vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
MÜSAHİB  
09:24 | 19 mart 2014 | Çərşənbə Məqaləyə 2745 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu müəssisələr Gülənə məxsus deyil»

Əhməd Saniç: «...amma onun təşviqi ilə açıldığını kimsə inkar etmir»

Elşad PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər Azərbaycan gündəminin aparıcı mövzularından birinə çevrilmiş nurçuluq və bu dini cərəyanla bağlılığı olduğu iddia edilən çevrələrdən çox bəhs edilir.

Bu müzakirələrdə adı hallanan məmurlar, deputatlar, təhsil müəssisələrinin məsul şəxslərinin də mövqeyi mətbuatda yer alır. Nurçularla əlaqədə ittiham olunan ali təhsil müəssisələrindən biri - Qafqaz Universitetinə gedişimizi, təhsil ocağının rektoru Əhməd Saniçlə açıq söhbətimizi zəruri edən səbəb də elə son günlərin müzakirələri ilə bağlı idi.

Fəthullah Gülənə yazıldığı bildirilən məktubların bəzilərinin Ə.Saniç və ya onun rəhbərlik etdiyi təhsil ocağının rəsmiləri tərəfindən göndərildiyi də mətbuatda iddia olunub. Kifayət qədər açıq söhbətimizdə rektorun bu və digər məsələlərə münasibətini almağa çalışdıq. Öncə Çağ Öyrətim Şirkətinin, Qafqaz Universitetinin məram və məqsədləri barədə geniş danışan, onların Azərbaycana da yalnız təhsil vermək niyyəti ilə gəldiklərini deyən Əhməd bəyə növbəti sualımızı ünvanladıq:

 

- Əhməd bəy, Azərbaycana yalnız təhsil vermək məqsədilə gəldiyini bəyan edən müəssisələrin nurçuluqda ittiham olunması haradan qaynaqlanır? Bəzi məlumatlara görə, bunlar Türkiyənin müəyyən dairələrində hazırlanan və eyni zamanda Azərbaycan mətbuatına sızdırılan məlumatlardır. Burada Türkiyə hakimiyyətinin də maraqlı və iştirakçı olduğu haqda məlumatlar var. Sizin təxmininiz necədir və ümumiyyətlə, nurçuluqla bağlı ittihamların əsası varmı?

- 1997-ci il 28 fevral dönəmində də belə ittihamlar olmuşdu. Niyyət bu gün işləyən sistemi durdurmaq idi. Çünki insanlar təmiz olunca onları ləkələyə bilmirlər. Bu dönəmdə Fəthullah Güləni bu gün səsləndirilən məsələlərin eynisiylə ittiham edib, istintaqa cəlb etdilər. 6 illik prosesin sonunda məhkəmə bəraət qərarı verdi. Nəticədə bu təhsil müəssisələri daha da güclənmiş, təmizlənmiş şəkildə işlərinə davam etdilər.

Sonrakı illərdə Ərdoğan hökuməti demokratikləşmə deviziylə ortaya çıxdı. Demokratikləşmə müzakirə mövzusu olduğu zaman biz daim dəstəyimizi vermişik. Müəyyən bir müddətdən sonra, 2004-cü ildə, bu müəssisələrin, məktəblərin nəzarətə götürülməsi ilə bağlı atılmış imzalar ortaya çıxdı. Ölkə bir tərəfdən demokratikləşməyə gedərkən, digər tərəfdən də bu imzaların qarşılığı olaraq bu qurumlar sorğulanmaya başlandı. Nəticədə bu gün məsələ dərsanələr (hazırlıq kursları) fonunda müəssisələrin qapadılması, məktəblərə yönəlik qara propoqandanın aparılmasına qədər gəlib çıxdı. Mənim təxminimə görə, bu, xüsusi planlamayla quraşdırılmış bir məsələdir.

