Vaxt.Az

Pezeşkiyanı çətin bir yol gözləyir


 

Cəlili prezident və nazirlər kabinetinə nəzarət etmək üçün “kölgə hökumət” yaradıb

Pezeşkiyanı çətin bir yol gözləyir Jurnalist Rza Talibi prezident Məsud Pezeşkiyanın işinin gələcək dörd il ərzində heç də rahat olmadığını düşünür. Talibi hesab edir ki, Pezeşkiyan İranın ali dini lideri, dövlətin bütün qatlarına nüfuz etmiş sərt xətt tərəfdarı siyasi kəsimlər, ondan pay gözləyən islahatçı siyasətçilər, eləcə də ona dəstək verən türklər arasında münasibətlərini idarə edib və balansı qorumağı bacarmalıdır.

O, müsahibədə həmçinin Pezeşkiyanın prezident seçilməsi ilə nəticələnən proseslərin Türkiyə və Azərbaycan Respublikasında yaxından izlənildiyinə diqqət çəkərək, Pezeşkiayn dönəmində İranın Türkiyə və Azərbaycan ilə daha yaxın münasibət qurmasının mümkünlüyündən bəhs edib.

“Pezeşkiyanı çətin bir yol gözləyir. Birincisi bu ki, onun hər hansı bir qrupa mənsub olmadığı üçün ətrafındakı insanlar arasında pay istəyənlər çoxdur. İkinci məsələ budur ki, onun qarşısında duran mühafizəkarlar və özəlliklə Səid Cəlili və onun tərəfdarları illərdir Əli Xameneyinin verdiyi fürsətlərdən dolayı bütüm sistemin içərisinə giriblər. Onlar çalışacaq ki, ən azından Pezeşkiyanın önünə maneə qoysunlar”, – Rza Talibi söyləyir.

Seçkilərdə prezident Pezeşkiyanın rəqibi olan sərt xətt tərəfdarı və sabiq nüvə müzakirəçisi Səid Cəlili prezident və nazirlər kabinetinin fəaliyyətlərinə “nəzarət etmək” üçün “kölgə hökumət” təşkil etdiyini bildirib.

Rza Talibinin sözlərinə görə, radikal düşüncələri ilə tanınan Məhəmmədtağı Misbah Yəzdi və Məhəmmədmehdi Mirbağıri kimi şiə alimlər tərəfindən yetişdirilib və dövlətin müxtəlif orqanlarına yerləşdirilmiş çox sayda sərt xətt tərəfdarı qüvvələr Cəlilinin bəhs etdiyi “kölgə hökümət”in qüvvələridirlər.

“Bunların çoxu xüsusilə Əhmədinejad dönəmində sistemə girdilər. Ən məşhurlarından biri elə Səid Cəlili idi. Misbah Yəzdi öldükdən sonra onun yerinə molla Mirbağıri gəldi... Həm onun əli altında yetişən insanlar, həm də Haqqani Məktəbindən gələnlər Əhmədinejad dönəmində sonra da Səid Cəilinin Təhlükəsizlik Şurasının katibi olduğu dönəm dövlət orqanlarının çayxanasına qədər belə nüfuz etdilər. Bunların İranın məhkəmə sistemində də nüfuzu çoxdur. Son günlər Pezeşkiyanı dəstəkləyən vəkil Möhsün Burhaninin tutulması və ya Təbrizdə seçki kampaniyasında fəal olan başqa bir vəkilə olan təzyiqlər və ya küçələrdə yenə qadınlara qarşı basqıların artması göstərir ki, bunlar basqı qurmağa davam edəcəklər”, – deyə jurnalist bildirir.

Talibinin fikrincə, İranın ali dini lideri Seyyid Əli Xameneyi də artıq sistemin müxtəlif qatlarına nüfuz edən qüvvələri kontrol edə bilmir: “Mən belə düşünürəm ki, dini lider bütün bu qruplar və bunların sistem içindəki nüfuzundan yorulub. O, daha əvvəl bunlara o qədər meydan verib ki, indi onlardan qurtula bilmir. Rəhbər etnik məsələsindən, yəni türk faktorundan da istifadə edərək üçüncü bir cərəyanın yaranmasını istəyir. Yəni, Xameneyi buna ehtiyac duydu və məcbur halda Pezeşkiyana tərəf döndü. Həm Pezeşkiyanın gəldiyi topluma görə, həm də onun korrupsiyaya qarışmadığını nəzərə alaraq ən uyğun şəxs o idi. Əgər bunları doğru-düzgün idarə edib və balans qurmasa Pezeşkiyan üçün durumu çətinləşdirir”.

Məsud Pezeşkiyan seçki kampaniyaları dönəmində bəzi müxalifləri tərəfindən bölücü, pan-türkist və federalçı kimi ləqəblərlə günahlandırıldı. O, dövlət televiziyasında qatıldığı proqramda belə “pan-türkist tərəfdarları” ilə əlaqədar suallarla qarşılaşmışdı. Ancaq, Pezeşkiyanı dəstəkləyən islahatçı qüvvələr arasında da türk dilində təhsil kimi tələbləri bölücülük və pan-türkizm təbliğatı olaraq dəyərləndirən qüvvələr mövcuddur.

Rza Talibinin sözlərinə görə, “Pezeşkiyan üzərində bir basqı da islahatçılar arasında olan İranşəhri (İran milliyyətçisi) qüvvələri tərəfindən ola bilər. Pezeşkiyanın seçki qərargahından belə səslər gəlirdi ki, biz kampaniyanın içərisində Azərbaycan hərəkatından olan və ya onların dediyi kimi türkçü olan kəsimləri seçkilər bitənə qədər təhəmmül edib və ondan sonra bir kənara atacağıq. Pezeşkiyanda bunları kontrol etmək və balans qurma gücü var mı, bunu gələcək günlərdə görəcəyik”.

Jurnalist Pezeşkiyan dönəmində İranın Türkiyə və Azərbaycan ilə münasibətlərinin hansı yöndə irəliləyəcyinə dair də öz düşüncələrini anladıb.

Onun sözlərinə görə, “Türkiyədə seçki kampaniyası günlərində Pezeşkiyana türk aday (namizəd) demələri və bu şəkildə məsələni ələ almaları çox önəmli idi. Təbii ki, dövlət ərkanında da bunun təsirini gördük. Rəcəp Tayyip Ərdoğan ilə Pezeşkiyanın danışığı da bunun üzərində idi və daha çox dostluq və yaxınlaşmaq işarəsi verildi. Bunun da haradan qaynaqlandığı bəlli idi. Azərbaycanda da İlham Əliyevin münasibəti bu yöndəydi. Məsələyə diqqət yetirən ilk prezidentlər olmaları da göstərir ki, Azərbaycan və Türkiyə prosesləri yaxından izləyirlər. Onlar da Pezeşkiyanın həm danışığını, həm keçmişini həm də mövqeyini münasibətlərin yaxınlaşmasında pozitiv və avantaj görürlər. Pezeşkiyanın da içəridə nüvə anlaşması və qonşu ölkələr ilə daha yaxın münasibət qurmaq yönündə mesajları var idi. Özəlliklə onun türk olmasının çox dərin təsiri olmasa da, həm Azərbaycan və Türkiyə həm də digər ölkələr, o cümlədən ərəb ölkələrlə münasibətlərdə çox böyük rol oynayacaq”.

 





15.07.2024    çap et  çap et