Vaxt.Az

Yaşıllar yarpaq tökür


 

Hakim koalisiya partiyasında kütləvi istefalar

Yaşıllar yarpaq tökür Almaniyada hökumət tərəfdaşı olan Yaşıllar Partiyasının rəhbərliyi ölkənin şərqində keçirilən dövlət şurası seçkilərində uğursuz nəticələrdən sonra kollektiv şəkildə istefa vermək qərarına gəlib.

Yaşıllar Partiyasının həmsədrləri Omid Nuripur və Rikarda Lanq Berlində istefa qərarı ilə bağlı mətbuat konfransı keçiriblər.

Yaşıllar Partiyasının böhran içində olduğuna diqqət çəkən Lanq, “bu böhrandan çıxmaq üçün yeni simalar lazımdır”, – deyib.

Partiya rəhbərliyinin kollektiv şəkildə istefaya qərar verdiyini və noyabrda Visbadendə keçiriləcək partiya qurultayında vəzifəni təhvil verəcəklərini deyən Lanq, “İndi öz kreslosundan yapışmağın vaxtı deyil. İndi yeni bir başlanğıc təmin edərək bu məsuliyyəti öz üzərimizə götürməyin tam zamanıdır”, – deyib.

Partiyanın digər həmsədri, İran əsilli Nuripur da bildirib ki, rəhbərlik olaraq bir neçə gündür ki, partiyada dəyişikliyə ehtiyac olub-olmaması ilə bağlı intensiv müzakirələr aparırlar.

“Biz yeni bir başlanğıca ehtiyacımız olduğu qənaətinə gəldik”, – Nuripur deyib.

Ölkənin şərq əyalətlərindəki Brandenburqda seçkinin nəticəsinin partiyanın dərin böhran içində olduğunu göstərdiyini bildirən Nuripur bu böhranı aradan qaldırmağın mümkün olduğunu bildirib. Nuripur qeyd edib ki, Visbadendə keçiriləcək baş assambleyada yeni rəhbərlik seçiləcək.

Noyabrın 15-17-də Visbadendə Yaşıllar Partiyasının ümumi yığıncağı keçiriləcək.

Almaniyanın şərqində yerləşən Türingiya, Saksoniya və Brandenburqda bu ay keçirilən əyalət şurası seçkilərində Yaşıllar Partiyası əyalət parlamentində yerlərini itirib.

Türingiya və Brandenburqda 5 faizlik baryeri keçə bilməyən və əyalət parlamentlərinə daxil ola bilməyən Yaşıllar Partiyası 5,1 faiz səslə Saksoniya əyalət parlamentinə az fərqlə daxil olub.

Yaşıllar Partiyası baş nazir Olaf Şolzun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası (SPD) və Azad Demokrat Partiyası (FDP) ilə federal səviyyədə koalisiya hökumətindədir.

 





25.09.2024    çap et  çap et