Vaxt.Az

“Məğlubedilməz şeytanı” məğlub oldu


 

“Satan II” havada partlayıb

“Məğlubedilməz şeytanı” məğlub oldu “Bir neçə dəqiqə ərzində Avropanı vuracağıq” təhdidləri ilə tez-tez gündəmə gələn və Putinin “məğlubedilməz” olaraq xarakterizə etdiyi Rusiyanın “Satan II” raketləri son sınaqlarda uğursuzluğa düçar olub.

Bildirilib ki, Rusiya prezidenti Vladimir Putinin “məğlubedilməz” adlandırdığı “Satan II” adlı qitələrarası ballistik raket havada partlayıb.

Qərbdə “Şeytan” kimi tanınan nüvə başlığı daşıya bilən raketlər 18 min kilometr uzaqlıqdakı hədəfi vura bilmələri ilə diqqət çəkir. Həmçinin “Şeytan II” raketlərinin dünyanın ən uzun mənzilli qitələrarası ballistik raketləri olduğu iddia edilir.

Rusiya rəsmiləri İngiltərə və Fransanı vura biləcək mənzilə malik bu raketlərlə Qərbi tez-tez təhdid edərək, Ukraynaya dəstək verən Avropa ölkələrinin şəhərlərini dəqiqələr ərzində vura biləcəklərini iddia edirlər.

Britaniyanın “The Times” qəzeti peyk məlumatlarına görə, əsl adı “RS-28 Sarmat” olan raketin son sınaqlarda uğursuzluğa düçar olduğunu yazıb. “Maxar Technologies” şirkətinin peyk görüntülərində təcrübənin aparıldığı ərazidə böyük bir kraterin əmələ gəlməsi diqqət çəkib.

Hərbi analitiklər həmçinin 2022-ci ildə uğurlu sınaqdan sonra raketin bir sıra uğursuzluqlar yaşadığını bildiriblər.

Rusiyanın nüvə enerjisi üzrə ekspert Pavel Podviq bəyan edib ki, bütün göstəricilər Arktika bölgəsindən Kamçatkaya atılan raketin uğursuz olduğunu göstərir.

 





24.09.2024    çap et  çap et