vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MÜSAHİB  
00:19 | 31 iyul 2017 | Bazar ertəsi Məqaləyə 2378 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kanallarımızda televiziya intellekti yoxdur»

Vasif Babayev: «Ekran qarşısına çıxan aparıcı tamaşaçını inandırmağa borcludur»

Tahirə MƏMMƏDQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Televiziya elə bir maraqlı dünyadır ki, hamı onunla maraqlanır. Amma hamının bu mavi ekrandan danışmağa haqqı yoxdur. Azərbaycanda televiziyanı beş barmağı kimi bilən beş adamdan biri - görkəmli televiziya və kino rejissoru, Azərbaycanın, SSR-i Xalq artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Vasif Babayevin isə bu rəngarəng dünyadan danışmaq haqqı bəlkə bu gün daha çoxdur. İçərişəhərlilərə məxsus koloritini saxlayan, televiziyanın qeyrətini çəkən, televiziyaya sevgisi olan qonağımla həmsöhbət olmaq xoş təəssürat yaratdı.

Onunla danışan hər bir müsahib əslində televiziya haqqında nə isə öyrənə bilir. Elə biz də öyrənməyə və bunları «Şərq»in oxucuları ilə paylaşmağa çalışdıq.


- Televiziyanın strategiyası necə olmalıdır? Azərbaycan televiziyaları bu gün hansı strategiya ilə işləməyə üstünlük verə bilib?

- Strategiya televiziyanın önəmli tərəflərindən biridir. Hər kanal öz strategiyasını qurmalıdır. Bizdə isə kanallarda bəlli strategiya o qədər qabarıq hiss olunmur. Çünki demək olar hamı biri-birini təkrarlayır. Ümumi televiziyalarımızın bəlası isə odur ki, televiziya intellekti yoxdur. Televiziyanın stilistikası olmalıdır.


- Televiziyanın stilistikası nə dərəcədə onun fəaliyyətinə təsir edə bilir?

- Hər kanalın stilistikasının olması çox vacibdir. Hər kanalın sifəti olmalıdır. Baxın Rusiyanın birinci kanalına. Ya da NTV kanalını izləyin və müşahidə edin. Rusiyada hər kanalın öz rəngi var. NTV telekanalına baxanda görürsən ki, bu kanalın rəngi yaşıldır. Bu kanal yaşıl rənglə özünü təqdim edir. Mavi kanal Rusiyanın birinci kanalıdır.


- Demək ki, kanalın rəng çaları da bəlli olmalıdır ki, tamaşaçı seçimində özünə uyğun olanı seçsin.

- Təbii. Kanalın özünəməxsus üslubu, xasiyyəti, rəngi, çaları, siması olmalıdır. Bizdə çox təəssüf ki, kanallarımızda bu hələki lazımi səviyyədə deyil.


- Televiziyalarımızın ən böyük problemlərindən biri bəlkə də planlaşdırmanın olmaması ilə bağlıdı...

- Bəli, yerli kanallarımızda planlaşdırma, proqramlaşdırma çox zəifdir. Tutaq ki, eyni vaxtda kanalların hamısında eyni kino təqdim olunur. Eyni tipli mənasız əyləncəli, daha dəqiq desəm, tok şoulu verilişlər demək olar ki, bütün kanallarda eyni zamanda gedir. Halbuki kanallar buna nəzarət etməlidir. Bu gün televiziyaya nəzarət edən səlahiyyətlilər bu məsələlərə diqqət yetirməli, tövsiyələrini bildirməlidirlər. Televiziyalarımızda mövzu qıtlığı yoxdur, amma forma eynidir. Orijinal üslub olmalıdır ki, tok-şoulardakı tamaşaçı yorulmasın. Təkcə qadağa, ya da tənqidlə də iş bitmir. Televiziyaya nəzarət edən qurumda olanlar televiziyanı dərindən bilməlidirlər ki, düzgün istiqamət verə bilsinlər.


- Televiziyada tamaşaçı qarşısına çıxmaq məsuliyyətdirsə, bu günün TV simaları bu məsuliyyəti daşıya bilirmi?

