«Əvvəla bu vaxt aralığında
ultrabənövşəyi şüaların neqativ təsiri, digər tərəfdən günəş şüalarının təsiri
nəticəsində bədəndə istilik tənzimi pozulması baş verir ki, bu saat aralığında
insanlar daha diqqətli olmalıdırlar. Hətta çimərliklərdə, istirahət
məkanlarında dincələn insanlar da bu saat aralığını - 12:00-16:00 diqqətə
almalıdırlar. Əsasən günəş şüasından daldalanmış bir məkanda istirahətə
üstünlük verməlidirlər.
İkinci diqqət olunması bir məqam da saçı seyrək olan insanlara aiddir ki, onlar
daha çox həssas yanaşmalıdırlar. Belə ki, həmin şəxslər günəş şüalarından
qorunmaq üçün müəyyən ventilyasiyalı baş örtüklərindən istifadə etsələr daha
məqsədə uyğun olar. Digər məsələ isə ondan ibarətdir ki, əgər qapalı bir yerdə
hansı ki, günəş şüası oraya düşməsə də, məkanın özü istidir, bu zaman orada
olan insanlara istivurma baş verə bilər. Belə ki, insan uzun müddət yüksək
temperaturda qaldıqda, yenə də bədənin istilik tənzimi pozulur və bu zaman
istivurma halı qeydə alınır. İstivurma və günvurmanın klinikaları bir-birinə
yaxındır. Yəni bu zaman arterial qan təzyiqi düşməsi, xəstəni soyuq tər basması,
hətta bayılmalar da yaşanır. Bu halda xəstə, dərhal zərər çəkdiyi məkandan
uzaqlaşdırılmalı, daha sərin bir məkana aparılmalıdır. Bu, həkimə qədər ki
ilkin tibbi yardımın ən mühüm elementidir. Bundan sonra xəstənin alnına,
bədənin müxtəlif yerlərinə buz qoyulur. Həkimə qədər olan tibbi yardım bəzən
həkim yardımından da önəmli olduğu üçün bu tədbirləri daim yadda saxlamaq
lazımdır ki, nəticəyə müsbət təsir göstərmək olsun» deyə həkim, professor Adil
Qeybulla məlumat verib.
Qeyd edək ki, Bakı şəhər təcili tibbi yardım stansiyasından verilən məlumata əsasən may ayından bu günə qədər 12 nəfər günvurmadan xəstəxanaya müraciət edib.