Bu görüşlər zamanı Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsində Britaniyanın Ukraynaya hərbi, siyasi və humanitar dəstəyi müzakirə olunub.
Britaniya Müdafiə Nazirliyinin bu barədə məlumatında deyilir:
“Bu həftə keçiriləcək işçi səfər müdafiə nazirinə Ukrayna silahlı qüvvələrinin əməliyyat ehtiyaclarının yerində öyrənmək imkanı verəcək, belə ki, münaqişənin təbiəti dəyişməkdə davam edir. Bu səfər Britaniyanın Ukraynaya yardımlarının Ukraynanın ehtiyaclarına və dəyişən situasiyaya uyğun olmasına imkan yaradacaq”.
“The Guardian” yazır ki, Uolles iyunun 10-da Ukrayna müdafiə naziri Aleksey Reznikovla görüşüb.
Britaniya Müdafiə Nazirliyinin bəyanatında daha sonra deyilir ki, tərəflər Ukraynanın öz torpaqlarını işğaldan azad etməsi kimi “ortaq məqsədlərini” müzakirə ediblər.
Görüş zamanı habelə Britaniyanın Ukraynaya hazırda silah və təlimlə göstərdiyi dəstəyin vəziyyəti müzakirə olunub.
Bu da xəbər verilir ki, tərəflər Britaniyanın bundan sonra da Ukraynaya hərbi-siyasi dəstək verəcəyinə dair razılığa gəliblər.
Zelenskinin “Telegram” kanalında yayımlanan videoda Uolles prezidentin “heyrətamiz” fəaliyyətinə heyranlıq ifadə edir.
Prezident Zelenski Uolleslə söhbəti zamanı “Böyük Britaniyaya, onun hökumətinə və baş nazirinə minnətdarlığını” bildirib.
Britaniya baş naziri Boris Conson Kiyevə iki ay bundan əvvəl səfər etmişdi.
***
Bu arada Britaniyanın xarici işlər naziri Liz Trass Ukraynadakı qondarma separatçı “Donetsk Xalq Respublikasında” iki britaniyalının ölüm cəzasına məhkum edilməsini Cenevrə Konvensiyasının “kobudcasına pozulması” adlandırıb.
“SkyNews” telekanalı bildirir ki, xanım Trass ukraynalı həmkarı Dmitri Kuleba ilə bu məsələni telefonda müzakirə edib.
Söhbət zamanı sözü gedən əsirlərin “Rusiyanın dəstəklədiyi separatçılardan azad olunması” yolları müzakirə edilib.
Xanım Trass söhbət zamanı habelə deyib ki, Britaniya Ukraynaya onun “Putinin vəhşi müdaxiləsinə” qarşı mübarizəsində dəstəyini davam etdirəcək.
***
Britaniyalı əsirlər – 28 yaşlı Eyden Aslin və 48 yaşlı Şon Pinner iyunun 9-da qondarma “DXR” tərəfindən edam cəzasına məhkun ediliblər.
Baş nazir Boris Conson bu hökmdən “dəhşətə gəldiyini” bildirib və deyib ki, London əsirlərin azad olunması üçün əlindəki bütün imkanlardan istifadə edəcək.