Vaxt.Az

«Xoşun gəlmir, taksiyə min»


 

Nəqliyyat probleminin həll yolu - polad relslər və ya keçmişə qayıdış

«Xoşun gəlmir, taksiyə min» Son vaxtlar Bakıda bir sıra sərnişin avtobuslarının hərəkət qrafikinə mütəmadi dəyişikliklər edilir, müasir standartlara cavab verən avtobusların köhnələri tədricən sıradan çıxarması ilə yeni xətlər yaradılır, bəzi xətlər ləğv edilir. Bu proseslərin hələ bir müddət davam edəcəyi qaçılmazdır.

Yay mövsümünün bitməsi, tədris mövsümünün başlaması ilə artan nəqliyyatın hərəkətini, sərnişin sıxlığını, tıxacları nəzərə alsaq, marşrut xətlərində dəyişiklikləri, bir sıra xətlərin ləğvini normal qəbul etmək, hətta alqışlamaq olar. Bundan başqa, ənənəvi pozuntulara yol verən sürücülərin aşkar olunması ilə bağlı reydlər mütəmadi aparılır. Yeni «qırmızı avtobuslar»la çoxdan gözlədiyimiz ictimai nəqliyyatda nizam-intizam artıq reallaşır. Bu avtobuslarda sürücü ilə çənə-boğaz olmağa, harada gəldi minməyə-düşməyə, konduktorla qəpik davası etməyə daha heç bir şərait yoxdur.

Bütün bunların paytaxtın mərkəzi hissəsində əzbər bildiyimiz nəqliyyat problemlərini tədricən aradan qaldıracağına inam artır. Lakin Bakıətrafı qəsəbələrdə mənzərə fərqlidir, daha doğrusu, hələ ki köhnə, tanış, «məhrəm» vəziyyətdir. Hələ də hansısa dayanacaqda 10-15 dəqiqə «yatan», sonra bu gecikmiş 10-15 dəqiqənin əvəzində avtobusu qovan sürücülərlə ənənəvi «Adam kimi sür» - «Xoşun gəlmir, taksiyə min», «Kartof daşımırsan e» dava-dalaşı, sərnişinlərlə dolu avtobusların yanacaqdoldurma məntəqələrinə soxulması davam edir...

Bakı sakinləri dar-düdük yollarla və ya səkilər boyunca farağat vəziyyətində duran parkomatlar sayəsində avtomobillərin yol qırağında saxlanmasının leqallaşdırılması ilə daha da darlaşan küçələrlə «iriçaplı» avtobuslarda yol getməkdən, sərnişinlərlə dava-qırğına çıxan sürücülərdən və ya isti havalarda müxtəlif iylərin sintezindən yaranan unikal qoxu səbəbindən əsl işgəncəyə çevrilən basabas metro vaqonlarına (Avropa Oyunları ərəfəsində gətirilən kondisionerli vaqonlar istisna) minməkdən təngə gəliblər.

Axı nə vaxta qədər bir-birimizin ağız, qoltuq, tər iyini içimizə çəkə-çəkə, bel-belə, kürək-kürəyə, ət-ətə yapışıb, göz-gözə, üz-üzə, sözün əsl mənasında tər vannası qəbul edib yol gedəcəyik?

Bu problemlərə hər mövsümdə 5-6 marşrut xəttini dəyişməklə, reyd keçirib qanacaqsız sürücüləri cərimələməklə son qoymaq mümkün olacaqmı? Müşahidələr göstərir ki, yox. Bunu əminliklə deməyə illərin bitib-tükənməyən «işgəncəli nəqliyyat təcrübəsi» əsas verir.

Bəs nə etməli? Bəlkə Bakıətrafı qəsəbələrdən mərkəzə rahat sərnişin axınını təmin etmək üçün yaxın keçmişə qədər mövcud olan elektrik qatarlarını (relsləri hələ də qalıb, hər yanından keçəndə dərindən köks ötürürük) bərpa edək?

