vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MÜSAHİB  
15:33 | 1 noyabr 2017 | Çərşənbə Məqaləyə 425 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İqtidara müxalifət olmuşam, müxalifətə də …»

Tahir Kərimli: «Təcrübələr az olmayıb ki, ölkə başçısının xanımı prezident seçilib»

Cavanşir ABBASLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli son günlər ölkə mətbuatının gündəmində olan simalardan birinə çevrilib. Onun Azərbaycanın Avropa Şurasından çıxarıla biləcəyi ilə bağlı iddialara münasibəti ciddi müzakirə olunur. Partiya sədri sərt qınaqlara, tənqidlərə məruz qalır. T.Kərimli ilə bu və ya digər məsələlərlə bağlı geniş söhbət etdik.


- Tahir bəy, yəqin ki, siz də şahidisiniz ki, fikirləriniz qalmaqal yaradıb. Ünvanınıza sərt ifadələr səsləndirilir, Yenə də eyni fikirdə qalırsınız? Bu arada REAL sədri İlqar Məmmədovla bağlı yeni qərar verildi...

- Əvvəla, deyim ki, Allah İlqar Məmmədov da daxil, İsmayıllı məhbuslarının qapısını açsın. İsmayıllıdan elə məhbuslar var ki, Avropanın heç xəbəri yoxdur. Onların azadlığı üçün çalışıram. Ümid edirəm ki, yeni ildə əfv verilsə, onlar da azad olunarlar. Mənim Avropa Şurası ilə bağlı dediklərimdə təhrif olunmalar var. Məsələn, mən deməmişəm ki, Avropa Şurası üzvləri əxlaqsızdır. Sevinc Osmanqızının səhifəsində, «Azadlıq» qəzetinin səhifəsində şəklimlə bu fikirlərim paylaşılıb. İnsanlar da fikirlərimlə tanış olmadan ağızlarına gələni yazırlar. Mən Avropa Şurasından çıxma məsələsini qoymamışam. Əksinə, Avropa Şurası daxil, beynəlxalq qurumlarla əməkdaşlığın tərəfdarıyam. Məsələ bu cür qoyulub ki, əgər beynəlxalq qurum qərarları icra etmədiyimizə görə bizi çıxarmaq istəsə, o zaman biz özümüz oradan çıxsaq, daha məsləhətli olar. Bir evə qonaq gedirsən, əgər səni orada sevmirlərsə, üzüsulu oradan getməyin daha yaxşıdır, nəinki səni oradan qovsunlar. Bildiyimiz qədəri ilə İlqar Məmmədovla bağlı noyabrın axırına qədər vaxt verilib. Görünür Azərbaycanın məsələsi müzakirə olunacaq. Avropa Şurasının müsbət tələbləri ilə yanaşı mənfi tələbləri də qarşımızda var. Unutmayaq ki, Avropa Şurası bizi korrupsiyada ittiham edir, amma üzvlərinin çoxu korrupsionerdir. Biz Avropa Şurasına daxil olanda partiya sədri kimi yazılı rəy vermişəm ki, onların bəzi tələbləri ilə razı deyiləm. Bunlardan biri ermənilərə qarşı zor işlətməmək, digəri isə cinsi azlıqların hüquqlarının təmin olunması ilə bağlıdır. Qarabağla bağlı Avropa Şurası sözdən başqa heç nə etməyib. İndiyə qədər Türkiyə və Pakistandan başqa heç bir dövlət Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu dilə gətirməyib. Avropa Şurasının tələbi ilə ölüm hökmünü ləğv elədik. O zaman Ali Məhkəmənin keçmiş rəhbəri kimi bu məsələ ilə bağlı rəy vermişdim ki, qəsdən xüsusi amansızlıqla adam öldürmə cinayətlərində ittiham edilənlər üçün ölüm hökmünün qalmasının tərəfdarıyam. Digər tərəfdən istəyirlər ki, Azərbaycanın da gecə həyatı onlarınkı kimi olsun. Axı bu murdarlıqdır. Biz qafqazlıyıq, qürurumuz var. Belə insanlar varsa, müalicə etdirək, amma artmalarına imkan vermək olmaz. Bunlardan başqa heç nə deməmişəm.

 

- Müxalif kəsim sizi daha çox hədəf alıb...

