Vaxt.Az

Cənubi Koreya “anti-drone sistem” qurur


 

Şimali Koreyanın pilotsuz uçuş aparatlarının təhdidlərinə qarşı hazırlıq görülür

Cənubi Koreya “anti-drone sistem” qurur Cənubi Koreya ordusunun Şimali Koreyadan gələn pilotsuz uçuş aparatlarının (PUA) təhdidlərinə qarşı ölkənin bir çox yerində inteqrasiya olunmuş “anti-drone sistemi” yerləşdirdiyi bildirilir.

“Yonhap”ın məlumatına görə, Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib ki, “Anti-drone sistemi Şimali Koreyanın kiçik pilotsuz uçuş aparatlarının yaratdığı təhdidlərə cavab vermək üçün əsas yerlərdə yerləşdirilib”.

Radar və siqnal bloklayan da daxil olmaqla müxtəlif avadanlıqlardan ibarət pilotsuz uçuş əleyhinə sistem PUA-larıı aşkar etmək, izləmək və vurmaq qabiliyyətinə malikdir.

Cənubi Koreyanın bu addımı 2022-ci ilin dekabrında Şimali Koreyaya məxsus 5 pilotsuz uçuş aparatının sərhədi keçməsindən və onlardan birinin paytaxt Seula daxil olmasından sonra atılıb.

Ordunun Şimali Koreyanın heç bir pilotsuz uçuş aparatının qarşısını ala bilməməsi onun bu sahədəki hazırlığı ilə bağlı suallar yaradıb.

Cənubi Koreya administrasiyası 2022-ci ilin dekabrında baş verən hadisədən sonra pilotsuz uçuş aparatlarına müdaxilə etmək qabiliyyətini gücləndirməyi sürətləndirdi. Şimali Koreya da son vaxtlar pilotsuz uçuş aparatlarının imkanlarını inkişaf etdirməyə çalışır.

Şimali Koreya lideri Kim Çen In avqustun 26-da yeni hazırlanmış pilotsuz təyyarələrin performans testini izləyib və daha çox kamikadze pilotsuz təyyarələrin istehsalına çağırıb.

 





06.09.2024    çap et  çap et