- Bu gün Azərbaycan televiziyalarının aparıcıları da demək olar, biri-birinə oxşayır. Aparıcılarımızda üslub, geyim, tərz, görünüş oxşarlığı var. Bu, yorucu görünə bilir. Televiziya sadə, amma bəsit görə bilməz. Televiziyada şəhər mədəniyyəti olmalıdır.


- Bunu qınaq kimi də qəbul edənlər ola bilər. Şəhər mədəniyyəti deyiləndə bölgələrimiz kölgədə qalmış olmur ki?

- Bizdə sözü yozmaq onsuz da adətdir. Mən yenə də məsuliyyətlə o sözümü deyirəm ki, televiziyalarda şəhər mədəniyyəti olmalıdır. Mən 1959-cu ildən televiziyada böyümüşəm. Mənim müəllimlərim Arif Babayev, Rauf Kazımovski kimi dahi şəxsiyyətlər olub. Bir il televiziyada fəhlə kimi çalışdıqdan sonra instituta daxil olmuşam. Artıq ali təhsil aldıqdan sonra 1964-cü ildə televiziyaya rejissor köməkçisi kimi gəlmişəm. Bu günün aparıcılarının əksəriyyətinin intellekti, savadı yoxdur. Soruşuram bu gün efirdə olan bir çox aparıcılar harada televiziya dərsi alıblar? Televiziya haqqında nə bilirlər? Bilirsiz, bu mənim həqiqətən yaralı yerimdi. Bu gün televiziyada olan, özünü yetərincə peşəkar televiziyaçı hesab etdiyini iddia edə bilən varsa, onlarla televiziyanı müzakirə etmək arzusundayam. Varmı? Televiziyanın xətti olmalıdı. Bizdə o xətt bəlli deyil. Ötən əsrdən başlayaraq televiziyanın yaranmasında əməyi olan, televiziyanı dərindən mənimsəyən insanlarla niyə bu gün fəaliyyət göstərən kanallar işbirliyi qurmur? Cavan qız ayağını ayağının üstünə aşırıb mənim yaşımda olan tamaşaçıya nə öyrədə bilər? Axı tamaşaçı 19-20 yaşlı, qısa ətəkli aparıcının dediyinə necə inana bilər? Tamaşaçıların hamısı 20 yaşında deyil ki, ekranda danışan o cılız qızın dedikləri ilə razılaşsın.


- Bu gün bəzi aparıcıların yaşının çox gənc olması, biliklərinin zəifliyi tamaşaçıda inamsızlıq yaradır deyirsiz?

- Bəli. Televiziyada ekran qarşısına çıxan aparıcı tamaşaçını inandırmağa borcludur. Sən tamaşaçını inandıra bilmirsənsə, əvvəl aparıcıya sima olaraq inam olmayacaq, sonra da siması olduğu kanala inam qalmayacaq. Bilirsiz, bu o qədər televiziyada incə, həm də önəmli bir strategiyadır ki, bunu diqqətdən kənarda qoymaq televiziyadan xəbərsiz olmaq deməkdir. Demirəm ki, bu gün kanallarımızda bütün aparıcılar savadsızdı, yaxşı verilişlər yoxdur. Qətiyyən o fikri çatdırmaq niyyətində deyiləm. Bizim kanallarda da bir sıra maraqlı verilişlər, səviyyəli aparıcılar var. Təəssüf ki, lazımi qədər deyil. Tamaşaçı qarşısına elə aparıcı çıxarmaq lazımdı ki, ona inam olsun, o informasiyanı tamaşaçıya çatdıra bilsin. Bunun üçün formalaşmış insanlar televiziyada olmalıdır. Azərbaycan xalqının dəyərləri var, milli düşüncəsi var. Bu, televiziyalarda hiss olunmalıdır.


- Çox təəssüf ki, kənd ləhcələri, jarqon ifadələr, küçə danışığı sərbəstlik, təbiilik adı ilə televiziyaya gətirilib. Bir çox aparıcılar bəzən efirdə bölgələrin ləhcəsi ilə danışır. Bu, nə dərəcədə düzgündür?

