Vaxt.Az

Fransa “Telegram”ın rəhbərini həbs edib


 

Şəxsi təyyarəsi ilə Azərbaycandan Parisə uçan Durov hava limanında saxlanılıb

Fransa “Telegram”ın rəhbərini həbs edib Fransanın TF1 və BFM telekanallarının anonim mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, “Telegram” mesajlaşma proqramının qurucusu və baş direktoru Pavel Durov dünən (avqustun 24-də) Fransanın paytaxtı Paris yaxınlığındakı Le Burje hava limanında həbs edilib.

TF1 öz internet saytında Durovun şəxsi təyyarəsi ilə səyahət etdiyini və Fransada axtarış qərarı olduğunu bildirib.

Kanallar bildirdilər ki, araşdırma “Telegram”da moderatorların olmamasına yönəlib və polis bunun mesajlaşma proqramında cinayət fəaliyyətinin yoxlanılmadan davam etməsinə imkan verdiyinə inanır.

“Telegram” rəsmiləri “Reuters”in sorğusuna dərhal cavab verməyib. Fransa Daxili İşlər Nazirliyi və polisindən də heç bir açıqlama verilməyib.

TF1 Durovun Azərbaycandan getdiyini və saat 20:00 (GMT 18:00) radələrində həbs edildiyini bildirib.

Rusiya əsilli Durov Dubayda yerləşən “Telegram” tətbiqini təsis edib. Durov 2014-cü ildə satdığı sosial media platforması VK-da müxalifət qruplarının bağlanması tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra Rusiyanı tərk edib.

“Forbes” jurnalı tərəfindən sərvəti 15,5 milyard dollar olaraq qiymətləndirilən Durov bəzi hökumətlərin ona təzyiq göstərməyə çalışdığını, lakin hazırda 900 milyon aktiv istifadəçisi olan proqramın geosiyasi vəziyyətdə “neytral platforma” qaldığını söyləyib”.

 





25.08.2024    çap et  çap et