vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
09:41 | 5 aprel 2014 | Şənbə Məqaləyə 1593 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni baş nazirin istefasının üç mühüm səbəbi

«Qarabağ klanı»ndan olmayan Tiqran Sərkisyanın vəzifədən getməsini Kreml istəyirdi

Xəbər xidməti

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda siyasi vəziyyət yenidən gərginləşir. Xəbər verildiyi kimi, aprelin 3-də prezident Serj Sərkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyasının toplantısında ölkənin baş naziri Tiqran Sərkisyanın istefası qəbul olunub.

 

Bu barədə açıqlama verən vitse-spiker Eduard Şarmazanov bildirib ki, Tiqran Sərkisyan bir ay əvvəl prezidentə belə xahişlə müraciət edib: «Amma dövlət başçısı ona Gömrük İttifaqı və Konstitusiya Məhkəməsində pensiya islahatı haqqında işlərin baxılmasının ətrafında prosesləri nəzərə alaraq, bu postda qalmağı xahiş edib. Aprelin 3-də isə istefa qəbul edilib».

Sabiq baş nazir isə istefası barədə bunları deyib: «Mənin qərarım dərindən götür-qoy edilmiş müdrik qərardır. Fevralda prezidentlə razılaşdıq ki, istefa bəzi vacib dövlət tədbirlərini və hakim Respublika Partiyasının iqtisadi konfransını yola verəndən sonraya qalsın». Tiqran Sərkisyan müraciətini prezidentə və hökumətdə onunla birgə çalışmış şəxslərə təşəkkür sözləri ilə bitirib.

Baş nazirin istefası bu ilin yanvarında Ermənistanda tətbiq edilən pensiya islahatların ilə izah edilir. Qeyd edək ki, yeni pensiya qanunvericiliyinə görə, 1974-cü ildə anadan olmuş və işləyən bütün Ermənistan vətəndaşlarından məcburi qaydada 5 faizlik pensiya vergisi tutulur. Hökumətin bu qərarı ölkədə ciddi etirazlarla qarşılanıb. Vətəndaşlar onlardan tutulan pulun pensiya yaşı çatdıqdan sonra onlara qaytarılacağına inanmırlar. Məhz bu etirazlar səbəbindən Ermənistanın Konstitusiya Məhkəməsi ötən həftə hökumət tərəfindən hazırlanmış pensiya islahlarının bir neçə maddəsini ölkə qanunlarına zidd hesab edərək qəbul etməyib. Parlamentin dörd müxalifət fraksiyası isə ölkədəki ağır sosial duruma görə Tiqran Sərkisyanı günahlandırırdılar və aprelin 28-də hökumətin istefası ilə bağlı məsələni gündəliyə salınmasını tələb etmişdilər.

Ermənistan Konstitusiyasına görə, baş naziri prezident parlament çoxluğu partiyasının təqdimatı ilə təyin edir. 

2009-cu ilin aprel ayından Ermənistan Nazirlər Kabinetinin sədri işləyən Tiqran Sərkisyanın gözlənilmədən istefasının bir neçə mühüm səbəbləri  var.

Bu səbəblərdən ən mühümü T.Sərkisyanın Kremllə münasibətlərinin gərgin olması idi. Ermənistanın baş naziri uzun müddət ölkəsinin Gömrük İttifaqına üzvlüyünə qarşı olub və bu mövqeyini gizlətməyib də. Tiqran Sərkisyan  tez-tez  Ermənistanın Qərbə üz tutduğunu, Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» çərçivəsində assosiativ üzlüklə bağlı  mesajlarını dilə gətirirdi. Baş nazir verdiyi bəyanat və müsahibələrdə açıq mətnlə Ermənistanın Gömrük İttifaqına daxil ola  bilməyəcəyini deyirdi. T.Sərkisyan fikrini belə əsaslandırırdı ki, Ermənistanla Gömrük İttifaqı ölkələrinin ümumi sərhədi yoxdur. Ölkədə bir müddət anti-Rusiya əhval-ruhiyyəsinin artmasında da Kreml baş nazirdən şübhələnirdi.

Hələ ötən il erməni mətbuatı yazırdı ki, Moskva Tiqran Sərkisyanın dəyişdirilməsi üçün Serj Sərkisyana təzyiq edir. Ötən ilin oktyabrında isə Ermənistanın baş nazirinin Moskvaya səfəri zamanı rusiyalı həmkarı Dmitri Medvedyev onunla görüşdən imtina etmişdi.

Sərkisyanın istefasının daha bir mühüm səbəbi şübhəsiz ki, Ermənistandakı ağır sosial-iqtisadi vəziyyətdir.  Rəy sorğularına görə, Ermənistan əhalisinin 38,4 faizi yaşayış səviyyəsindən narazıdır, 49 faizi isə pis yaşayır. Ermənistan mediası yazır ki, ölkədə getdikcə artan intiharların əsas səbəbi işsizlikdir. Ermənistanın dövlət borcu hazırda 1 trilyon 752,966 erməni dramına bərabərdir. Bu məbləğin 233,273 milyard dramı daxili, 1 trilyon 519,693 milyard dramı və ya 3 milyard 740,783 milyon dolları isə xarici borcdur. Ermənistanda iqtisadiyyatın ifrat mərkəzləşdirilməsi, bütün resursların hakimiyyətdəki ailə və  oliqarxların əlində cəmləşməsi, vergilərin qarətə çevrilməsi nəticəsində bu ölkədə ağır iqtisadi vəziyyət yaradıb.