- Doğrudur, bu düşərgə məni o qədər söyür, təhqir edir ki. Biri deyir ki, 1992-ci ildə parlamentdə bağıra-bağıra danışmışam, digəri vəzifəmi dondurduğumu deyir. 25 ildə etmədiyimiz elə şeyləri mənə deyiblər ki, sadəcə, susmağa çalışmışam. Müxalifət içərisində bu ittihamları udmuşam. Bütün yalanlara dözmüşəm ki, bəlkə, müxalifətin şansı oldu. Mən bir gün də vəzifəmi dondurmamışam. İşləmişəm, sonunda da istefa vermişəm. Onda da niyə əsəbi danışmışam? Qurduğumuz milli dövlət əldən gedirdi. Bəli, demişəm ki, elə etməyin ki, intihar edim. İnandırıram ki, siz də o vaxt yerimdə olsaydınız, eyni hərəkəti edərdiniz. Orada milyonların fikrini ifadə etmişəm. İnsanlar milli hökumətin getməməsi üçün ölümlərinə hazır idilər. Orada mən qalib gəldim. Çıxışımdan sonra Milli Məclis dağılıb. Bir vəzifəli şəxsi Ali Məhkəmədə göstərə bilərlərmi ki, Tahir Kərimli vəzifəsinə bərpa edib? Hətta rəqəm deyirlər ki, 58 nəfəri vəzifəsinə guya mən bərpa etmişəm. Abbas Abbasov, Müzamil Abdullayev kimi şəxsləri vəzifələrə bu hakimiyyət təyin edib, məhkəmə bərpa etməyib ki. Onlara artıq gücüm çatmır. Müxalifətdə olduğum zamanda İsa Qəmbəri dəstəklədim. Mən də istəyirdim ki, hakimiyyətdə qalaq. Amma biz başsız qaldıq, müxalifətimiz başsız atlıya bənzədi. Rəhbərimiz Bakıdan getdi, hərə də bir kəsin arxasınca getdi. Nə üçün bizim hakimiyyət yıxıldı? 22 il mən işsiz qalmışam. Amma bunun səbəbi tək bu iqtidar olmayıb.

Mənə mərhum Heydər Əliyev də iş təklif edib. Sadəcə, özüm getmədim. Bir çoxları kimi hakimiyyətimizi bərpa edəcəyimizə inanmışam. Özümüz-özümüzü işsiz qoymuşuq, ətrafımızı da. Hər şeyi qarşı tərəfə yükləmək düzgün deyil. Ümidlərimiz olub, onları da müxalifət liderləri sındırdı. AXCP iki dönəm parlamentdə oturdu. Halbuki toparlanmaq üçün şanslarımız var idi. Müsavat onları 10 il ittiham edib ki, hakimiyyətə satılmısınız. Sonra Müsavat parlamentdə 5 il oturdu, AXCP onları hədəf aldı. Nəticədə iki böyük müxalif partiya sıradan çıxdı. Nəticə göz önündədir. Yeni Azərbaycan Partiyasına alternativ ola biləcək partiya ölkədə yoxdur. Ən yaxşı halda Müsavat və AXCP bir-birilərinə alternativdir. Bu həqiqəti dərk etməliyik. Sabitliyi saxlaya biləcək partiyamız da yoxdur. İdeoloji mübarizə də yoxdur. 4 cür ideologiya var. Liberal ideologiya tərəfdarları Qərbdən mayalanır. Milli ideologiyanın tərəfdarları Türkiyə ilə əlaqələr qurur. Dini ideologiyanın təmsilçiləri İranla əlaqələrə üstünlük verirlər. Sosialist ideologiyanın tərəfdarları isə Rusiya ilə əlaqələr qururlar. Azərbaycanda hətta siyasi dairələrin gözləri belə başqa ölkələrdədir. Belə olan vəziyyətdə millətin toparlanıb milli mübarizə aparmaq imkanları yoxdur. Biz Vəhdət Partiyasını yaradanda 7 siyasi partiya bizə qoşulmuşdu, 23 siyasi şuranın üzvü, 11 isə müavinim var idi. İndiki hakimiyyət, Müsavat və AXCP partiyaları içərimizdəki bəzi insanları ələ alıb, partiyamızı parçaladılar. Biz, sadəcə, vəhdət, birlik istəyirdik. İndi hər şey əldən çıxıb. Hazırda bizim üçün ən əhəmiyyətli olanı sabitlikdir. Siz «Azadlıq» qəzeti deyildinizmi yazırdınız ki, Suriyada 5 milyon insan küçələrə çıxıb, «Ərəb baharı» Azərbaycanın sərhədlərinə yaxınlaşır.

