Baş nazirin müavininin fikrincə, Azərbaycana qarşı qətnamə qəbul etmək Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil: «Avropa Parlamentinin, əsasən, 3 səlahiyyəti var - Avropa İttifaqına dair qanunlar qəbul etmək, qanunların icrasına nəzarət etmək və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək. Avropa Parlamentinin Azərbaycanla bağlı belə qətnamə qəbul etməsi onun səlahiyyətlərinə daxil deyil. Avropanın Azərbaycana qarşı qısqanclığının artdığını bilirdlik. Azərbaycanın Avropa Oyunlarını uğurla keçirməsindən sonra belə hərəkətlərin artmasını görürdük. Bu, qısqanclığın, paxıllığın və erməni diasporunun və maliyyəsinin təsirinin nəticəsidir».
Baş nazirin müavini deyib ki, Ermənistan Azərbaycanın əldə etdiyi uğurlardan, ordumuzun son təlimlərindən qorxuya düşüb: «Azərbaycanın 20 faiz torpağı işğal edilib, bir milyon insan qaçqın və köçkün düşüb. Ay korrupsiyaya uğramış Avropa Parlamenti, bəs buna niyə münasibət bildirmirsən?! Hardasan ay erməniyə, onun puluna satılmış Avropa Parlamenti?!»
Ə.Həsənovun sözlərinə görə, baxmayaraq ki, Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib, onlarla işləmək lazımdır: «Mən onları Azərbaycana dəvət edirəm. Qoy gəlib hər şeyi öz gözləri ilə görsünlər».
Qeyd edək ki, tədbirdə Ermənistanın işğalı altında olan rayonların icra hakimiyyəti başçıları və həmin bölgələrdən seçilmiş millət vəkilləri iştirak edib.