17 dekabr hadisəsinə gəlincə, burada Ərdoğan  hökumətinin refleksiv olaraq birilərini günahlandırması, özünə xəyali bir hədəf seçib ittiham etməsi gözlənilən idi. O da qeyd etdiyim hadisələrin məntiqi bütünlüyü içində Gülən Camaatını hədəf olaraq seçdi. Amma təbii ki, bu iddialar ancaq sözlü ittiham şəklində qaldı. Diqqətinizi çəkmişdir ki, 17 dekabrdan bəri 3 ay müddətində «camia» və ya «paralel yapıdan» bir nəfər də olsun rəsmi ittiham edilməyib. Təbii ki, bunun pərdəarxası tərəfləri də var. 17 dekabrdan bir il öncə baş nazirimiz önəmli bir toplantıda «camia»ya işarət edərək təhdidvari «bir-iki polisi arxanıza salar, sizi terror təşkilatı elan edərik» ifadəsini işlədib. Bu niyyətin mənbəyi nədir, nə baş verdi, burasını bilmirik. Daha bir maraqlı məqam var. Ərdoğan Amerikada ikən Obamaya camia haqqında geniş məlumat verir, eyni gündə Bülənt Arıncı da Xoca Əfəndinin (Fəthullah Gülənin - E.P.) yanına ziyarətə göndərir. Yəni ortada bir səmimiyyətsizlik var. Demək istədiyim budur ki bu ittihamlar sadəcə bu gün başlamayıb. Bu, 28 fevral dönəmində, 1997-də də olub. Sonra 3 il əvvəl Ermənistanla sərhədlərin açılma iddiası olan dönəmdə də bizim haqqımızda həqiqəti əks etdirməyən çoxlu sifarişli yazılar yazdırıldı. İndi bu ssenari bu gün də davam edir. Yəni Türkiyədəki hadisələr buraya təsir edir. Daha doğrusu, Türkiyənin daxilində hər hansısa bir güc - dərin dövlət buranı ciddi bir şəkildə kirli informasiya bombardmanına tutaraq, hadisələrin buraya daşmasına çalışır. Qəti olaraq bildirirəm ki, biz Qafqaz Universiteti olaraq belə bir oyuna alət olmayacağıq.

 

- Sizin adınıza olan emaildən sensasion məlumatlar, məktubların mətni yayıldı...

- Bizim buradakı təhlükəsizlik qurumlarına etdiyimiz müraciətdən sonra məlum oldu ki, adıma açılan saxta email Türkiyə mənşəlidir. Yəni Türkiyədə adıma saxta email açılır, planlanan yazı yazılaraq buraya göndərilir və sensasion xəbər düzəldilir. Bundan sonra isə təkrar Türkiyə mətbuatı bu xəbərə istinad edərək məsələni orada gündəmə gətirir . Sağ olsunlar, yerli mətbuat - sizlər gəldiniz, soruşdunuz və biz də bunu rəsmi şəkildə təkzib etdik. Gəlin araşdıraq, bunun qaynağı nədir, kim və ya kimlər qara propoqanda edir? Mənim 3 email ünvanım var: [email protected], [email protected], [email protected]. Başqa heç bir elektron ünvanım yoxdur və tam şəklidə rəsmi olaraq bildirirəm ki, qalan mail və profillər saxtadır.

- Bununla Türkiyə hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi?

- Vəkilimiz bununla məşğuldur. Bu artıq kiber cinayətkarlıqdır. Bunlar adətən anonim olur, nəticə etibarilə kimin açdığını tapmaq həmişə mümkün olmur. İstanbul, Antalya, İzmirdən açıldığını demək mümkündür, ancaq konkret şəxsi tapmaq çətindir. Çünki adətən internet kafelərdən açırlar, sübut etmək mümkün olmur.

 

- Baş nazir Ərdoğanın Azərbaycandakı Gülən məktəblərinin qapadılması xəbərinə reaksiyasını necə qarşıladınız?

- Dediyim kimi, bu cür hadisələr keçmişdə də olub. 1997-ci ildə Türkiyənin təhsil nazirinin təklifini qeyd etdim. Amma dahi insan, uzaqgörən siyasətçi, ümummilli liderimiz Heydər Əliyev Çağ Öyrətimin bütün təhsil ocaqlarından hər zaman razı olduqlarını bildirmiş, eyni zamanda Azərbaycan dövlət rəsmiləri »onlar sizin məktəbləriniz deyil, bizim məktəblərimizdir» şəklində cavab vermişdir. Bu etibar və etimadı da məhz şirkətimizin devizi qəbul etdik - « Etimada sədaqətlə».

 

- Bu məktəblərin qapadılması, yaxud nurçuluqda suçlananlarla əlaqəli Ərdoğan hökuməti tərəfindən Azərbaycan hakimiyyətinə təzyiqlərin olması barədə məlumatlar doğrudurmu? 

- Sadəcə, buraya deyil, başqa ölkələrə də fərqli təkliflər var. Mərkəzi Asiyaya, Pakistana, hətta Amerikaya da. Amma bizim alnımız açıq, üzümüz ağ, heç bir gizli hesabımız yoxdur. Mən də hər kəsə bunu deyirəm: gəlin, baxın, görün, xalqın gözü tərəzidir. 20 ildir təhsil veririk, nəticələrimiz də göz qabağındadır. Bizim çəkinəcəyimiz heç bir fəaliyyətimiz yoxdur. Yazılanlar yalan və şayiələrdən ibarətdir. Tələbələrimizə milli ruh duyğu və düşüncəsi vermək bizim üçün hər zaman prioritet olmuşdur. Məsələn, mən hər zaman Xocalı qətliamının universitetimizdə ciddi şəkildə hiss edilməsini istəyirəm. Bununla yanaşı, Novruzun da yüksək səviyyədə, coşqu ilə keçirilməsini arzulayıram. Bu və bənzəri fəaliyyətlərin keçirilməsi bizim adət-ənənəmizdir. Bunları tamamən tələbələr həyata keçirir, amma mən onlara imkan yaradıram. Teatr dərnəklərimiz var, milli tamaşalara çox önəm veririk. «Natəvan», «Xəcalət», «Mesenat» kimi milli - vətənpərvərlik duyğuları aşılayan tamaşalar hazırlanır və uğurla təbliğ edilir.