- Siz mənim elə yaralı yerimə toxunursuz ki, bu mövzuları bir söhbət əsasında da danışmaqla həll etmək mümkün deyil. Televiziyada kənd ləhcələri, küçə danışığı ilə danışmaq yanlışdır. Mən bayaq ona görə dedim ki, televiziyada şəhər mədəniyyəti təqdim olunmalıdır. Bu gün bizi təkcə özümüz deyil, digər ölkələrin, xalqların nümayəndələri də izləyirsə, bu məqamı xüsusilə diqqətdən kənarda qoymaq olmaz. Televiziya tamaşaçıya hörmətlə, diqqətlə yanaşmalıdır.


- Yəni televiziyada tamaşaçıya sevgi olmalıdır?

- Bəli, televiziyada tamaşaçıya sevgi olmalıdır. Efirdə olan aparıcının tamaşaçıya sevgisi olmalıdır. Sən bu sevgini hiss etmirsənsə, tamaşaçı qarşısına çıxa bilməzsən. Buna ixtiyarın yoxdur.


- Deməli, tamaşaçıya münasibət olmalıdır ki, sən ünsiyyət yarada biləsən?

- Televiziyada tamaşaçıya münasibət yoxdursa, o planlı, bayaq qeyd etdiyim kimi, strategiyasız fəaliyyət göstərirsə, tamaşaçı səni qəbul etməz. Bu gün kanallarımızın bəzilərinə tamaşaçının inamı qalmayıb. Çünki reytinq qurbanı olan kanallar yalandan göz yaşı ilə tamaşaçını aldatmağa üstünlük verirlər. Sənin yalanını tamaşaçı bir dəfə gördüsə, artıq növbəti dəfə sənə inam qalmayacaq. Hətta sən düz olan informasiyanı da ona sata bilməyəcəksən.


- Yəni ruh bədəndən bir dəfə çıxırsa, qayıtmadığı kimi, televiziyaya da inam itdisə, onu bərpa etmək mümkün olmur.

- Televiziya da əslində canlıdır. Orada baş verənlər zamanla özünü hiss etdirir. Sən xəstə orqanizmlə necə sağlam təfəkkürlü insana təsir edə bilərsən? Bir dəfə inamı itirdinsə, onu bir də qaytarmaq bəlkə də illərini aparar. Mən ümumi şəkildə televiziya rəhbərlərinə sual ünvanlayıram. Görən, onlar öz kanallarının rəngini təyin edə bilirlərmi? Bilirsən ki, sənin kanalın hansı rəngdədir?

Baxın Türkiyə kanallarına. Bizdə televiziya vaxtilə onlardan daha üstün şəkildə fəaliyyət göstərib. Amma bu gün görün necə formalaşa biliblər. Rusiya kanallarından nəsə öyrənməyə çalışın. Rus olanda nə olar ki, onlardan öyrənmək qəbahət deyil ki. Rusiya kanallarının stilistikasına, proqramlaşdırmasına, üslubuna baxın, inanın onlardan öyrənməyə dəyər.


- Aparıcıların geyim tərzi, stilləri, makiyajı, bunlar nə dərəcədə televiziyada nəzərə alınan amillərdi?

- Sovet dönəmində Azərbaycan televiziyalarına çalışan mütəxəssislər, rejissoru da, operatoru da, rəssamı da hamısı Rusiyada, Moskvada, Leninqradda təhsil alırdılar. Ən azı Rusiyada olan bir illik kurslarda televiziyanı öyrənib sonra işə götürülürdülər. Ali dərəcəli operatorlar, rejissorlar yetişirdi o vaxt. İndi mağarda kamera çəkən də televiziyada rejissor ola bilir. Bu gün yerli kanallarımızda aparıcılara baxanda adamın ürəyi sıxılır. Verilişə uyğun tərz aparıcıda yaradılmalıdır. Onun geyimindən tutmuş, saç tərzinə qədər. Bizim televiziyalarda demək olar ki, bu yoxdu. Bizdə bir dənə yaşlı nəslin aparıcısı qalmayıb. Sən ciddi, sosial problemlərdən danışarkən, ya da teatr kimi ciddi bir sahədən danışırsansa, onu 20-25 yaşlı gənc aparıcı tamaşaçıya necə izah edə bilər. Bu gün bir çox aparıcılar efirə hazırlıqsız çıxırlar. Qonaqlarının kimliyindən xəbərsizdilər.


