Şimali Koreyanın Rusiyaya göndərdiyi əsgərlərin ölkənin qərbinə gəldiyinə dair xəbərlər aldıqlarını qeyd edən Sinq, ABŞ-ın bu vəziyyətdən “olduqca narahat olduğunu” bildirib: “Biz inanırıq ki, Şimali Koreya Rusiyanın şərqinə təlim keçmək üçün ümumilikdə 10 minə yaxın əsgər göndərib və bu əsgərlər yaxın bir neçə həftə ərzində Ukrayna yaxınlığındakı Rusiya qüvvələrini gücləndirəcək”.
Sözügedən əsgərlərin Rusiyanın Kursk bölgəsinə gəldiyini təsdiqləməkdən yayınan Sinq, “Onların Kurska doğru hərəkət etməsi mümkündür. Amma hələlik daha ətraflı məlumatım yoxdur”, – deyib.
***
Cənubi Koreya prezidenti Yun Suk Yol (Yoon Suk Yeol) Nazirlər Kabinetinin iclasında çıxış edərək, sözügedən hadisələri ölkəsinə təhlükə kimi qiymətləndirib: “Rusiya və Şimali Koreya arasında bu qeyri-qanuni hərbi əməkdaşlıq beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli təhlükəsizlik təhdididir”.
Hər kəsi ayıq-sayıq olmağa çağıran Yun, “Bütün imkanları hərtərəfli dəyərləndirməli və əks tədbirlər hazırlamalıyıq”, – deyib.
***
Rusiya prezidenti Vladimir Putin iyun ayında Şimali Koreyaya rəsmi səfər edib və tərəflər arasında “hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalanıb.
Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 25-də verdiyi açıqlamada Rusiyanın 27-28 oktyabr tarixlərində Şimali Koreya əsgərlərini ilk döyüş bölgələrinə yerləşdirəcəyini öyrəndiklərini açıqlayıb.
Eyni gün Ağ Evdən verilən açıqlamada Ukraynaya qarşı döyüşmək üçün 3 mindən çox əsgərin Rusiyaya gətirildiyi və bu əsgərlərin bir hissəsinin Kursk bölgəsinə yerləşdirildiyi açıqlanıb.