

İqtisadçı Fikrət Yusifov isə söyləyib ki, bu, sadəcə olaraq, görüntü yaratmaq üçün atılan addımlardır: “Ancaq bir maliyyəçi kimi qətiyyən inanmıram ki, bu sahədə hansısa nəticə əldə etmək mümkün olsun. Atılan addımlar, sadəcə olaraq, siyasi gedişlərdir. Eyni zamanda bu, şou və hay-küydür. Burada başqa bir şey yoxdur. Rusiya sovetlər ittifaqının varisidir. Bu varis də dolların dünyanın 1 saylı valyutası olmasının altından öz imzasını atıb. BMT-nin səviyyəsində bu qərar ləğv edilməyib. Eyni zamanda doğrudan da dolların hegemonluğuna son qoya biləcək hər hansı bir alternativ və real ola biləcək addımlar atılmayıb. Bu, heç mümkün olan bir şey deyil. Zamanında Türkiyənin prezidenti də dollardan imtina ilə bağlı bəyanatlar verdi. Hətta bəzi fanatlar çıxıb, dollardan imtina addımları atırdılar. Sonradan isə nəticə olmadı. Rusiyanın özü də illərdir ki, bu istiqamət üzrə şou göstərir. Bundan öncə Çinlə, indi də Avropa İttifaqı ilə belə bir gedişlər edirlər. Dünyada alqı-satqının 80 faizə qədəri dollarla gedir. Bu, elə bir hörümçək torudur ki, bu tordan çıxmaq üçün məsələni istəyən dövlətlər məxsusi qaydada bir araya gəlib, ortaya proqram qoymalıdırlar. Həmin proqram sənədi isə 4-5 il ərzində real olaraq həyata keçirilməlidir. Belə olarsa, real nəticəyə çıxmaq olar. Yoxsa bəyanatlarla dollardan imtina etmək mümkün deyil. Bu gün internet sistemi bütövlükdə Amerikanın əlindədir. Dünyada internetin 12 mərkəzi var. Onlardan 10-u Amerikanın ərazisindədir. Dünyada təkcə bank deyil, bütün sistemlər internetlə işləyir. Bunun açarı isə Amerikadadır. Ona görə bu cür bəyanatlara yalnız şou kimi baxmaq olar”.

 





15.06.2019    çap et  çap et