Vaxt.Az

Ozon qatı “sağalır”


 

Dünya Meteorologiya Təşkilatından şad xəbər

Ozon qatı “sağalır” Dünya Meteorologiya Təşkilatı (WMO) mövcud siyasətlər sayəsində ozon təbəqəsinin uzunmüddətli bərpa yoluna keçdiyini bildirdi.

WMO hər il sentyabrın 16-da qeyd olunan “Beynəlxalq Ozon qatının mühafizəsi günü” münasibətilə ozon təbəqəsinin vəziyyəti ilə bağlı hesabat dərc edib. Hesabatda ozon təbəqəsinin mühafizəsi istiqamətində aparılan mövcud siyasət nəticəsində təbəqənin uzunmüddətli bərpa yoluna keçdiyi bildirilib.

Xlor və brom kimi bəzi maddələrin ozon təbəqəsini məhv edərək zərər verdiyi bildirilən hesabatda bu maddələrin istifadəsinin aradan qaldırılmasının iqlimə faydaları diqqətə çatdırılıb.

Hesabatda vurğulanıb ki, bu mövzuda mövcud siyasətlər davam etdirilərsə, ozon təbəqəsinin 2066-cı ilə qədər Antarktidada, 2045-ci ilə qədər Arktikada və dünyanın qalan hissəsində 2040-cı ilə qədər 1980-ci ildən əvvəlki səviyyəyə çatacağı gözlənilir.

2022-ci ildə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və WMO tərəfindən dəstəklənən elmi qiymətləndirməyə əsasən, Antarktidadakı ozon dəliyi 2000-ci ildən başlayaraq tədricən sahədə və dərinlikdə yaxşılaşır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş “Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü” münasibəti ilə verdiyi yazılı açıqlamada bir vaxtlar “xəstə” olan ozon təbəqəsinin sağalma yolunda olduğunu bildirib və əlavə edib ki, “çoxtərəfliliyin ciddi təzyiq altında olduğu bir vaxtda ozon təbəqəsinin qorunmasına ehtiyac var”. Baş katib təbəqəni Monreal Protokolunu güclü “ümid simvolu” kimi xarakterizə edib.

Ölkələrin ümumi mənafe üçün siyasi əzmkarlığının dəyişikliyin mümkün olduğunu göstərdiyini ifadə edən Quterreş, ozon təbəqəsini məhv edən müxtəlif maddələrin istehsalını və istehlakını mərhələli şəkildə dayandırmaq üçün dünyanı bir araya gətirən protokolun iqtisadi itkilərin qarşısının alınması, insan sağlamlığı və həyatın qorunmasına da töhfə verdiyini qeyd etdi.

 





17.09.2024    çap et  çap et