Arxada qalan illərdə ölkə daxilində də, beynəlxalq təşkilatlar çərçivəsində dövlətimiz və millətimiz üçün faydalı olan işləri güçümüz çərçivəsində görməyə çalışdıq.
İndi qarşıda yeni üfüqlər açılır.
Başlanmış və davam etdirlməli vacib işlərlə yanaşı, bir silsilə yeni layihələr və niyyətlər vardır.
Arxada qalan illərdə toplanmış zəngin parlament təcrübəsi və beynəlxalq praktika bu işdə çox köməyimizə gələ bilər.
Bütün bunları nəzərə alaraq VII çağırış Azərbaycan Milli Məclisinə seçkilərdə qatılmağı qət etdik.
Bitən həftənin başlanğıcında zəruri sənədləri 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinə təqdim etmişdim.
İyulun 20-də Dairə Seçki Komissiyasının iclası keçirildi, mənim və daha bir namizədin iştirak etdiyi iclasda sənədlərimizin tələblərə uyğun olduğu təsdiqləndi, namizədliyimiz rəsmən qeydə alındı və bizə imza vərqələri verildi.
Əvvəlki seçkilərlə müqayisədə 63 saylı Seçki Dairəsinin yalnız nömrəsi deyil, dislokasiyasında da dəyişikliklər var.
Hacıqabul rayonu ərazisindəki məntəqələimiz əvvəlki kimi qalsa da, Kürdəmir rayonu ərazisindəki məntəqələrimizdə əvəzlənmələr olub.
İndiki mərhələdə ilk dəfə olaraq Sığırlı, Ərəbqubalı, Çölqubalı, Məhərrəmli kəndləri də bu Seçki Dairəsinə əlavə edilib.
Açığı, bu məni çox sevindirdi.
Çünki həmin kəndlərin hər biri mənə çox əzizdir və orda xeyli qohum-əqrəbamız yaşayır. Üstəlik, həmin kəndlərin də hər birinin özünə xas xeyli qayğıları var.
indi onlara daha yaxın olmaq, daha tez-tez təmasa girmək və imkan dairəsində kömək göstərmək imkanım artacaq.
İş ondadır ki, bu sadaladığım kəndlər əvvəllər də qarışıq Seçki Dairələrinə düşüb.
Qarışıq Seçki Dairələrinin isə bir xüsusiyyəti var ki, hər rayonun əsas deputatı olduğundan müxtəlif rayonlardan götürülərək bir Seçki Dairəsində birləşdirilən kəndlər sanki birbaşa diqqət dairəsindən kənarda qalır. Odur ki, qəlbimə yaxın, ilk uşaqlıq illərimdən bağlı olduğum kəndlərlə mütəmadi rabitə saxlamaq, onlara kömək etməkçün indi daha artıq meydan qazanıram.
Ancaq əvvəlki seçkilərdə mənim dairəmdə olmuş və Kürdəmirə aid Muğanlı, Karrar, Ərşəli və digər kəndlər də qabaqkı kimi lazım bildikləri hər məsələ ilə əlaqədar mənə yaza, ya birbaşa müraciət edə bilərlər. Həmişə onlarlayam.
Milli Məclisə seçkilər ümummilli mənası olan, dövlət və xalq həyatının həssas məsələsidir.
Dövlətimiz və Millətimiz üçün uğurlu olmasını arzulayıram!