T.Sərkisyanın istefasının başqa bir səbəbi onun Ermənistan prezidentliyə iddiası ilə izah edilir. Məlumdur ki, o, «Qarabağ klanı»ndan deyil (Tiqran Sərkisyan 1960-cı ildə Kirovakanda  anadan olub) və yerli ermənilər ona Serj Sərkisyandan daha isti münasibət bəsləyirlər. Onun hakimiyyətdən getməsi yerli ermənilərin mövqelərinin zəifləməsi kimi dəyərləndirilə bilər.

Məlumdur ki, Serj Sərkisyan ölkə konstitusiyasına görə üçüncü müddətə prezident ola bilməyəcək. Ermənistanda növbəti seçki 2017-ci ildə olsa da, artıq prezidentlik uğrunda klanların mübarizəsi başlayıb. «Qarabağ klanı» növbəti seçkidə də hakimiyyəti əldə saxlamaq üçün müxtəlif planlar qurur.

Məlumata görə, «Qarabağ klanı» Ermənistan Konstitusiyanın dəyişdirilməsini istəyir və bu istiqamətdə artıq müzakirələr başlayıb. Serj Sərkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyasının təşəbbüsü olan konstitusiya dəyişikliyi ilə ölkə parlamentli respublika idarəçiliyinə keçməlidir. Ermənistan hökuməti 2014-cü ildə konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirməyi də planlaşdırır. Yeni konstitusiya ilə Ermənistanda «yarımprezident idarəetmə sistemi» ləğv ediləcək və əvəzində parlament hökuməti yaradılacaq. Sərkisyanın rəqibləri belə hesab edirlər ki, parlamentli respublika oyununu «Qarabağ klanı» Ermənistanı deyil, öz gələcək hakimiyyətlərini qorumaq üçün düşünüb. Ermənistanın ali qanunu bir nəfərin iki dəfədən artıq prezident olmasını yasaqlayır. Robert Köçəryan iki prezidentlik müddətini başa vurduqdan sonra hakimiyyəti rahat şəkildə «Stepanakert kruqu»ndakı ən sadiq tərəfdaşı olan Serj Sərkisyana təhvil verdi. Amma Sərkisyanın hakimiyyətdə olduğu son 5 ildə Ermənistanın yerli əhalisinin yadelli kimi nifrət etdikləri «Qarabağ klanı»nın mövqeləri də xeyli zəifləyib, hakimiyyətdaxili mübarizə daha sərt xarakter alıb.

T.Sərkisyan və hökuməti vaxtaşırı olaraq Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyəti və korrupsiya ilə bağlı tənqidlərə məruz qalırdı. Lakin baş nazirə ən sarsıdıcı zərbəni keçmiş prezident, Ermənistan siyasətinə güclü təsir rıçaqlarını əlində saxlayan Robert Köçəryanın şəxsən ona hücuma keçməsi vurdu. Ötən ilin dekabrında R.Köçəryan baş naziri hökumətin pensiya islahatları planı ilə bağlı mətbuatda kəskin tənqid etdi. Tiqran Sərkisyanı səriştəsizlikdə və bacarıqsızlıqda günahlandıran Köçəryan onu istefaya çağırdı.

Baş nazir T.Sərkisyan həmçinin Firavan Ermənistan Partiyasının lideri, oliqarx Qaqik Tsarukyanın tənqidləri altında idi. Tsarukyanın parlament fraksiyası dəfələrlə baş naziri və hökuməti yarıtmaz iqtisadi siyasətə görə tənqid edib. Hakim Respublika Partiyası isə belə görünür ki, baş naziri bu hücumlardan qorumaqda elə də maraqlı deyildi. (virtualaz.org).

İndi T.Sərkisyanın istefasından sonra Ermənistanda yeni hökuməti kimin formalaşdıracağına dair müxtəlif fərziyyələr yayılır. Siyasi müşahidəçilər Robert Köçəryanın yenidən hakimiyyət başına qayıtmaq planlarını xatırladaraq qeyd edirlər ki, baş nazir postunu məhz o tuta bilər.

Doğrudur, bəzi müşahidəçilərə görə, o, Qaqik Tsarukyanın baş nazir postuna namizədliyini verə bilər. Lakin bu, Köçəryanın hakimiyyətə qayıtmaq planlarına təsir etməyəcək. Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Eduard Şarmazanov deyib ki, yeni baş nazirin namizədliyi bütün parlament fraksiyaları ilə müzakirələrdən sonra müəyyən ediləcək. Şarmazanova görə, istisna deyil ki, yeni baş nazir hakim partiyanın üzvü olmasın.