Vaxt.az xarici mətbuata istinadən xəbər verir ki, «Qalatasaray»ın baş məşqçisi Roberto Mançini hələ ingilis klubunu çalışdırarkən xidmətindən yararlandığı mərkəz müdafiəçi ilə yenidən bir komandada olmağı arzuladığını dilə gətirib. Düzdür Fildişi Sahillərinin vətəndaşı olan Kolo Tur 2005-ci ilə qədər ingilis klubunun futbolçusudur. Buna baxmayaraq mançesterlilər növbəti mövsümdə müdafiəçini heyətlərində düşünmədiklərini və uyğun qiymət qarşılığında İstanbul klubuna sata biləcəklərini bildiriblər.
Xatırladaq ki, Kolo Turnun millidəki komanda yoldaşları hücumçu Didier Droqba və sağ kənar müdafiəçisi Emanuel Ebue də «sarı-qırmızılı»ların heyətindədir. Amma mərkəz müdafiəçisi gələn ildən Türkiyədə oynayası olsa böyük ehtimalla həmvətəni Didier ilə eyni meydançanı bölüşə bilməyəcək. Çünki mövsümün sonunda Droqbanın «Qalatasaray»la müqaviləsi sona çatır və xəbərlərə görə 36 yaşlı hücumçu növbəti mövsümdə okeanın o tayına keçmək istəyir. «Qalatasaray»ın Ebuenisə gələn il transfer siyahısına çıxaracağı söylənilir.
Fiziki cəhətdən güclü Kolo Turun 32 yaş olmasına baxmayaraq bu mövsümdəki «Liverpul»dakı göstəriciləri kifayət qədər yüksək olub. Müdafiəçi paytaxt klubunun heyətində 21 oyunda (hər birində 90 dəqiqə olmaqla) ilk 11-də meydançaya daxil olub. Bir kubok oyununda isə 120 dəqiqə vəzifəsinin öhdəsindən gəlib. 2 oyunda isə (21 və 27 dəqiqə) sonradan meydana daxil olub. 23 matçda yaşıl sahələrdə olan müdafiəçi toplamda 2000 dəqiqə vəzifəsini yerinə yetirib. Mövsüm ərzində 3 asistə imza atıb və 3 sarı kart görüb. 23 oyunda 3 sarı kart mərkəz müdafiəçisi üçün çox yüksək göstəricidir. Bununla bərabər futbolçunun hazırkı formu İngiltərə çempionatı və kubokları üçün yetərli olmasa da, Türkiyə liqası üçün həddindən artıqdır. Kolo Turun Çempionlar Liqası və Avroliqa təcrübəsi də kifayət qədər yüksəkdir.
Bütün bu statistika Kolo Turun nə qədər önəmli transfer olacağını bir daha sübut edir. Ümumiyyətlə fildişili 12 mövsümdür Premyer Liqada top qovur. 1.78 boyunda olan müdafiəçi Arsenalın heyətində 7 ildə (2002-2009) 225 (14 qol), Mançester Sitidə 4 il ərzində (2009-2013) 82 (2 qol) və Liverpulda isə 1 mövsümdə (2013-2014) 23 oyun keçirib. Bundan başqa 14 illik yığma karyerasında 107 dəfə meydançaya çıxıb və 6 dəfə rəqib qapısına yol tapıb.
Digər tərəfdən istanbullular futbolçunu heyətin qatmaqla əslində 1 daşla 2 və daha çox “quş” vurmağı düşünürlər. Çünki Türkiyənin ən böyük altyapısına malik olan klub təcrübəli futbolçulardan, xüsusən də müdafiəçilərdən yararlanmağı artıq sınaqdan keçirib. Hələ 3 əvvəl “sarı-qırmızı”lılar “Atletiko”dan (Madrid) transfer etdiyi mərkəz müdafiəçisi Tomaş Ujfalusidən ikiqat xeyir götürmüşdü. Belə ki, həmin il «Cim-Bom»un altyapısından əsas heyətə qatılmış Semih Qayanın təcrübə qazanmasında çexiyalı müdafiəçinin kifayət qədər böyük rolu olmuşdu. Təsadüfü deyil ki, türk futbolçu Ujfa haqqında «o, mənimlə atam kimi davranır. Nöqsanlarımı deyir. Oyun zamanı harada durmaq lazım olduğunu göstərir» deyərək ona olan hörmətini nümayiş etdirmişdi. Əslində 2011-ci ildə çexiyalını transfer etməklə istanbullular 1 yox, 2 futbolçunu qazandıqlarını hər addımda deyirlər. Semih 3 il ərzində heç kəsin gözləmədiyi səviyyəyə çatdı. Ötən il onu transfer etmək istəyən böyük klublara «hər kəsin bir qiyməti var. Amma Semih satılmır!» cavabı verilirdi. O, hazırda Türkiyə klubunun və yığmasının müdafiəsində keçilməz sədd sayılır. İçərilərində İngiltərə nəhəngi Mançester Yunayted olmaqla bir çox məşhur klublar futbolçuyla yaxından maraqlanırlar.