Rumıniyanın şərqində güclü yağış və fırtına nəticəsində meydana gələn daşqınlarda 4 nəfər həyatını itirib.
Ölkənin Təcili Yardım Departamentindən verilən açıqlamada Qalati və Vaslui qəsəbələrində baş verən sel səbəbiylə 4 cəsədin tapıldığı, yüzlərlə insanın təxliyə edildiyi bildirilib. Açıqlamada Qalatıda sel nəticəsində təxminən 5 min evin zərər gördüyü, ölkə daxilində 19 qəsəbənin yağış və fırtınanın təsirinə məruz qaldığı, çoxlu ağacın aşdığı və nəqliyyatın hərəkətində fasilələrin yaşandığı bildirilib.
Açıqlamada, axtarış-xilasetmə işlərinə helikopterlərin də daxil edildiyi bildirilib.
Rumıniyanın Ətraf Mühit Naziri Mirça Feçet “Associated Pressə” verdiyi açıqlamada ölkədə nadir görülən fəlakətdə hər kvadrat metrə 160 kubmetr yağış yağdığını bildirib: “İndi edə biləcəyimiz tək şey daha çox insanı xilas etməkdir”.
Rumıniya prezidenti Klaus İohannis də həyatını itirənlərin yaxınlarına başsağlığı verib və “Avropada artan iqlim dəyişikliyinin insanlar üzərindəki dramatik nəticələri ilə yenidən üz-üzəyik”, – deyib.
Şiddətli yağışların digər Avropa ölkələrində də fəlakətə səbəb olması barədə xəbərlər gəlir.