Vaxt.Az

Donmaqdan qoruyan bakteriyalar


 

“Soyuqda yaşaya bilməyən” heyvanların sirri açılıb

Donmaqdan qoruyan bakteriyalar Məlum olub ki, Antarktidadakı bəzi dəniz qurdları dondurucu soyuqda sağ qalmaq üçün bakteriyalardan kömək alır. Məlumdur ki, bəzi canlılar, məsələn, buz balıqları, soyuq sularda donmamağa kömək edən müəyyən zülallar istehsal edirlər. Digər tərəfdən mayelərə qoyulan antifriz kimi təsir yaradan bu xüsusiyyəti olmayan canlılar da Antarktika sularında yaşaya bilirlər.

Bunun necə mümkün olduğunu öyrənmək üçün tədqiqatçılar dəniz qurdlarının bəzi növlərini araşdırıblar.

Ross dənizi sahili boyunca çöküntü nümunələri toplayan tədqiqatçılar dəniz qurdlarının üç fərqli növünü tapıblar. İkisi cəsədlərlə qidalanan, biri isə yırtıcı olan bu qurdlar təkbaşına yaşaya bilməyəcək qədər soyuq sularda yaşayırlar.

“Science Advances” jurnalında dərc olunan araşdırmada qurdları kəsib daxilinə baxan elm adamları iki bakteriya aşkar ediblər.

Bu bakteriyalar, “Meiothermus silvanus” və “Anoxybacillus flavithermus”, prolin və qlikol istehsal edir. Mayelərin donmasının qarşısını alan antifriz kimi təsirə malik olan bu iki kimyəvi maddə hüceyrənin donmasının qarşısını alır.

Tədqiqatçılar analizlər nəticəsində bu bakteriyalarla dəniz qurdları arasında simbiotik əlaqənin qurulduğunu müəyyən ediblər. Qurdlar bakteriyalara yaşayış yeri verdiyi üçün qarşılığında donmaqdan xilas olur.

Alimlər bu əlaqənin uzun müddətdir davam etdiyini və qurdların bakteriyaları nəsildən-nəslə ötürdüyünü düşünürlər. Ancaq bunu təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac var.

Tapıntılar hüceyrələrin dondurucu temperaturda canlı saxlanıldığı in vitro mayalanmada istifadə edilən kriokonservasiya üçün mühüm təsir göstərə bilər.

Antarktidada temperatur artdıqca bu, dəniz canlılarının qorunması səylərinə də töhfə verə bilər. Burada yaşayan canlıların uyğunlaşmalarını başa düşmək onların nəslinin tükənməsinin qarşısını almaq üçün daha təsirli üsulların işlənib hazırlanmasında vacibdir.

 





22.07.2024    çap et  çap et