İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşının mina partlayışları nəticəsində həlak olduğunu və ya ağır yaralandığını diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.
“Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb”, – deyə Prezident İlham Əliyev vurğulayıb.