Şərqin ən qədim musiqi nümunələrindən olan muğam bu gün dünya musiqi mədəniyyətinin öyrənilməsində mühüm təhlil obyektidir. Azərbaycan xalqının mədəni irsinin bir parçası kimi bu sənət növü tarixən enişli-yoxuşlu yollardan keçsə də, xalqımız onu qoruyaraq nəsildən-nəslə ötürüb. Müstəqil Azərbaycanda isə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyaraq dünyanı fəth edir.
Muğam sənətimizin müasir tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətləri var. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr sayəsində muğam ifaçılığı özünün intibah dövrünü yaşayır.
2003-cü ildə UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısı”na daxil edilən Azərbaycan muğam sənəti 2008-ci ildə “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiya”nın qüvvəyə minməsi və UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısının tərtib edilməsindən sonra bu yer alan ilk sənət incimizdir. Azərbaycan muğam sənətinin UNESCO səviyyəsində belə mötəbər dəyər qazanmasından sonra muğamla bilavasitə bağlı olan tar ifaçılığı sənətimiz, kamança ifaçılığı da bu siyahıya salınaraq mədəni irsimizin dünya miqyasında növbəti təntənəsi oldu.
Şərq muğam sənətinin ən zəngin, çoxçalarlı və melodik qollarından olan Azərbaycan muğamı bu gün dünyanın ən mötəbər konsert salonlarında səslənərək musiqi xiridarlarının, sənətsevərlərin alqışını qazanır. Bunun bir ifadəsi də 26 avqustun Beynəlxalq Azərbaycan Muğamı Günü kimi qeyd olunmasıdır.
Eyni zamanda tarixi İpək Yolu üzərində yerləşən ölkələrin musiqi bayramı sayılan bu əlamətdar gün barədə qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən qəbul olunub və xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir.
Son illər “Muğam aləmi” Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, “Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdir.
Azərbaycan muğamına yeni bir həyat bəxş edən Mehriban xanım Əliyeva bu bənzərsiz sənət inciləri ilə bağlı fikirlərini belə dilə gətirir: “Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır. Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir – səhv etmərəm”.
Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.
XIX əsrdə Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir. Bu sənət rəssamlarımız, heykəltəraşlarımız, şairlərimiz, rejissorlarımız üçün bu gün də ilham mənbəyidir.
Bu gün dövlətimizin mədəniyyətimizə, o cümlədən muğam sənətinə, onu yaşadanlara böyük diqqət və qayğısı onları yeni-yeni yaradıcılıq axtarışına həvəsləndirir. Xalqımızın şərəfli və keşməkeşli tarixini səslərdə əbədiləşdirən muğamlarımız ən ağrılı-acılı günlərimizdə həm də təskinliyimizdir. Heyrətamiz hisslər, düşüncələr, müdriklik mənbəyi olan muğam bütün hallarda – qüssəli, sevincli anlarımızda ovqatımıza təsir edir, azadlığa və müstəqilliyə qovuşduğumuz anların fərəhini yaşadır və bizləri qələbəyə səsləyir.
***
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Beynəlxalq Azərbaycan Muğamı Günü münasibətilə virtual sərgi təqdim edib. Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin muğam sənəti haqqında fikirləri, fotolar, mövzuya dair kitab və məqalələr tam mətnləri ilə təqdim olunur.