Bu baharı Azərbaycana dəvət edən sizlər deyildiniz? İndi nə üçün etmirsiniz? Niyə ancaq məni ittiham edirsiniz? Azərbaycanda da korrupsiya, mənfi hallar var. Bu halları aradan qaldıracaq təşkilat, lider, güc varmı müxalifət cəbhəsində? İndiki hakimiyyət ən azından Suriyadan ölkəmizə dağıntıların keçməsinə imkan verməyib. Mən zərurətdən sabitliyi müdafiə edirəm. Çünki demokratik qaydada hakimiyyəti əvəzləyəcək siyasi qurum yoxdur. Belə bir güc ortaya qoysunlar, bir deputat, partiya kimi öncəliklə onları mən müdafiə edəcəm. Niyə özümüzü aldatmalıyıq? İnsanlar artıq yaxşı və ya pis insanlar axtarmırlar. Amma biz 25-30 il əvvəl belə deyildik. Ən müqəddəs insana belə pis insan deyənlər olacaq. Siyasi liderlər də eyni vəziyyətə düşüblər. Bilmirsən necə olasan. Bəzən insan etdiyi yaxşı bir işi deməyə utanır. Mən bütün nəslimi, ailəmi zərbə altında qoyaraq Mixail Qorbaçova ölüm hökmü çıxardım. Təsəvvür edin ki, bu işimi necə lağa qoyurlar. Bir-iki nəfər də deyillər. Məndən ötrü İsmayıllıda evimin ətrafında tonqallar qalayıb məni qoruyur, barəmdə imza toplayırdılar. «Tahir Kərimlini öldürsələr, onunla birlikdə öləcəyik» deyən xalq var idi. O vaxt bir vəzifə sahibi tapa bilmirdilər ki, mövcud quruluşa qarşı çıxsınlar. Amma mən bu qətiyyəti göstərdim. «Panduk» erməni təşkilatının barəmdə qəbul etdiyi qərarı deməyə utanıram. Ora-bura gedəndə özümüzü qorumağa məcburuq ki, bu qərarı birdən icra edərlər. Mənim günahım nədir? Milli azadlıq hərəkatı başlayanda hər şeyim var idi, vəzifəm, maddi imkanım. Bunun hamısını millətimə qurban etdim. İndi heç nəyim yoxdur. Bu gün deputatam, amma yenə də ətrafım işsizdir. Nə etmişəm ki, mənə bu qədər nifrət edirsiniz?

 

- Deputat olandan sonra daha çox tənqid olunursunuz...

- Görün nə deyirlər, Tahir Kərimli nə üçün deputat olub. Sorğu aparsınlar, İsmayıllı-Ağsu seçki dairəsində. Əgər 20% belə əleyhimə olsa, istefa verirəm. Bunlar düşünürlər ki, hakimiyyət Tahiri buraxmamalı idi. Neçə dəfə xalq səs verib, amma keçə bilməmişdim. Mənim saxtakarlığa ehtiyacım var idi? Nə qədər insan orada seçkiyə gəlirsə gəlsin, axı mən bilirəm ki, orada səs çoxluğum var idi. İndi də parlamentdə hər zaman xalq və dövlət mənafeyindən çıxış edirəm. Girib partiyamızın saytına baxsınlar görəcəklər. İstəmirəm ki, o çıxışlar yayılsın, çünki bu yaşımda şöhrət lazım deyil. 90-cı illərin axırında şeir yazmışdım. Belə idi:

 

Qəlbimdə bir qəfəs tikdim,

Əqidəmi əsir edib,

Sonra onu yenmək üçün,

Qəlbimdə bir qəbir qazdım,

Əqidəmi gömmək üçün.

 

O vaxtdan çalışıram ki, qəlbimdə əqidəmi öldürüb, hamı kimi olum. Hamı kimi beş manat pul qazanıb, ailəmi, uşağımı rahat saxlayım. Amma bacara bilmirəm, mən də belə insanam. Bir filmdə adicə bir şey görən kimi kövrəlirəm.

 

- Tahir Kərimli özünü yenə müxalifətçi sayır?

