BBC-nin məlumatına görə şəhər əhalisi ərzaq və dərman almaqda çətinlik çəkir. İnsanlar ərzağın evlərə çatdırılma xidmətlərindən istifadə edirlər. Ancaq sifariş o qədər çoxdur ki, çatdırılma şirkətləri bu yükün altından çıxa bilmirlər. Şanxayda çatdırılma xidmətlərinin 11 min əməkdaşı 25 milyon insanın sifarişini yerinə yetirə bilmir. Nəticədə Şanxay kimi böyük və müasir şəhərdə aclıqdan əziyyət çəkənlərin sayı artmağa başlayıb. Şanxay sakinlərindən birinin sosial şəbəkədə yazdığına görə 17 gündür karantindədir və qidalanmayla bağlı ciddi problemlərlə üzləşib. Problemi gərginləşdirən həm də odur ki, Şanxayın evlərinə qapadılan yaşlı sakinləri mobil telefon və internetdən istifadə edə bilmirlər və nəticədə onlar çatdırılma xidmətlərin imkanlarından istifadə edə bilmirlər.
Şanxay Çin iqtisadiyyatının lokomotivi sayılır. Ona görə Şanxaydakı ağır vəziyyət Çin iqtisadiyyatına mənfi təsir edir. Rusiya, İran və Venesuelaya məxsus neftlə dolu tankerlər Çinin sahillərinə yaxınlaşa bilmirlər. Söhbət təxminən 22 milyon barel neftdən gedir. Şanxaydakı durum göstərir ki, Çinin iki il əvvəl həyata keçirməyə başladığı qapanma siyasətinin nəticəsi yox idi. Ancaq digər dövlətlər ötən dəfəki səhvi təkrarlamamaq üçün Çinlə gediş-gəlişə nəzarət etmək məcburiyyətindədirlər.