Biz tələbələrdə milli düşüncənin yerləşməsinə, ümumbəşəri dəyərlərə hörmətin formalaşmasına çalışırıq. Məzun tələbələrimizə isə məsləhətimiz bu olur: Magistratura-doktorantura təhsili üçün ölkə xaricinə gedin, oxuyun, qayıdıb vətəninizə xidmət edin. Nəticə etibarilə birmənalı olaraq bildirirəm ki, bu müəssisələr Azərbaycan xalqınındır və Azərbaycanın milli - mənəvi dəyərləri əlbəttə ki, təbliğ olunmalıdır.

 

- Sizin SOCAR-la əməkdaşlığınız yalnız bugünlərdə qabardıldı, ictimailəşdirildi. Ancaq bildiyimizə görə, əməkdaşlığa bir il öncə başlanılıb.

- Bu əməkdaşlıq ötən il 1 mart 2013-cü ildə «Çağ Öyrətim İşlətmələri» MMM-in ARDNŞ-in təsisçiliyi ilə yaradılmış «Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi» İctimai Birliyinin təsisçiləri sırasına qoşulmasına dair birgə bəyanatın imzalanmasıyla başladı. Bəyanat SOCAR-ın baş ofisində Rövnəq bəyin rəhbərliyi ilə Xaliq Məmmədov və Ənvər Özərən arasında imzalandı. Əslində bu müqavilə geniş şəklidə mətbuata izah edildi amma çox maraqlıdır ki, məhz bugünlərdə fərqli yerlərə çəkilərək gündəmə gətirilir. Bizim saytımızda da bu barədə geniş məlumat var. Görünür, həmin vaxtda mətbuat buna ciddi yanaşmamışdı. Hətta «sualınız varmı» soruşulan zaman «Şahdəniz»dəki qaz yatağını soruşdular (gülür). «Mövzumuz o deyil» deyə, Rövnəq bəy zorla daha bir sual ala bildi.

Təxminən 2 ay bundan əvvəl BP şirkətinin sponsorluğu ilə universitetimizdə Mexanika mühəndislik laboratoriyasının açılışında SOCAR və BP rəhbərlərinin iştirakı ilə bu birləşmə mətbuatın diqqətini cəlb etdi. Ola bilsin ki, baş nazir Ərdoğanın camia əleyhinə söyləmiş olduğu mənfi bəyanatlar Türkiyə və Azərbaycanın bəzi mətbuat orqanlarını hərəkətə keçirdi və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının da xeyir-duası ilə bir il əvvəl imzalanan bu sazişin sanki bu ərəfədə imzalanması kimi qələmə verildi. Belə qeyd edildi ki, guya Azərbaycan dövləti bu təhsil müəssisələrini öz tabeçiliyinə keçirdi və türk məktəbləri tamamən bağlandı. Halbuki əsl həqiqət budur ki, SOCAR-ın nəzdində olan orta məktəblərlə Çağ Öyrətimin orta məktəbləri, Araz hazırlıq kursları və Qafqaz Universiteti Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi bünyəsində birləşdilər.

 

- Deməli, hazırda Çağ Öyrətim Şirkətinin məktəbləri təkcə Fəthullah Gülənə deyil, həm də Azərbaycan dövlətinə məxsusdur...

- Əvvəla, onu qeyd edim ki, bu müəssisələr Fəthullah Gülənə məxsus deyildir, amma onun təşviqi ilə açıldığını kimsə inkar etmir. Bir daha bildirirəm ki, bu müəssisələr tamamilə Azərbaycan dövlətinin qanunları ilə çalışır və Azərbaycan xalqına məxsusdur. Biz indi burada rektor olaraq türkiyəliyik, ancaq sabah başqası - azərbaycanlı müəllimlərimizdən biri rektor olacaq. Məncə, əsas odur ki, bu müəssisələr, bu universitet Azərbaycanındır və Azərbaycan dövlətçiliyi naminə çalışırlar. Odur ki, bu qurumun başında türkiyəli və ya azərbaycanlı olmağının o qədər də önəmi yoxdur.

 

- Yeri gəlmişkən, söhbət var ki, Qafqaz Universitetinin rektorunu dəyişirlər. Bu barədə deyilənlərin əsası varmı?

 

(davamı növbəti sayımızda)