Vaxt.Az

“Göl bir az da qurusa, fəlakət olacaq”


 

Ruhulla Həzrətpur: “Dünya səsimizi eşitdi hökumət yox”

“Göl bir az da qurusa, fəlakət olacaq” Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin İran parlamentindəki nümayəndəsi Ruhulla Həzrətpur Urmiya gölünün quruması ilə bağlı müsahibə verib.

“Bütün dünya səsimizi eşitdi, ancaq İran hökumət başçıları bizi eşitmədilər. Azərbaycanlılar Urmu gölü üçün qan veriblər. İstəyimiz odur ki, gölün bərpa işləri sürətləndirilsin. Göl bundan artıq quruyarsa bütün ətraf əyalətlər faciə ilə üzləşəcək”, – deyə Həzrətpur İran televiziyasına müsahibəsində bildirib.

O, İbrahim Rəisinin Urmu gölünün bərpası ilə bağlı 500 milyard tümən büdcə ayrıldığını iddia etdiyi halda bu iş üçün bir qıran belə ödənilmədiyini söyləyib.

“Bundan öncəki prezidentlər və indiki prezident İbrahim Rəisi seçki təbliğatı zamanı Urmu gölünün bərpası barədə söz verib, ancaq seçiləndən sonra heç bir iş görməyiblər. Bu azərbaycanlılardan su-istifadə deməkdir. Hökumət başçıları gölün bərpası işlərinin dayandırılması barədə xalqa hesabat verməlidirlər”, – deyə Urmiyanın nümayəndəsi tələb edib.

Ruhulla Həzrətpur “Urmiya Gölünün Bərpası Qərargahı”nın əslində “Urmu gölünün məhv edilməsi qərargahı” adlandırılmasının daha doğru olduğunu, adı çəkilən qərargahın səmərəli iş görmədiyini qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Urmu gölünün quruma səbəbinin 18 faizi iqlim dəyişiklikləri ilə bağlı olduğu halda, 82 faizi hökumət və əlaqədar qurumların yanlış idarəçiliyindən qaynaqlanıb.

O, yaz aylarında yağıntıların çoxaldığına görə göldə müvəqqəti olaraq nisbi su artımının hökumətin bərpa fəaliyyətlərinin hesabına yazılmasını absurd adlandırıb.

 





13.07.2022    çap et  çap et