İndi bizə yadigar qalan bu kol-kos basmış, ətrafı zir-zibillə dolu, uzun-uzadı polad relslərdir. Bir vaxtlar buradan elektrik qatarları keçirdi. Yeniləmək, fəaliyyətini daha da təkmilləşdirmək əvəzinə, ləğv etdilər. Sanki planlaşdırmışdılar: əvvəlcə qatarların sayı azaldı, sonra qatarların hərəkəti qrafikə uyğun gəlmədi, sonra da günə iki qatar qaldı - o da nə vaxt gedib-gəldiyi məlum deyildi - və bəyan etdilər ki, ləğv olunur, çünki heç kim istifadə etmir (?) Amma heç kim etiraz etmədi ki, vaxtı-vədəsi «elmə məlum olmayan» qatara kim minməlidir ki? Tramvay kimi, elektrik qatarları da tarixə qovuşdu.

Və əsəblərimizi indi də məhv edən, hələ də öhdəsindən gələ bilmədiyimiz «iriçaplı» avtobuslar canımıza daraşdı. Fəqət hələ də ümid var ki, elektrik qatarlarının tam fəaliyyəti nə vaxtsa bərpa olunacaq, çünki tramvay xətlərindən fərqli olaraq, bu relsləri hələ sökməyiblər, Bakı-Sumqayıt elektrik qatarları bərpa olunub, eləcə də planda digər xətlər üzrə Bakıətrafı qəsəbələrə hərəkət edəcək yeni qatarların istismara verilməsi gözlənilir. Son vaxtlarda dəmir yolu nəqliyyatı sahəsində aparılan uğurlu işləri də qeyd etmək yerinə düşər. Yəqin ki, daha bundan sonra söküb-dağıtmarıq, olanımızın qədrini bilərik.

Şəhərin mərkəzinə gəldikdə isə, yeni avtobusların gəlişi ilə müəyyən qədər nizam-intizam yaranıb. İndi «qarmoşkalı» avtobuslar da gözə dəyir. Belə avtobuslar ötən əsrdə Bakı küçələrində vardı və sərnişindaşımada çox effektli nəqliyyat vasitəsi idi.

Deməli, inkişaf, belə demək mümkünsə, keçmişə qayıdışdır. Və bütün bunlar ümid etməyə əsas verir ki, elektrik qatarlarımız, tramvaylarımız da bərpa olunacaq.

Lakin təkcə bu avtobuslarla mərkəzdə nəqliyyat problemini həll etmək mümkün olmayacaq. Bəlkə neçə ildir eşitdiyimiz «Bakıda tramvay xətti bərpa olunacaq» başlıqlı xəbərləri, söz-söhbəti reallığa çevirək? İndi əcnəbi şəhərlərdə olarkən müasir tramvayları görüb az qala ağzımızın suyunu axıdırıq. Belə olmamalıydı axı. Axı bütün bunlar Bakıda olanda indi sərnişindaşımada tramvay və elektrik qatarlarına üstünlük verən şəhərlərdə insanları mənzil başına yalnız avtobuslar çatdırırdı...

Metro sahəsində də yenilik və irəliləyiş var. Belə ki, yeni xətlər tikilir, stansiyalarda təmir bərpa-işləri aparılır, ötən il gətirilən yeni, müasir qatarlar bütün sərnişinlərin ürəyincədir. Amma bu da yetərli deyil. Metro vaqonlarının hamısını yeni, müasir standartlara cavab verən, kondisionerli vaqonlarla əvəzləməyin vaxtı çoxdan gəlib çatıb.

Son vaxtlar paytaxtın nəqliyyat probleminin həlli istiqamətində bir sıra tədbirlər görülür ki, bu da yaxın gələcəkdə sərnişindaşıma sahəsində çatışmazlıqların aradan qaldırılacağına, hətta tramvay və elektrik qatarlarının bərpa olunacağına ümid etməyə əsas verir.

Elə bir sərnişin tapılmaz ki, Bakı tramvaylarının, elektrik qatarlarının qayıdacağı günü səbirsizliklə gözləməsin... (trend.az)

 





02.11.2016    çap et  çap et