- Televiziyada rejissor işinə nə dərəcədə ehtiyac var? Bizdə bəzi verilişlər rejissorsuz, ideyasız çəkilir.

- Televiziyada istənilən verilişdə mütləq rejissor işinə ehtiyac var. Bizim vaxtımızda ali təhsilli rejissoru belə birdən-birə gətirib rejissor kimi işlətmirdilər. Əvvəllər rejissor köməkçisi olaraq fəaliyyət göstərirdi. Praktiki hazırlıqdan sonra tədricən rejissor kimi çalışmağa icazə verilirdi. Təbii ki, televiziyada olan istənilən verilişdə rejissor işi önəm daşıyır. Sən iynəsiz necə paltar tikməyə çalışırsan. Televiziyada da rejissor iynə, ilmə rolunu oynayır. Biçmədən, tikmədən sən nə təqdim edə bilərsən? Bəzən verilişlərdə rejissor işi görünmür. Deməli, artıq tamaşaçıya səliqəsiz. Biçimsiz veriliş təqdim olunur. Etiraf edirəm ki, mən yerli kanallara az baxıram, yenilik axtarıram, tapa bilmirəm. Axı tamaşaçı axtarışda olur. Amma Rusiya kanallarını izləyəndə bu gün də maraqlı nəsə tapa bilirsən. Kanal öz stilistikasına sadiq olmalıdır. Savadsızlar, televiziyadan anlayışı olmayanlar televiziyaya ayaq açıb. Bəlamız budu.


- Televiziya rəhbərlərinin bəzilərinin televiziyadan xəbərsiz olması da bu gün yaranan problemləri qabartmağa səbəb ola bilərmi?

- Elə səbəb də, səbəbkar da kanal rəhbərlərinin bəzilərinin televiziyadan xəbərsiz olmasıdır. Kanal həmin kanalın rəhbərinin simasını göstərmiş olur. Televiziyanın quruluşunu bilməyən insan televiziyaya necə rəhbər ola bilər? Bir də vicdanlı olmaq lazımdı. Televiziya cəmiyyətə məlumat verən, onu maarifləndirən, informasiya çatdıran, maarifləndirən bir qurğudur. Sən o qurğudan səhv istifadə edə bilməzsən. Bu, tamaşaçının təfəkkürünü iflic edə bilər.


- Televiziya estetikasından da danışaq bəlkə.

- Televiziya estetikanı sevir. Efir estetikanı tələb edir. Rəngindən tutmuş, işıq quruluşuna, səhnə dekorasiyasına, danışıq üslubuna qədər televiziya estetik görünməlidir. Mənim bu gün söylədiklərimin heç birini də əslində tənqid kimi deyil, tövsiyəm, məsləhət kimi qəbul etmələrini istəyirəm. Bunlar mənim subyektiv fikirlərimdi. Eyni zamanda bir tamaşaçı baxışını təqdim edirəm. Mən televiziyaya sevgisi olan insanam. Bu sevgidən çıxış etdiyim üçün də arzusundayam ki, iş prosesində zamanla bu problemlər həllini tapsın. Əslində əminəm ki, bu xırda qüsurlar aradan qalxacaq. Çünki bu gün dövlət səviyyəsində televiziyaya, mətbuata dəstək var. Mehriban xanım mədəniyyət sahəsinə istər maddi, istər mənəvi köməyini göstərir. Elə televiziyanın estetikası oradan başlayır. Biz bu gün Muğam müsabiqəsi kimi böyük bir layihəni televiziyada təqdim ediriksə, Azərbaycan televiziyasının estetikası artıq burdan formalaşmış olur. Təkcə bununla da bitmir. Ölkədə keçirilən mədəniyyət sahəsində olan yeniliklər, beynəlxalq səviyyəli tədbirlər də televiziyanın fəaliyyət dairəsini genişləndirə bilir.