- Mən oxucularımı da, sizi də aldada bilmərəm, mərkəzçi mövqedəyəm. Sadəcə, çalışıram ki, yaxşıya yaxşı, pisə pis deyim. Bu gün də Rəsulzadənin ideyalarına sadiqəm. Hər fürsətdə xalqım, dövlətim üçün imkanım olanları edirəm. Bu gün desəm ki, mən də müxalifətçiyəm, mənə deməzlərmi ki, ölkədə sabitliyi müdafiə edirsən, sabitliyin qarantiyası İlham Əliyev olduğu halda, sən necə müxalifətəm deyirsən? Amma korrupsiyanın, haqsızlığın, sosial ədalətsizliyin düşməniyəm. Pensiyaların artırılmasını tələb etdiyim vaxt həmkarlarım belə üstümə düşmüşdü. Çalışdığımı ya edirəm, ya da gündəmə gətirirəm. Mən susaram, amma yalan danışmaram. Bəlkə də faciəm bundadır. Son tənqid olunduğum statusların birində başlığa belə cümlə çıxarıblar: «Tahir Kərimli deyir ki, mən külli miqdarda rüşvət almışam». O vaxt Çingiz Mustafayev üz-üzə verilişini açmışdı, məni bir nömrəli kommunist Ramiz Əhmədovun evinə apardı. Orada rüşvət almağımla bağlı sual verəndə təsdiq etdim. Mənə nə üçün deməyimlə bağlı hücumlar oldu. Dedim ki, rüşvətxor sovet rejimində çalışırıqsa, necə bu rejimi təmizə çıxarım. Külli miqdarda mənə rüşvət təklif olunduğunu demişəm. Vəzifədə olanda Əhmədov var idi, Yevlaxda 6 nəfəri öldürmüşdü. Başqa cinayətləri də var idi. Bir maşının arxası dolu pul mənə təklif olundu, amma götürmədim, ölümlə hədələndim, geriyə durmadım. Sonunda həmin şəxsi Ali Məhkəmənin zalından qaçırdılar. İndiki hakimiyyət bununla bağlı tədbir gördü, amma bizim hakimiyyət yox. O məhbusla bağlı kriminal aləm pul yığır, təhdidlər yağdırırdı. Hətta o vaxt hakimiyyətdə yüksək post tutan bir şəxs mənə başımı ağrıtmamağı, həmin şəxsi azadlığa buraxmağımı xahiş etdi. Lakin etmədim. 62 yaşa yaxınlaşmışam, artıq ən ağır sözlərə belə öyrəşmişəm. İttihamlar qarşısında da susmuşam, deyirlər ki, Tahir Kərimli o vaxt deyib ki, maşınımın nömrəsi  002 olsun. Vallah ayıbdır. Ədalət Tahirzadə adlı birisi də bunu kitaba salıb. Prezident olan şəxsə, Elçibəyə görün bunlar sual verirlər ki, niyə o vaxt qoyurdun ki, Tahir Kərimli 002 almaq istəsin. Ədalət Tahirzadə ilə münasibətim yoxdur, amma haqqımda o qədər həqarətlər yazıb. Ona cavab verməmişəm, qoy xalq onun yalanlarına inansın. Həyat budur, görünür taleyimiz belədir, böhtan atıla-atıla yaşayırıq.

 

- Tahir bəy, yaxşı xatırlayıram, 2003-cü il seçkilərindən sonra «Bu hakimiyyətin rəhbərlik etdiyi ölkədə yaşamaram» demişdiniz. Hətta ölkəni tərk etmişdiniz. Nə dəyişdi ki, Tahir Kərimli nəinki o ölkədə yaşayır, hətta həmin ölkənin parlamentində oturur...

- Sizə təklif edirəm ki, belə çətin sualları tez-tez verəsiniz (gülür). Dediyiniz fikirlərimdən sosial şəbəkələrdə əleyhimə çox istifadə edirlər. Hansısa sözümə inanmasanız, deyəcəksiniz ki, bunu düzgün demirsiniz. Mən keçmişimdən imtina etməmişəm. Necə olmuşamsa, davranmışamsa, mitinqlərdə nə danışmışamsa, parlamentdə necə olmuşamsa, bunların heç birini danmıram. O vaxt da, indi də səmimiyəm. Bəzi hallarda, eləcə də sizin qəzetdə də deyirlər ki, qatı müxalifət idi, nəyə görə hakimiyyətə qarşı yumşaldı.

