***
Xilasetmə əməliyyatından sonra Hərbi Hava Qüvvələrinin şəxsi heyətini uğurlarına görə təbrik edən Kim, helikopterlərin yarım gündən bir qədər çox müddətdə sel zonalarından bu qədər çox insanı xilas etməsini “inanılmaz” adlandırıb. Sinuiju şəhəri və Uiju bölgəsindəki daşqınların çox ciddi zərər verdiyini bildirən Kim, insanların həyatını və əmlak təhlükəsizliyini qorumağın prioritet olduğunu bildirib. Dövlət orqanlarının qida, dərman və gündəlik ehtiyaclar da daxil olmaqla, təbii fəlakət qurbanlarına hər cür dəstəyi verməli olduğunu vurğulayan dövlət başçısı, mümkün yeni fəlakətlərin qarşısını almaq üçün sürətli addımlar atmağı əmr edib.
***
Şiddətli yağış, daşqın və tayfun kimi fəlakətlərə qarşı tədbir görülməsinin vacibliyini dəfələrlə vurğuladığını söyləyən Kim Çen In, “Bu cür ciddi tədbirlərlə bağlı məsuliyyətsizliklər barədə əvvəllər dəfələrlə səlahiyyətlilərə xəbərdarlıq etmişəm”, – deyib. Son günlərdə yağan şiddətli yağışların fəlakətdən əvvəl proqnozlaşdırıldığını ifadə edən dövlət başçısı, “Ancaq təbii fəlakətlərin yaratdığı fəsadların qarşısının alınması üçün işlərə hələ lazımi əhəmiyyət verilməyib. Mühüm vəzifələrdə çalışan məmurların tənbəlliyi, şəxsi maraqları çox ciddi həddə çatıb”, – deyib.
Milli Fövqəladə Hallara Müdaxilə Komitələrinin əyalət əsasında fəaliyyət göstərdiyini, lakin bu fəaliyyətlərin yalnız nəzəri olaraq qaldığını bildirən Kim Çen In, fəlakətlə mübarizə qurumlarının ordunun xilasetmə əməliyyatından asılılığını tənqid edib. Xalqın həyat və təhlükəsizliyini tam təmin etmək üçün məsuliyyət daşıyan ictimai təhlükəsizlik orqanlarının “səhlənkar davrandığını” deyən ölkə başçısı, səlahiyyətlilərə lazımi tədbirlərin görülməsini tapşırıb.