Bəli-bəli, bunu Putin deyib, ilk baxışdan düşünürsən ki, özünütənqidə keçib, amma bu sözləri ABŞ və Qərb dövlətləri haqqında, onların İraq, Suriya, Liviya, Əfqanıstanda atdığı addımlara görə deyib – problem də budur ki, əgər sən (Rusiya) Qərbin həmin ölkələrdə atdığı addımları haqlı olaraq (bəli, haqlı tənqiddir) tənqid edirsənsə, özün eynisini etməməlisən. Putinin bu sözləri Ukraynada etdiklərini tam əks etdirir, Rusiya Ukraynada eyni Putinin dediyi kimi davranır - kobudcasına və həyasızcasına öz etikasını, mədəniyyətə baxışlarını, tarixə dair təsəvvürlərini rəsmi Kiyevə sırımağa çalışır. Ukraynanın suverenliyini, bütövlüyünü şübhə altına alır, bu ölkənin mövcudluğuna təhlükə yaradır.
Rusiyanın ən böyük bədbəxtçiliyi də məhz budur – resurslarına, sərvətlərinə rəğmən normal, cəlbedici, sivilizasion hekayə qura, dünyanın sağlam konservativ kəsiminin sözçüsü ola bilmədi, tənqid etdiyi Qərb kimi davranmağa başladı ki, sizə olarsa, mənə də olar, amma 3 ciddi fərqi anlaya bilmədi:
1. ABŞ və AB ölkələri heç bir ərazini öz tərkibinə qatmaq istəmirlər;
2. Qərb tək zopa ilə deyil, həm də kökə ilə ölkələrin qapısını döyür;
3. Qərb yalan-doğru olsa da bəlli cəlbedici hekayəsi, sivilizasion çağırışlara formal da olsa cavab verən mövqeyi var.
Əslində Qərb son 25 ildə çox böyük səhvlər, günahlar, cinayətlər edib. Bu günün Rusiyasını elə Qərbin səhv siyasəti “doğub”, amma bu o demək deyil ki, Rusiya bunu əlinə bayraq edib yanı-başına, suveren dövlətlərə saldırmalı, ərazilərini işğal etməlidir – Kreml bu addımlarının hekayəsini də qura bilmir, həm öz xalqına, həm də qonşularına cəlbedici rifah və xoşbəxt gələcək vəd edə, bunu göstərə bilmir.
P.S. Dünənki forumda Tokayevin çıxışına, suallara cavabına da baxdım, bəyəndim, əslində Putin həmin müzakirəyə qəsdən Marqo Simonyan kimi həyasız birini moderator təyin etmişdi, Marqonun digər tayı, əri Keosayan Qazaxıstanı çox pis təhqir etmişdi. Ona görə də Putin məhz Marqoya bu işi tapşırmışdı. Tokayev vəziyyətdən yaxşı çıxdı, “DXR/LXR” kimi qondarma qurumları tanımayacaqılarını dedi, amma bunu həm də öz ölkəsinə görə etdi. Tokayev anlayır ki, Rusiya Ukraynada ciddi uğur qazansa, növbəti addım kimi Qazaxıstanda 2 yox, 5-6 kvazi “ölkələr”, ölkənin şimalında 5-6 “DXR/LXR” kimi geydirmə qurumlar yarada, ölkəsinin şimalını işğal edə bilər. Tokayevin mövqeyi məhz buna görə sərt oldu...