vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
12:21 | 10 avqust 2017 | Cümə axşamı Məqaləyə 1934 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pentaqonun Şimali Koreya planı

B-1B «Lancer»lər Kim Çen Inın «Xvason»larına qarşı

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-la Şimali Koreya arasında qarşılıqlı hədələrlə müşayiət olunan gərginlik hər an tərəflərdən birinin «tətiyi çəkməsinə» gətirib çıxara bilər. Virtualaz.org xəbər verir ki, hazırda dünya mediasının nəzərləri bu böhrana yönəlib. ABŞ-ın Sakit okeandakı forpostunda-Quam adalarında və Yaponiyada insanlar Şimali Koreyanın mümkün nüvə zərbələrinə qarşı bacardıqları qədər hazırlıqlı olmağa çalışırlar. Məsələn, yaponlar yeraltı bunkerləri satın alırlar və ya kirayə edirlər.

Pentaqon isə Şimali Koreyanın Quam adalarına və ya Yaponiyaya qarşı ballistik raketlərini nə zaman işə salacağını oturub gözləmək niyyətində deyil. ABŞ Müdafiə Nazirliyi Şimali Koreyanın raket bazalarına və poliqonlarına kütləvi bomba zərbələrinin endirilməsinə dair preventiv plan hazırlayıb. Planla bağlı hazırlıqlar tamamlanıb və prezident Donald Tramp əmr versə, Pentaqon hərəkətə keçəcək.

«NBC News» telekanalına danışan keçmiş və indiki yüksək vəzifəli rəsmilər deyiblər ki , plana əsasən Şimali Koreyanın 20-yə qədər raket bazası və sınaq poliqonları, habelə köməkçi obyektləri zərbələrin hədəfi olacaq. Hücumlar ABŞ Hərbi Hava Qüvvələrinin Quam adalarındakı «Andersen» aviabazasında dislokasiya olunmuş B-1B ağır strateji bombardmançıları tərəfindən həyata keçiriləcək. Bu məqsədlə iki B-1B bombardmançısı may ayından etibarən 11 təlim keçirib. Son günlər isə məşqlər sürətləndirilib. Şimali Koreya hədəflərinə zərbə zamanı bombardmançıları peyk və pilotsuz uçan aparatlar dəstəkləyəcək, qırıcılar müşayiət edəcək.

Hazırda Quam adalarındakı hərbi bazada 6 B-1B «Lancer» bombardmançısı mənzillənib. Bundan əvvəl Şimali Koreya komandanlığı Quam adalarına, o cümlədən «Andersen» aviabazasına orta mənzilli ballistik raketlərlə zərbə endirilməsi planı üzərində işin tezliklə başa çatacağını, həmin planın Kim Çen Ina təqdim olunacağını bəyan edib.

Beləliklə, tərəflər arasında hazırda əsəb müharibəsi gedir və beynəlxalq ictimaiyyət narahatdır ki, Şimali Koreya ilə ABŞ arasında münaqişə alovlansa bu, nüvə silahlarının tətbiqi ilə müşayiət oluna bilər. Görünür təsadüfi deyil ki, Pentaqon rəhbəri general Ceyms Mattis Şimali Koreya rejimini «koreya xalqının və rejimin məhvinə aparıb çıxaracaq siyasətdən çəkinməyə» çağırıb.

Pentaqonun Şimali Koreyanı bombardman üçün hazırladığı B-1B «Lancer» bombardmançıları nüvə silahları da daşıyır. Bu bombardmançılar ABŞ-ın ötən 20 ildə keçirdiyi iri hərbi kampaniyaların hamısında tətbiq olunub. 1998-ci ildə ABŞ bu təyyarələrdən İraqa qarşı «Səhra tülküsü» əməliyyatında istifadə edib. Amerika aviasiyası İraqın hava hücumundan müdafiə sistemini sıradan çıxarandan sonra bombardmançılar ikinci eşelonda uçaraq Səddamın Respublika qvardiyasının bazalarını dağıdıb. 2001-2002-ci illərdə Əfqanıstanda «Taliban» rejiminə qarşı hərbi əməliyyatlarda isə B-1B bombardmançıları 4 minə qədər hədəfə lazerlə yönləndirilən JDAM bombaları, o cümlədən koalisiya qüvvələrinin bütün aviabombalarının 40 faizini istifadə edib.

B-1B bombardmançıları 2003-cü ildə İraqa qarşı hücumda da aparıcı rol oynamışdı. Bu əməliyyatda 11 belə bombardmançı istifadə olunub, minlərlə bomba atılıb. Sonradan ABŞ həmin təyyarələrdən Liviya və Suriya hava əməliyyatlarında da istifadə edib.

Pentaqonun kifayət qədər təcrübəli, döyüş təcrübəsi keçmiş pilotlara da malik olduğu nəzərə alınsa B-1B bombardmançıları Şimali Koreyanın hava hücumundan müdafiə sistemini keçib bu ölkənin raket bazalarını xüsusi çətinlik çəkmədən vura bilər. Lakin məsələni qəlizləşdirən budur ki, Şimali Koreyanın raket bazalarının çoxu dağlarda, yeraltı bunkerlərdə yerləşir. Bu bunkerləri adi döyüş sursatı ilə dağıtmaq mümkün deyil. Deməli  ABŞ strateji bombardmançılarının adi döyüş başlıqlı bombalarla preventiv zərbələr endirməsi nəticəsində Pxenyanın «Xvason-12» və «Xvason-14» ballistik raketlərinin hamısı sıradan çıxmaya bilər. Belə vəziyyətdə Kim Çen In kimyəvi və ya nüvə başlıqlı raketlərlə cavab zərbələrinə əl atardı.

Analitiklər qeyd edirlər ki, Şimali Koreyanın zərbələri minlərlə Amerika əsgərinin mənzilləndiyi Cənubi Koreyada və Yaponiyada böyük dağıntılara, tələfata gətirib çıxaracaq. Əgər Pxenyan cənuba qarşı nüvə başlığı istifadə etsə bu əsl qiyamət günü olardı və cəmi bir neçə dəqiqəyə yüz minlərə insanın ölümünə gətirib çıxarardı. Bu baxımdan ABŞ strateqləri Kim Çen Inı cilovlamağın elə yollarını axtarırlar ki, Şimali Koreya diktatorunun cavab zərbələri endirmək imkanı olmasın.