Vaxt.Az

“Azadlıq qalmayıb”


 

Çinlilər Balkanlar vasitəsilə Avropa ölkələrinə qaçır

“Azadlıq qalmayıb” Böyük Britaniyanın tanınmış qəzetlərindən olan “The Guardian” xəbər verir ki, Balkanlar üzərindən Avropaya getməyə çalışan çinlilərin sayı getdikcə artır. Xəbərdə Çin vətəndaşlarının Bosniya və Herseqovina üzərindən Avropa Birliyi (AB) ölkələrinə daxil olmaq üçün təhlükəli səfərlərə çıxdığı bildirilir.

2022-ci ildə Bosniyadan AB ölkələrinə qeyri-qanuni yollarla girməyə cəhd edərkən tutulan 14 mindən çox adamdan yalnız ikisi çinli idi. Bu rəqəm 2023-cü ildə 148-ə yüksəlib. Bosniya sərhəd polisinin məlumatına görə, onların əksəriyyəti AB üzvü Xorvatiyaya keçmək istəyərkən yaxalanan şəxslərdir. Bu ilin ilk yarısında ən azı 70 Çin vətəndaşı Bosniya üzərindən Xorvatiyaya keçməyə cəhd edərkən yaxalanıb.

İkitərəfli razılaşmaya əsasən, Xorvatiya ölkədə qalmaq hüququ olmayan insanları Bosniyaya geri göndərə bilər. 2021-ci ildə bu yolla 3 çinli Bosniya və Herseqovinaya göndərilib.

Bosniyanın çinli mühacirlər üçün cəlbedici dayanacaq olmasının səbəblərindən biri də qonşusu Serbiya kimi Çin vətəndaşlarından viza tələb etməməsidir. İmmiqrasiya prosedurlarına cavabdeh dövlət qurumu olan Bosniya və Herseqovina Xaricilər Xidmətinin sözçüsü Aleksandra Kovaçeviç, ölkənin immiqrasiya qaydalarını pozanlar arasında Çinlilərin sayının artdığına diqqət çəkib.

Sözçü deyir ki, Çin vətəndaşları, eləcə də Türkiyə vətəndaşları da qanuni yolla Bosniya ərazisinə daxil olub və daha sonra “Qərbi Avropa ölkələrinə qeyri-qanuni keçməyə” cəhd ediblər.

Mançester Universitetindən David Stroup, Pekinin pandemiyaya ciddi nəzarətinin və iqtisadiyyatın mənfi gedişatının bu yeni miqrasiya dalğasına səbəb olduğunu iddia edib: “Pandemiya karantini normal həyatlarını yaşayan adi insanların birdən ciddi dövlət nəzarəti altına düşə və ya özbaşına təcrid və ya həbsə məruz qala biləcəyi hissi yaradıb”.

“The Guardian” ölkədəki sosial mediada Çini tərk etmək planlarının “runxue” (qaçma fəlsəfəsi) kimi xatırlandığına diqqət çəkərək, bəzi çinlilərin tələbə və ya iş vizası ilə xarici ölkələrə köçdüyünü, Banqkok, Tokio və Amsterdam kimi şəhərlərində yeni diaspor icmaları formalaşmışdırdığını yazıb.

Bu ilin ilk 8 ayında 569 Çin vətəndaşı Almaniyadan sığınacaq üçün müraciət edib. Bu rəqəm 2022-ci ildəki ümumi rəqəmdən iki dəfə çoxdur. Hollandiyada keçən il 409 çinli sığınacaq üçün müraciət edib, hansı ki, 2022-ci ildə bu rəqəm 151 idi.

Qəzetə müsahibə verən və adı Jang olaraq dəyişdirilən çinli şəxs əvvəlcə ABŞ-a getməyi planlaşdırdığını və bunun üçün Sinqapur-İspaniya-Ekvador marşrutu üzərində qərar verdiyini deyib. Bununla belə, Jang səlahiyyətlilərin Sinqapurda Madridə uçan təyyarəyə minməsinə mane olduğunu və ona “İspan hökumətinin ölkəyə daxil olmasına icazə vermədiyini” dediyini bildirib.

Bunun üzərinə 10 yaşlı oğlu və 7 yaşlı qızı ilə təyyarəyə minərək Serbiyaya, oradan da Bosniyaya getdiyini söyləyən Jang, Xorvatiyaya girmək istəyərkən 4 dəfə polisə yaxalandığını bildirib. Çində diktatura mühiti olduğunu iddia edən Janq deyib: “Onlar insanların ifadə azadlığını hədsiz dərəcədə məhdudlaşdırırlar və bu, mənim iqtisadi vəziyyətdən daha çox qəbul edə bilməyəcəyim şeydir”.

Adı Cinq olaraq dəyişdirilən Çin vətəndaşı 6-7 dəfə Sarayevodan Xorvatiyaya girməyə cəhd etdiyini deyir. Daha sonra təslim olduğunu və Bosniyada sığınacaq üçün müraciət etdiyini bildirən Cinq, “bundan bir şey çıxacağını düşünmürəm” deyib. O deyib ki, “X” (Twitter) səhifəsində hökumət əleyhinə yazdığı şərhlərə görə 8 aylıq həbs cəzasını başa vurduqdan sonra Çindən qaçıb.

***

Digər tərəfdən, son illərdə cənub sərhədindən ABŞ-a keçməyə çalışan çinlilərin sayında artım müşahidə olunur. Rəsmi rəqəmlərə görə, 2023-cü ilin noyabrından 2024-cü ilin aprelinə qədər 24 min 367 çinli Meksika sərhədindən ABŞ-a girməyə cəhd edərkən yaxalanıb.

Bir çox immiqrant ABŞ-a çatmaq üçün Cənubi Amerika və Mərkəzi Amerikanı Panamadan Kolumbiyaya birləşdirən təhlükəli “Darien Gap”ı keçib getməyə çalışır. Ekvadora vizasız girə bilən çinlilər də bu yolu yoxlayırlar. Bununla belə, Ekvador Pekin administrasiyası ilə vizasız giriş razılaşmasını iyun ayında Çindən gələnlərin sayındakı “həyəcanverici artım” səbəbindən dayandırıb.

 





25.09.2024    çap et  çap et