Araşdırmada İŞİD-H tərəfindən oktyabr ayından bu yana həyata keçirilən 27 qarşısı alınmış hücum planları araşdırılıb. Bu hadisələrdə iştirak edən 58 şübhəlidən 38-nin 13-19 yaş arasında olduğu üzə çıxıb.
Araşdırmaya görə, gənclərin çoxu təşkilata xüsusilə TikTok kimi sosial media platformaları vasitəsilə aparılan təbliğatla cəlb edilir.
Çinin “ByteDance” şirkətinə məxsus TikTok-un verdiyi açıqlamada aşağıdakı ifadələr yer alıb: “Biz zorakı ekstremist postlara qarşı qətiyyətlə mübarizə aparırıq. Terrorizmin təbliği ilə bağlı siyasətlərimizi pozduğu aşkar edilən məzmunun 98 faizini bu barədə bizə bildirilməzdən əvvəl silirik”.
Avropa təhlükəsizlik rəsmiləri də London Kral Kollecindən Peter Neumannın paylaşdığı məlumatları təsdiqləyib.
Neumann, Europolun son məlumatlarının “2022-ci ildən bəri həyata keçirilən və planlaşdırılan hücumların sayının 4 dəfə artdığını” göstərməsinə diqqət çəkib.
Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, bu yüksəlişi nəzərə alaraq, İŞİD-H-nin onlayn rejimdə yeni üzvləri cəlb etmə fəaliyyətləri cümə günü Fransanın paytaxtı Parisdə başlayacaq olimpiya yarışları üçün də risk yaradır.
CNN-in təhlilində İŞİD-H-nin xüsusilə Türkiyədə təsirini artırdığı da irəli sürülüb. Milli Kəşfiyyat Təşkilatına (MİT) istinadən paylaşılan məlumatlara görə, 2023-cü ildə keçirilən 122 əməliyyatda təşkilata bağlı 426 nəfər saxlanılıb.
Xəbərdə keçən həftə İstanbulda İŞİD-H ilə bağlı məhkəmə işi də var idi. İş üzrə 13 nəfər təşkilata üzv olmaq ittihamı ilə 6 ildən 10 ilədək azadlıqdan məhrum edilib, üç təqsirləndirilən şəxs isə bəraət alıb.
İŞİD-H-nin əməliyyatları üçün Türkiyədən “tranzit şəbəkəsi kimi istifadə etdiyi” iddia edilən təhlildə təşkilatın 28 yanvarda Sarıyerdəki Santa Mariya kilsəsində həyata keçirdiyi hücum da xatırladılıb.
Bir nəfərin həyatını itirdiyi hadisədən sonra Türkiyədə İŞİD-ə qarşı ardıcıl əməliyyatların aparıldığı və çoxlu sayda adamın saxlanıldığı vurğulanıb.
İŞİD martın 22-də Rusiyanın paytaxtı Moskvada törədilən hücuma görə də məsuliyyəti öz üzərinə götürüb. Ən azı 145 nəfərin öldüyü, 500 nəfərin yaralandığı hadisədə Rusiyanın daxili təhlükəsizlik qurumu FSB 4-ü Tacikistan vətəndaşı olmaqla 12 nəfərin ələ keçirildiyini açıqlayıb. Şübhəlilərdən ikisinin hücumdan əvvəl Türkiyədən Rusiyaya getdiyi iddia edilib.