Mən nə etməliydim ki? Mənə şans qoydunuz? Ölkədə hamını sata-sata getdiniz. Tahir Kərimli nə etməlidir? Son ana qədər müxalifətin birliyini qorumağa çalışdım. Mən iqtidara müxalifət olmuşam, müxalifətə də müxalifət. İstər siyasi, istərsə də iqtisadi cəhətdən heç vaxt iqtidarla əlbirliyi etməmişəm. 2005-ci ildən sonra gördüm ki, müxalifətin şansı tamam itdi. Ona görə partiyamız mərkəzçi mövqe tutacağı ilə bağlı qərar verdi. Bir halda ki, bu hakimiyyəti dəyişmək, onun yerinə gəlmək imkanın yoxdur, o zaman düzə-düz, əyriyə əyri demək vaxtıdır. Bəli, mən 2003-cü ildə bəyan etdim ki, seçkilərdən sonra ölkəni tərk edib gedəcəm. Həmin ildə bütün müxalifət toplandı ki, seçkilərdə öz namizədimizlə gedək. Orada başbilən liderlər, partiyalar qərar verdilər ki, kim necə istəyir, o cür mübarizə aparsın. Sizlər İlham Əliyevə ayrı-ayrılıqda qalib gələ bilərdiniz? Sən kim necə istəyirsə, o cür mübarizə apara bilərdin? Ondan sonra həqiqətən ölkədən getdim. Ad çəkmirəm, Moskvada müavinimin imkanlı əmisi oğlu var idi. Həmişə mənə deyirdi ki, gəl bura. Kazanda da tanış var idi. Hara getdimsə, mənə qucaq açan olmadı. Mən orada «pisar» (yazar-red.) işinə razılaşdım. Düşünürdüm ki, təki 300 manatlıq iş olsun, çalışım, qaldığım kirayənin pulunu verim. Lakin xaricdə qala bilmədim. Bazarda işləmək əlimdən gəlmir. Ömrümdə bazar işləri ilə məşğul olmamışam. Bu gün deputatam, bir tum satılan yerim də yoxdur. O zaman məcbur olub qayıtdım.

Qayıdandan sonra gördüm ki, İlham Əliyev haqqında deyilən sözlərin çoxu yalandır. Kişi söhbəti etmək lazımdır. Deyirdilər ki, İlham Əliyev azərbaycanca bilmir. Onun öz dilimizdə nə qədər yaxşı danışdığını gördüm. O, İŞİD-i ölkəmizə buraxmadı, «Ərəb baharı» adı altında Azərbaycanı dağıtmaq istəyənlərin qarşısını aldı. Bunlar onun xidmətidir, dana bilmərik. 2005-ci ildən sonra çox düşündüm, o qənaətə gəldim ki, tək əqidə ilə dövlət idarə etmək olmur. Siyasətlə ölkəni idarə etmək mümkündür. Tək humanizmlə də ölkə idarə etmək olmur. Gərək sən pisləri cəzalandıra da biləsən. Düzgün görünməyən addımlar atıla bilər, amma dövləti qorumaq üçün qurbanlar da verilməlidir. Mütləq mənada yüz faiz yaxşılıq olmur. Ölkədə mənfi tendensiyalar var, əmin olun ki, o məsələlərdə mən müxalifətəm.

 

- Bu gün tənqid etdiyiniz müxalifət səhəri gün iqtidar olarsa, o iqtidara müxalifət olacaqsınız?

- Öz içərimdə mən hər zaman müxalifətəm. Bu hiss içərimdən çıxmır. Mən heç kimdən, nə indiki hakimiyyətdən, nə də o müxalifətdən vəzifə umuram. Aldığım deputat maaşına şükür edirəm. Arzum budur ki, istər partiya, istərsə də yaxınlarım olsun, işləyə bilsinlər. Mənim bacım uşaqlarından, öz övladlarımdan işsiz olanlar var. Partiyamda da çoxdur. Mən daha çox ondan utanıram ki, onları işlə təmin etməyə gücüm çatmır. Kiməsə ağız açmağı da bacarmıram. Özümə iş tələb etmirəm. Gələcəkdə müxalifət də hakimiyyətdə olsa, onda da iş tələb etmərəm. Hakimiyyətdə kim olursa-olsun, arzum budur ki, mənim kimi düşünən, məndən ötrü maddi sıxıntı çəkənlər işləsin.

