Patruşev deyib ki, Rusiya ona qarşı “düşmən” hərəkətləri heç şübhəsiz cavabsız qoymayacaq: “Tədbirlər nazirliklərarası formatda hazırlanır və ən yaxın müddətdə qəbul ediləcək. Bu tədbirlərin Litva əhalisi üçün çox pis təsirləri olacaq”.
Patruşevin sözlərinə görə Litva tərəfindən blokadanın arxasında Qərb dayanır.
Onun dediyinə görə bu göstərir ki, “Qərbin nəinki bəyanatlarına, hətta yazılı öhdəliklərinə də inanmaq olmaz”.
Litva elan etmişdi ki, iyunun 18-dən Rusiya ərazisindən Kalininqrada dəmir yolu ilə daşınan yüklərin bir qisminə qadağan tətbiq ediləcək.
Vilnüs izah edib ki, söhbət Avropa İttifaqının sanksiyalar siyahısına düşmüş mal və şəxslərdən gedir və Litva bu blokun üzvü kimi ittifaqın qərarlarını icra etməlidir.
Litva xarici işlər nazirinin müavini Mantas Adomenas demişdi ki, onun ölkəsi sanksiyaların tətbiqinə dair Avropa Komissiyasının təlimatlarını gözləyir.
***
Rusiya XİN iyunun 20-də Litvadan Rusiya və Kalininqrad arasında dəmir yolu ilə tranzitinə qoyulmuş qadağanın dərhal ləğvini tələb edib.
Bununla əlaqədar Litvanın Rusiyadakı müvəqqəti işlər müvəkkili Virginiya Umbrasene Rusiya XİN-ə dəvət olunmuşdu.
Litva XİN də öz növbəsində Rusiyanın ölkədəki nümayəndəsi Sergey Ryabokona nota təqdim edib.
Notada deyilir ki, Avropa İttifaqının sanksiya siyahısına düşməyən malların və sərnişinlərin Litva ərazisi ilə tranziti dayandırılmayıb: “Litva bu tranzitlə bağlı heç bir birtərəfli, fərdi və ya əlavə məhdudiyyətlər qoymayıb. Litva ardıcıl olaraq Avropa İtitfaqının sanksiyalarını icra edir. Bu məhdudiyyətlər müxtəlif vaxtlardan başlanır və müxtəlif zaman müddətində davam edir”.
İyunun 21-də Litvanın Moskvadakı səfiri Markus Ederer Rusiya XİN-ə dəvət olunub.
Rusiya XİN səfirə etiraz notası verildiyini bildirir.