vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SƏHİYYƏ, ORDU  
11:58 | 16 iyun 2017 | Cümə Məqaləyə 1773 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İntensiv təlimlərin məqsədi nədir?

İlham Əliyev ordunu yenə poliqonlara yeridir; bu iki ayda üçüncü irimiqyaslı hərbi məşqdir

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin yeni irimiqyaslı manevrlərinin keçiriləcəyini anons edib. Nazirliyin mətbuat xidməti xəbər verir ki, prezident, Ali baş komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyun ayının 19-dan etibarən döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlərdə məqsəd qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılmasıdır.

Təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq. Təlimlər iyunun 24-dək davam edəcək.

Bu, Azərbaycan ordusunun son iki ayda keçirdiyi üçüncü irimiqyaslı təlimlərdir. Həmin təlimlərdən əlavə Azərbaycan silahlı qüvvələri Türkiyə ordusu ilə iki birgə təlimlər, habelə Gürcüstanın iştirakı ilə üçtərəfli təlimlər və NATO proqramı çərçivəsində ayrıca tabor təlimləri keçirib.

Xəbər verildiyi kimi mayın sonlarında Raket və Artilleriya birləşmələrinin döyüş  şəraitinə maksimal yaxınlaşdırılmış şəraitdə irimiqyaslı təlimləri keçirilib. Bu təlimlərdə artilleriya və raket bölmələri planlaşdırılan marşrut üzrə marşı icra edərək cəmləşmə rayonlarına çıxarılıb, gizliliyə riayət etmklə atəş və strat mövqeləri tutub, döyüşün gedişində yerdəyişmə və digər taktiki manevrləri həyata keçirib, habelə praktiki döyüş atışları keçirilib. Həmin təlimlərdə döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək üçün müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən, atəşin korrektə edilməsi üçün isə pilotsuz uçuş aparatlarından istifadə edilmişdi.

Habelə mayın sonlarında-iyunun əvvəllərində Qaraheybət poliqonunda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan  Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirmə təlimləri keçirilib.

İyunun 12-də isə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu ilə Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin birgə irimiqyaslı təlimləri start götürüb, təlimlər bu gün-iyunun 16-da yekunlaşır. Naxçıvanda keçirilən təlimlərdə çoxsaylı zirehli texnika və reaktiv artilleriya sistemləri, raket kompleksləri, digər döyüş texnikası, o cümlədən vertolyotlar tətbiq edilib.

Naxçıvan təlimlərindən əvvəl-iyunun əvvəllərində isə Gürcüstan ərazisində Azərbaycan və Türkiyə xüsusi təyinatlı qüvvələrinin də iştirakı ilə üç ölkənin xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçirilib. Həmin təlimlərdə desant endirilməsi, şərti girovların azad edilməsi üçün xüsusi əməliyyatın keçirilməsi və digər ssenarilər məşq edilib.

Bütün bunlar Azərbaycan ordusunun son iki ayda keçirdiyi təlimlərin heç də hamısı deyil. Mayın 1-də Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb. Təlimlər mayın 5-nədək davam edib.  Təlimlərin məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edib.

Aprelin 16-da isə Azərbaycan Silahlı Qüvvələri Ali baş komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən döyüş şəraitinə uyğunlaşdırılmış daha bir genişmiqyaslı təlimlərə başlayıb, bu təlimlər aprelin 21-nədək davam edib. Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Göründüyü kimi son iki ayı Azərbaycan ordusu demək olar ki, ancaq poliqonlarda keçirib. Bu, son illərdə misli görünməmiş intensivlikdə keçirilən təlimlərdir və regionda başqa heç bir ölkənin silahlı qüvvələri bu cür intensivliklə təlimlər keçirməyib. Azərbaycan ordusunun dalbadal döyüş təlimləri keçirməsi Qarabağa dair sülh danışıqlarının aparılmadığı və təmas xəttində gərginliyin artdığı şəraitdə Bakının işğal altındakı ərazilərini azad etmək üçün döyüşməkdən başqa yolunun qalmadığını göstərir.