Bir tarixi faktı danışım. Məndən əvvəl Ali Məhkəmənin sədri olan Hüseyn müəllimi dəvət etdim ki, hansı işdə işləmək istəyirsiniz. O mənə dedi ki, Tahir, oğlum, 8 il sizin rəhbəriniz olmuşam, burada işləməyim düz olmaz, mən Sumqayıt Məhkəməsinin sədri olmağı istəyirəm. Onu 1-2 gün işsiz qoymadım. Milli Məclisdən o vəzifənin təsdiq olunması üçün əlimdən gələni etdim. Amma mən 22 il işsiz qaldım. Müxalifətə arzu edərdim ki, hakimiyyətə gəlmək üçün o şansları əldə etsinlər.

 

- Vəhdət parlament partiyası olandan sonra yəqin ki, maliyyəsi də düzəlib. Son iki ildə partiyaya axın varmı? Adətən insanlar maddiyyət axtarırlar...

-  Danmıram, partiyamız il ərzində dövlətdən 100 minə yaxın vəsait alır. Bunların böyük qismi vergilərə gedir, müavinlərə maaşlar verirəm, aparat işçiləri var, tədbirlər keçiririk. Hər aya böləndə az məbləğ edir. Milli Məclisdə bir neçə dəfə məsələ qaldırmışam ki, Türkiyədəki kimi olmasa da, heç olmasa, onun onda biri qədər partiyalara vəsait ayrılsın. Çoxpartiyalı sistemik. Amma sanki partiyalar əhəmiyyətlərini itiriblər. YAP dövlətləşib, yerdə qalanlar isə siyasi klublar təsirini bağışlayır. Hansısa qüvvənin mitinqlər keçirdiyini deyə bilərsiniz. Amma bu, partiyaların gücü deyil ki. Narazı qalanların ən çox xidmətidir. Vəhdət Partiyası daxil, digərlərinə də dövlət tərəfindən vəsaitlər ayrılmalı, eyni zamanda proporsional seçki sistemi bərpa olunmalıdır. Belə olan halda partiyalar siyasi həyata maraq göstərərlər. Beş müavinim var, hamısı başqa yerlərdə işləyir. Elə partiyalar var ki, yaxınlarının imkanları yüksəkdir və insanları cəlb edə bilirlər. Əhalimiz, sualda da qoyduğunuz kimi, ideologiya arxasınca gəlmir, ədalət də axtarmır. Faydası olan yerlərə meyl edir. Deputat seçiləndən sonra bir sıra partiya şöbələrimizi bərpa edə bildik. Heç də bütün rayon şöbələrinin sədrlərinə maaş verə bilmirəm. Çünki vəsaitimiz çatmır. Əmək haqqı verilən rayonlarda da irəliləyiş yoxdur. Sadəcə, partiyanı qoruyub-saxlamağa çalışırıq. Bu şəkildə gedərsə, partiyaların mövcudluğunu qorumaq çox çətin olacaq.

 

- 1992-ci ilin parlamenti indikindən hər cəhətdən fərqlənir. İndi icraedici orqandan asılılıq çoxdur. Sizin üçün bu parlamentdə əyləşmək çətin deyil ki?

- 1992-ci ildə bütün hakimiyyətin taleyi parlamentdə həll olunurdu. Parlamentdən kənarda millətin, dövlətin, hakimiyyətin taleyi yox idi. İcraedici struktur rəhbərlərinin demək olar, hamısı deputat idi. İndi isə hakimiyyətin bölünməsi var, prezidentli respublikadır. Bu respublika hakimiyyət üçün daha vacibdir. O zaman tək Tahir əsəbi deyildi, ziyalılarımız, dövləti idarə edənlər də əsəbi idilər. İndi parlament çox yaraşıqlıdır, bütün deputatların iş otağı, hökumət telefonu var. Etiraf edim ki, o vaxt deputatdan daha çox çəkinir, hörmət qoyurdular, nəinki indi. Bu məni çox sıxır. Bəzən icra orqanlarının rəhbərləri deputatların telefonlarını belə açmırlar, köməkçiləri belə birləşdirə bilmirlər. Bəzən haqqı müdafiə etmək istəyib, bunu belə etmələrini istəyirsən, amma sənə məhəl qoyan olmur. O vaxt parlament qarşısında hər kəsin məsuliyyəti var idi. O parlamentin içərisindən bir müstəqil dövlət doğurdu, ölümümüzü gözümün qarşısına alırdıq, əqidəmizlə müstəqil dövlət qurmuşduq. Bu baxımdan o parlamentin tarixi əhəmiyyəti daha böyükdür.

