Komanda.az xəbər verir ki, Abışov qarşılaşmayla bağlı bunları deyib:
- Asan qələbə qazandığımızı demək olmaz. Üç oyunluq heç-heçədən
sonra 3 xal qazanmaq vacib idi. «Qarabağ»la «Qəbələ»nin qələbəsi də bizi vadar
edirdi ki, xal fərqini böyütməyək. Oyuna yaxşı başlamadıq. Erkən qol buraxdıq.
Əsas odu ki, nəticəni xeyrimizə dəyişə bildik.
- Erkən qol nəyin nəticəsi idi?
- Meydana rahat çıxmamışdıq. Ani diqqətsizliyin nəticəsində onlar qol vurdu.
Yaxşı ki, tez toparlanmağı bacardıq.
- Hazırkı məqamda əsas rəqibləriniz hansı komandalardı?
- Bir gün əvvəl «Qəbələ»nin və «Qarabağ»ın qalib gəlməsi bizim də 3 xal
qazanmağımıza səbəb oldu. Çünki xal fərqini artmasına imkan verməməliyik. Digər
yandan, əsas rəqiblərimiz «Zirə» və «Kəpəz»di. Amma çempionluqdan da əlimizi
üzmürük, sona qədər mübarizə aparacağıq.
- «İnter»in öz meydanında daha yaxşı oynadığını demək olarmı?
- Müəyyən səhvlərimiz var. Əsas da hücumun sonluğunu tamamlamaqda çətinlik çəkirik.
«Neftçi» ilə oyunda bu səhvlərə yol verməməliyik. Belə komandalara qarşı bu cür
səhvlərə yol vermək bağışlanmazdı. Bundan nəticə çıxarmalıyıq.
- «Neftçi»nin hazırkı durumu «İnter»in işinə yarayırmı?
- Deməzdim. «Neftçi» 1-ci dövrədəki oyunda bizə qarşı fərqli motivasiya ilə
çıxmışdı. Halbuki bizimlə oyundan əvvəl «Qəbələ»yə 0:8 hesabı ilə yenilmişdilər.
Onlar bu oyuna dönüş qarşılaşması kimi baxırlar. İndi asan matç yoxdur.
Autsayder də, lider də 90 dəqiqədə sona qədər mübarizə aparır.
- «Neftçi» 5 legioneri əvəzedici komandaya göndərdi, Tiranı komandadan qovdu...
- Bundan xəbərim yoxdur. Vacib olan öz oyunumuzdu. İlk üçlükdə olmaq istəyiriksə,
diqqətli olmalıyıq.
- Klub rəhbərliyində baş verən dəyişikliklər futbolçulara təsir edəcəkmi?
- İstəməzdik ki, Rəşad müəllim komandadan ayrılsın. Onunla söhbətimizdə
bildirdi ki, hər zaman yanınızda olacam, stadiona gəlib, dəstəyimi nümayiş
etdirəcəm.