vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
09:25 | 27 sentyabr 2023 | Çərşənbə Məqaləyə 4278 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağdamın son ucu

Qərib eldə qaçqınlığın bitməsinin sevinci

Fəxri HACIBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Sırxavənd bizim kənddən şimali-qərbə doğru, dağlıq və meşəlik ərazidə salınmış gözoxşayan təbiəti olan xudmani bir kənd idi. Ona görə “...idi” ki, epiteti indisi barədə istifadə etmək çətindir, yağı əlində olduğu illər ərzində söküb dağıdıblar. Geriyə çox az şey qalıb. O səbəbdən də, indiki halı üçün, gözoxşayan təbiəti olan bir oba, yurd yeridir, deyək. Ən qısa zamanda yenidən qurulacaq, dirçəldiləcək inanaq...

Sırxavənd, adı “Kiçan” olaraq dəyişdirilmiş Ballıqaya kəndiylə üzbəüz idi, arada xırda bir çay, o tayda hay, bu tayda da bizimkilər...

Sırxavənd Xaçın boyu kəndlərdən coğrafi baxımdan bir az aralı düşdüyündən, keçmiş vilayətin inzibati ərazisinə daxil edilmişdi.  Biz Ağdamın həmin çay boyunda sonuncu, onlarsa ərazisi bizdən bir az yuxarıdan başlayan Ağdərənin ilk kəndi idi. Üzü dağlara doğru Ballıqaya, bir az qərbə doğru yolun sağında Dovşanlı, bir az da o tərəfdə Vəng və gedib “Gəncəsər” monastrına çatırdın.

Sırxavənd kəndi Xaçın çayının dağlıq vadisinin bitdiyi, düzən vadisinin başladığı bir növ keçid yerində idi. Dağlıq onlarda bitib, düzən bizdən başlayırdı.

Xaçın vadisi dağlıq ərazidəki dar dərədən keçib biz tərəflərə doğru irəlilədikcə yatağı genişlənir, buradan artıq düzən (Aran) Qarabağ başladığından, daha dürüst təsəvvür olsun deyə onu şərti olaraq bir kuzəyə bənzədək. Xaçının önünə bizdən bir az aşağıda vurulan bəndi də “kuzənin dibi” sayaq.

Sırxavənd də sanki həmin kuzənin uzun, dar boğazının tıxac vurulan yerindəydi. Bu yerin strateji əhəmiyyətini anlamış olmalıdırlar ki, zamanla onun qənşərində yaşayış məskəni salıb, zamanla möhkəmləniblər.

Xocalı faciəsindən 15 gün sonra 12 Mart 1992-ci ildən kənd sakinlərinin qaçqınlıq həyatı başladı. “Xocalıda baş verən qətliamın eynisi bizdə də yaşanar” xofuyla camaat bir neçə saatlıq intensiv olmayan müqavimətin ardından günortadan keçmiş kəndi tərk etdilər. Dinc sakinlər, qadınlı-uşaqlı, qocalı-cavanlı hər kəs, kim haradan gəldi, necə bacardı faktiki mühasirədən çıxıb biz tərəfə pənah gətirdilər. Axşam şər qarışanda kənd tamamilə düşmənin əlində idi.

O günləri heç unutmaram. Hər saatı anbaan yadımdadır.

Uşaqlıq, gənclik travması heç vaxt sağalmaz, unudulmaz.

Ertəsi gün, bizim kəndə də, demək olar ki, yaşayış dayandı. Çünki düşmən “kuzənin dar boğazından” keçib daha geniş alana çıxmışdı və çayboyu kəndləri hər gün artilleriya və raket atəşinə tuturdu.

Mən kəndimizi 13-də tərk elədim. Sonra bir neçə dəfə getsəm də kəndin özünü yox, xarabalıqlarını, tərk edilmiş evlərini, kol-kos basmış, vahimə yaradan səssiz küçələrini gördüm.

Yadımda da (təəssüf ki) elə ən son gördüyüm şəkli qalıb.

Sırxavəndin işğalı və ertəsi, o nəhs mart günü mənim üçün işğalın başlanğıc, didərginliyin əvvəlinci günüdür. Heç unutmadım o tarixi, 30 ildir hər ildönümündə xatırlayırdım o günü. Yəqin bütün ömrüm boyu da xatırlamaqda davam edəcəm.

Bu gün Sırxavəndə bayraq sancıldı. Videosunu gördüm, dostlara, qohumlara yolladım. Sevincimin həddi-hüdudu yox idi.

Rəşadətli əsgərlərimiz Sırxavənddə yerləşən düşmən hərbi hissəsindəki daşnak pərçəmini endirib, şanlı bayrağımızı göylərə  ucaltdılar. Hava da azca küləkli idi, yel vuran kimi dərhal canlandı elə bil. Elə qəşəng də nazı-qəmzəylə dalğalanmağa başladı ki, nağıllarda deyildiyi sayaq, iki göz istərdi dursun tamaşasına...

Bu gün Sırxavənd faktiki olaraq azad edilib, işğalına son qoyuldu.

Bu gün mənim üçün işğal rəsmən son buldu.

Bu gün nəhayət ki, 30 ildir gözlədiyim xəbəri aldım. Vəsilə olanlara alqış. Tanrı şəhid olan qardaşlarımızın ruhlarını şad eləsin. Qutsal ruhlarınız qarşınızda baş əyirəm.

Gözləriniz aydın olsun əziz Sırxavəndli qohumlar, dostlar, el-obam... Gec olsa da ədalət zəfər çaldı, biz haqqımızı geri aldıq, yağı basıldı, düşmən zəbun oldu, günəş doğdu, şər ortadan çəkildi...

Sırxavənd indi Ağdam rayonuna aiddir.

Biz daha Ağdamın son ucu-su, sonuncusu deyilik.

Bizdən sonra da Ağdam var...

26.09.2023, Berlin.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)