Vaxt.Az

Ali Məhkəmə qanunsuzluğa qarşı


 

Apellyasiya məhkəməsinin əsassız qərarı bir daha ləğv edildi

Ali Məhkəmə qanunsuzluğa qarşı Absurd 1 faizlik nağdlaşdırma vergisinin qanunsuzluğunun tanınması uğrunda apardığım mübarizə barədə dəfələrlə yazmışam. Buna (tutulan verginin qaytarılması üzrə Vergilər Nazirliyinə qarşı iddiaya) ötən ilin əvvəlindən başlamışam. Xatırladıram ki, ötən il 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, ardınca isə Bakı Apellyasiya Məhkəməsi iddiamı mümkünsüz hesab etmişdi. Lakin Ali Məhkəmə (hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə) mümkünsüzlük haqda qərardadı ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdı. Sonuncu isə işi yenidən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdi.

Bu ilin mart ayında isə həmin məhkəmənin hakimi Şərafət Məmmədova iddiamı təmin etmiş və sözügedən vergini qanunsuz hesab edərək qaytarılması haqda qərar qəbul etmişdi (bu barədə “Nağdlaşdırma vergisi qanunsuzdur” başlıqlı məqaləmdə yazmışdım).

Gözlənildiyi kimi, Vergilər Nazirliyi qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi isə şikayətə mahiyyəti üzrə baxmaq əvəzinə iddianı yenidən mümkünsüz hesab etmişdi. Lakin bu günlərdə Ali Məhkəmə hakim Sevda Hüseynovanın sədrliyi ilə mümkünsüzlük qərardadını ləğv etmiş və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdır. Beləliklə, mübarizə yenə davam edir və Vergilər Nazirliyi xeyrimə çıxarılmış qərarı mahiyyəti üzrə mübahisələndirməyə məcburdur.

Bu işdə Ali Məhkəmənin rolunu xüsusilə qeyd etmək istəyirəm. İkinci dəfədir ki, bu iddianın mümkünsüz hesab edilməsinin qarşısını alır və bununla da hüquq sistemimizdə qanunsuz ənənənin yaranmasına mane olur. Ölkə tariximizdə verginin özünün qanunsuzluğu uğrunda mübarizə təcrübəsi indiyədək olmayıb. Bu ilkdir. Vətəndaşın verginin qanunsuzluğu uğrunda mübarizə aparmağa hüququ var. Qərb demokratiyası, vətəndaş cəmiyyəti və hüquqi dövləti məhz bu mübarizə nəticəsində hazırkı səviyyəyə gəlib çatıb. Bu səbəbdən işin yekun nəticəsindən asılı olmayaraq, bu məhkəmə prosesinin mövcudluğu belə müsbət haldır və məhz buna görə də bəziləri var güclə prosesin özünün qarşısını almaq istəyir. Həmçinin ona görə ki, cari proses bu cür qanunlar yazanların savadsızlığını çılpaqlığı ilə göstərir.

Eyni zamanda xanım hakimlərimizin (Nigar Rəsulbəyova, Şərafət Məmmədova və Sevda Hüseynova) ədalətli mövqeyini vurğulamaq istəyirəm. Məhz bu xanımlar iş üzrə xeyrimə (son nəticədə isə nağdlaşdırma vergisinin qanunsuzluğunun tanınması istiqamətində) qərarlar vermişlər! Tanıyaq!

P.S. Yaxşı olardı ki, Bakı Appelyasiya Məhkəməsində işə növbəti mərhələdə də xanım hakimin sədrliyi ilə baxılsın.

 





05.12.2018    çap et  çap et