Virtualaz.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Binəqədi rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz idman mərc və qumar oyunlarının keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən çay evinə baxış keçirilib və fakt öz təsdiqini tapıb. Qanunsuz mərc və qumar oyunları təşkil edən Təyyar Hüseynov, Ramin Musayev və Suliddin Nəsirov saxlanılıb. Həmçinin həmin obyektdə qanunsuz mərc və qumar oynayan 7 vətəndaş müəyyən edilərək barələrində qanuni tədbir görülüb.
Çay evinə baxış keçirilən zaman mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, yazılı şəkildə olan uduşlu mərc kuponları, eləcə də iş üçün maraq kəsb edən digər əşyalar aşkar edilərək götürülüb.
Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.