vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ARAŞDIRMA  
15:12 | 2 may 2024 | Cümə axşamı Məqaləyə 527 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkəçarə fəlsəfəsi

“Başına dolanım”, “qadan alım”, “qurban olum” sözlərinin kökü haradan gəlir?

Zaur ƏLİYEV, dosent

Azərbaycanın zəngin xalq sözləri var. Xüsusilə elə ifadələr var ki, onun tarixi qədim dövrlərə təsadüf edir və əsrlərdir xalq dilində hələ də istifadə edilir. Bəzi şəxslər iddia edir ki, guya İslam dinində bu ifadə qadağandır. İslama görə bu mənada olan ifadələr işlətmək qadağan deyil. Çünki, burada bir insan sevdiyi bir kəsə olan arzusunu ifadə edir. Buna bənzər ifadəni Peyğəmbər (s) və onun səhabələri istifadə edirdilər. Məsəl üçün “qurban olum” sözünü göstərə bilərəm, Səhih mənbələr yazır ki, Peyğəmbərin (s) ən yaxın dostu Əbu Bəkr ona “Atam, anam sənə fəda olsun, ya Rəsulallah!” deyə müraciət edirdi. Dini nöqteyi nəzərdən bu ifadələrin istifadə edilməsində qadağalar olmadığını izah edəndən sonra keçək yaranması tarixinə və hələ də xalqın dilində niyə qalıb sualına cavab verək.

Sənətşünaslıq  üzrə alim  Nəsir Rzayev yazır “Başına dolanım”, “qurban olum”, “qadan alım” kimi ifadələr şamanların müalicə məqsədini güdən prosesini təmsil edir.”

Bu isə öz kökünü qədim türklərdə müalicə üsuluna gedib çıxarır. İslamdan əvvəl Azərbaycan ərazisində yaşayan toplumlar arasında sosial, mədəni və dini həyat müxtəlifliyi ilə seçilib. Tarixi mənbələrdən, yazılı daş abidələrdən, şifahi xalq ədəbiyyatından, dastanlardan və folklorlardan da açıq görünür ki, İslamdan əvvəl bütün türk xalqlarında olduğu kimi bu bölgələrdə də yaşayan insanlar çox zəngin və dərin sosial, mədəni həyat səviyyəsinə sahib olublar. Dinin ilkin rüşeymlərini özündən əks etdirən mifoloji dünyagörüşü, etiqad və ayinlər təbiətlə mübarizə aparan ibtidai insanların həyatının, dərketmə qabiliyyətinin tədrici dəyişkənliyi əsasında formalaşıb. Günəşə, aya, təbiət qüvvələrinə, ruhlara inam, əcdadlara pərəstiş türklər arasında geniş yayılıb.

Məhz bu inanc sistemi də tibb və müalicə istiqamətində özünü göstərib. Xalq arasında istifadə edilən “Türkəçarə” sözü də məhz bununla bağlıdır. Qədim şamanların müalicə metodları “türk çarəsi, türkəçarə” kimi yaddaşlarda qalıb və indi də istifadə edilir. Bu gün təbabət əvvəlki dövrlərdən təsəvvürə gəlməz dərəcədə inkişaf edib. Amma qəribəlik burasındadır ki, digər tərəfdən də təbabət daim yeni yaranmaqda olan xəstəlikləri qətiyyən yenə bilmir. Hazırda əczaçılıq sənayesi geniş inkişaf tapıb. Amma bütün bunlara baxmayaraq həqiqətdir ki, dərmanlar insan orqanizminə xeyir verdiyi dərəcədə də ziyan gətirir. Bu, onu sübut edir ki, artıq Azərbaycanda qədim ənənələrə malik olan türkəçarələrə elmi yöndə əsaslanmaqla yenidən qayıtmaq gərəklidir

Məhz bu qədim müalicə növlərinin metodları da xalq arasında “Başına dolanım”, “qurban olum”, “qadan alım” sözlərinin yaranma səbəbidir. Metod necə idi?

1. Başına dolanım – Şaman xəstənin başı üzərində üç-beş-yeddi dəfə fırlanırdı. Şaman huşunu itirənə qədər xəstənin başında fırlanırdı və bir müddət özündə olmurdu. Bu proses Şamanın insanın xəstəyliyinin pis ruhlardan alıb özünə çəkməsi ilə əlaqəli idi. Şamanın huşunun itirməsi də bununla əsaslanırdı. Buna şaman dilində “başına dolanıb xəstəliyi özünə çəkmək” deyilirdi. Xəstə sağalacağı xəbərini alanda Şaman tez özünə gəlirdi, yox uzun müddət huşsuz qalırdısa və ağzından köpük gəlirdisə xəstənin öləcəyi bəlli idi. “Başına dolanım” prosesində xəstə sağalacağı təqdirdə ikinci mərhələ başlayırdı..

2. Qadan alım – ikinci proses olaraq ritual musiqi sədası altında keçirilirdi. Şaman boynuna taxdığı zınqrovlarla səs edərək xəstədən aldığı mənfi ruhu Göyərçinin bədəninə ötürürdü. Bu proses “qadan alım” adlanırdı. şaman dualarını və ayini müşayiət edən musiqinin təsiri altında xəstəlik insandan göyərçinə ötürməsi onu izah edirdi ki, quş  xəstənin qadasını alır, xəstəliyi öz canına qəbul edir.

3. Qurban olum – xəstənin tam sağalması üçün Şaman ritual icra edirdi. Ocağın ətrafında rəqs edir və əlində olan göyərçini sıxıb saxlayırdı. Təxminən od ətrafında 12 dövrədən sonra o, xəstəliyi qurban vermək üçün göyərçinin başını kəsirdi. Bu isə “qurban olum” prosesi adlanırdı şamanizmdə. Bu son proses xəstənin tam sağalacağını göstərirdi.

 Bütün bu üç sözün də tibbi adı var:

1. Ekstraksiya – şaman tərəfindən xəstənin mənəvi bədənindən mənfi enerjinin çıxarılması prosesi.

2. Ruhun qovulması – arzuolunmaz Ruhla qarşılıqlı əlaqədə olduğu proses.

3. Ruhun qayıdışı – xəstə Ruhu itirirsə, şaman ruhu axtarır və xəstəyə qaytarır.

İllərdir istifadə etdiyimiz bu sözlərin Şamanizm müalicə üsulu olaraq dədə-babadan bizə miras qaldığı üçün adi ifadələr deyil. Bunların tarixi qədim inanc və etiqad sisteminə söykənir.