vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ANALİZ  
13:03 | 10 iyun 2018 | Bazar Məqaləyə 1657 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyanın “proqram”ı nə tez hazır oldu?..

Özünüzü ya adam kimi aparın, ya da möhkəm KÖTƏKLƏNƏCƏKSİNİZ!..

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan parlamentində N.Paşinyan hökumətinin təqdim etdiyi proqramın müzakirəyə çıxarılması doğrusu, bizdə bir az təəccüb, bir az da ironiya yaratdı. Səbəbi budur ki, biz hələ Paşinyandan proqram xarakterli bəyanatlar və çıxışlar eşitməmişik.

Düzdür, baş nazir təyin olunandan bir neçə gün sonra belə xəbərlər yayıldı ki, Paşinyan amerikalı iqtisadçı Daron Əcəmoğlunu (Türkiyədə doğulub) özünə məsləhətçi təyin etmək istəyir. Amma sonradan nə qədər çalışsaq da, bu xəbərin nə təsdiqini və nə də təkzibini tapa bilmədik.

Hətta qəbul etsək ki, D.Əcəmoğlu N.Paşinyanın təklifini qəbul edib, yenə də internetdəki məlumatlara görə dünyanın “ən çox istinad edilən 10 iqtisadçısından biri”nin Paşinyanla əməkdaşlığının işarə və əlamətlərini, bir daha deyirik ki, baş nazirin çıxış və ya bəyanatlarında görmürük.

Əgər “proqram” Nikol müəllimin indiyədək səsləndirdiyi fikirlərdən, Gürcüstana səfərindən və orada hətta qonşu ölkənin ərazi bütövlüyünə dəstək ifadə etməsindən, Azərbaycanı isə israrla Dağlıq Qarabağdakı qondarma rejimi münaqişə tərəfi kimi tanımağa çağırmasından ibarətdisə, burada adamın yadına bizim çox məşhur filmlərdən birindəki sözlər yada düşür: Özfəaliyyətiniz elə budurmu?..

Məsələ bundadır ki, Ermənistan iqtisadiyyatı onun siyasətinin, regiondakı çabalarının əsiridir. Bunlar dəyişməyincə ölkə iqtisadiyyatı dirçəlməyəcək. Paşinyan isə bunu başa düşmək, Ankara və Bakı ilə münasibətləri yoluna qoymaq istəmir, bir tərəfdən Rusiya ilə Qərb arasında vurnuxmaqla guya Qərbin də himayəsini və yardımını alacağını düşünür, o biri tərəfdən də regionda demək olar ki, təcrid olunmuş bir ölkəni Gürcüstandan keçən dəhlizi genişləndirməklə böhrandan çıxara biləcəyini düşünür.

Bu iki cəhdin ölkə iqtisadiyyatının reabilitasiyası üçün kafi olmadığı bir tərəfə, onların özlərinin reallaşması da sual altındadır.

Düzdür, artıq Qərbin, xüsusən də ki, ABŞ-ın İrəvana yardım edəcəyi haqda söhbətlər dolaşır. Amma burada iki nüans var. Birincisi, hipotetik yardımın həcmi elə də böyük deyil, söhbət təxminən 300 milyon dollardan gedir. Doğrudanmı, belə bir məbləğ bu qədər sosial – iqtisadi problemləri olan ölkə üçün kifayətdir?..

İkincisi, Gürcüstandan keçən dəhlizin genişləndirilməsi məsələsi də reallaşana oxşamır. Xüsusən də Kremlin Əsəd rejimini də Abxaziyanın və Cənubi Osetiyanın “suverenliyini” tanımağa təhrik etməsindən sonra çətin ki, bu sevda baş tutmuş olsun.

Bəs onda N.Paşinyan nəyə ümid edir? Bu adamın “proqram”ını görsəydik, daha dəqiq bir şey deyə bilərdik. İndilik isə konkret söz demək olduqca çətin məsələdir. Amma güman edirik, onun səylərinin böyük bir hissəsi korrupsiyaya qarşı mübarizəyə və ölkə iqtisadiyyatının dekriminalizasiyana və depolitizasiyasına yönələcək.

Bu işlərin cəlbedici tərəfi odur ki, onların siyasi dividendləri var: bu səmtdəki səylər həm Paşinyanın populyarlığını artıra bilər, həm də onun rəqib düşərgəsinin - kriminal Qarabağ siyasi klanının iqtisadi dayaqlarını sarsıda bilər.

Amma bütün hallarda bunların Ermənistan iqtisadiyyatı üçün güclü nəfəs olacağı düşünülmür. Bir daha deyirik ki, bu nəfəsi təmin etməyin bir yolu var: Bakı və Ankara ilə mövcud münasibətləri dəyişmək. Fəqət, N.Paşinyan bunu istəmir; ya cəsarət etmir, ya da ona da erməniliyi mane olur...

Əvəzində isə elə hey israr edir ki, Dağlıq Qarabağ tərəf kimi tanınmalıdır. Deyən də yoxdur ki, münaqişə tərəfi kimi Dağlıq Qarabağ tanınacaqsa, guya Ermənistanın burada tərəf olması üçün heç bir əsası yoxdursa, sənin oğlunun Dağlıq Qarabağda nə işi var? Deyən yoxdur ki, baş nazir təyin olunan kimi yeni “milli lider” qismində Qarabağa niyə qaçırdın?

Ona görə də proqramla bağlı söz-söhbət, bir daha deyirik ki, adamda yalnız ironiya yaradır. Çox təəssüf ki, Ermənistanda bir proqram var – o da daşnakların bir əsr bundan əvvəl yazdıqları “proqram”dır. Bunun da məğzi hamıya bəllidir – sərsəm “böyük Ermənistan” planı! Ən qəribəsi odur ki, bunlar dılğır (ifadə erməni yazıçısı Q.Matevosyana aiddir), bəli, dılğır bir Ermənistanı yedizdirə və idarə edə bilmirlər, görəsən, “böyük Ermənistan”la nə edəcəklər, yoxsa onu da Rusiyaya icarəyə verəcəklər?

Qərəz, bunların işindən və məntiqindən baş açmalı deyil, hiss olunanı budur ki, bunları yaxşıca kötəkləmək, növbəti dəfə burunlarını, necə var, əzmək lazımdır. Yoxsa düzələsi deyillər. Bu işsə yubanır, daha doğrusu, özümüz bu qədər vacib və həm də savab işi yubadırıq...

Həm də bu məsələdə tək biz lənglik göstərmirik. Rusiyalı politoloqlar oturub fikirləşirlər ki, ermənilər region dövlətlərinin daha hansına ərazi iddiası irəli sürə bilər? Artıq İranı, onun, səhv etmirəmsə, Urmiya gölü ətrafındakı ərazilərini erməni iddialarının növbəti ünvanı təki göstərirlər.

O gün baxıram, “prezindent”ləri A.Sarkisyan deyir ki, Rusiyada yaşayan ermənilərin ana dilindən istifadə etmək imkanı olmalıdır!

Ona görə də düşünürsən ki, bunların “proqram”ında əslində bir cümlə yazmaq lazımdır: Ya bu regionda özünüzü adam kimi aparmağı öyrənin, ya da möhkəm KÖTƏKLƏNƏCƏKSİNİZ!..