 

- O parlamentdə Tahir Kərimli qışqıra-qışqıra danışa bilirdi, bəs indi?

- Bir neçə ay bundan əvvəl Qarabağla bağlı çox sərt çıxış etdim. Mənə hətta irad tutulanda dedim ki, cənab sədr, mən istefa verərəm, amma nüfuzsuz deputat olmaram. Amma istənilən halda yaşım o yaş deyil. İndi mühafizəkaram, nə qazanmışıqsa, onun saxlanılmasının tərəfdarıyam. O parlamentdə həmişə qışqıra-qışqıra danışmırdım. Elə bilirlər ki, mən elə hər zaman qışqırıram. Arzum budur ki, elə bir imkan olsun ki, hər kəs sözünü rahat şəkildə deyə bilsin.

 

- Hazırda gündəmin əsas müzakirə mövzularından biri də 2018-ci ildə keçiriləcək prezident seçkiləridir. Artıq 6 nəfər iddiasını ortaya qoyub. Bu sırada sizi də namizəd kimi görə bilərikmi?

- Mən başımdan hündürə tullana bilmərəm. Siyasi və texniki imkanlarım namizəd olmağa imkan vermir ki, prezident olam, hətta istəsəm belə. Namizədliyini irəli sürənlərin hər birinə hörmətlə yanaşıram. Mətbuatdan oxuduğuma görə, Hüseyn Abdullayevin ali təhsili yoxdur. Konstitusiya da ali təhsili olmayana prezident olmağa imkan vermir. Gənc lider sayılan Tural Abbaslı da namizəddir. Onu diqqətlə izləyirəm. Bəzən ona böyük ümidlər bəsləyirəm çıxışlarına görə. Amma mənə elə gəlir ki, onun komandası kifayət qədər deyil. Eləcə də digər namizədlərin. İsa Qəmbər 2003-cü ildə namizədliyini verəndə yüzdən çox partiya, təşkilat onu müdafiə edirdi. Nə Müsavatın əvvəlki gücü qalıb, nə də onu müdafiə edənlərin. Bu baxımdan, açığı deyirəm ki, bugünkü namizədləri hakimiyyətə alternativ hesab etmirəm. Müxalifətin faciəsi odur ki, birləşə bilmir. Verdikləri vədlər də havadan asılı qalır. Ola bilər ki, qəfil hadisələr baş verə bilər və onlar şanslı olar. Amma indiki vəziyyətdə bu mümkünsüzdür. Hətta bundan sonra da müxalif cəbhədən kiminsə namizəd olub, uğur qazanacağını görmürəm. Çünki prezident seçkiləri bütün respublika dairələrində güclü olmağı tələb edir. Bu partiyaların da çoxunun rayonlarda təşkilatları yoxdur. Olan da yox dərəcəsindədir.

 

- Hakimiyyətin gələnilki seçkilərdə namizədinin kim olacağı hələ məlum deyil. Bu istiqamətdə vitse-prezident postunun yaradılmasından sonra bəzi iddialar var...

- Bunlar barədə nəsə deməyə çətinlik çəkirəm. Onu deyə bilərəm ki, hakimiyyətə alternativ olmasa da, yeni namizəd daxildən çıxa bilər. Hakim partiyanın nəzəri cəhətdən qərarı da ola bilər. Amma hər halda, bir ailənin içərisindən iki namizəd olmaz. Bir namizədin olacağı dəqiqdir. Hər şeyi zamana buraxmaq lazımdır. İddialar çox ola bilər. İndiyə qədər tarixdə də təcrübələr az olmayıb ki, ölkə başçısının xanımı prezident olub. Məsələn, Argentinada belə hal oldu və prezident seçilən xanım da ölkəni yaxşı idarə etdi. Yaxın ildə gördük ki, Amerikada da keçmiş prezidentin xanımı rəhbər olmaq istəyirdi. Kim olursa-olsun, arzum budur ki, Azərbaycanda bu korrupsiyanın, ədalətsizliyin, daşlaşmış kadrların sonuna çalışsın. İslahatlar artıq başlayıb, bunu dərinləşdirmək lazımdır. Amma inhisarçılıq, korrupsiya halları aradan qalxmayınca çətin olacaq. (YM)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *