vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AVROPA  
09:24 | 26 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2888 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Merkeli sevdirən səbəblər

Almaniya tarixində rekordlara imza atan dəmir ledi kimdir?

Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada sentyabrın 24-də keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi alyans qalib gəlib. Bülletenlərin 100 faizinin hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33 faiz səs toplayıb. İkinci yerdə Sosial-Demokrat (20,5 faiz), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır -12,6 faiz.

Beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10,7 faiz), Sol Partiya (9,2 faiz) və Yaşıllar Partiyası da (8,9 faiz) Bundestaqda təmsil olunacaqlar. 1950-ci ildən bəri ilk dəfədir ki, Almaniya parlamentinə 6 partiya düşüb.

Qeyd edək ki, Sosialist Demokrat Partiyası 1949-cu ildən bəri ən aşağı nəticə göstərib. Miqrantlara qarşı sərt mövqeyi ilə seçilən ultrasağçı Almaniya üçün Alternativ Partiyası isə tarixində ən yüksək göstəriciyə nail olub. Almaniya qanunvericiliyinə əsasən, yeni formalaşacaq parlament ölkə kanslerini seçəcək.

Almaniya kansleri A.Merkel yeni Nazirlər Kabinetinin dekabrın 25-də qeyd olunan katoliklərin Milad bayramına qədər formalaşdırılacağını deyib.

A.Merkel 17 iyul 1954-ci ildə Hamburq şəhərində anadan olub. Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund - Nordvorpommern - Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə federal nazir təyin edilib. 1994-1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) - ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçilib.

2005-ci il federal seçkilərinin ardından A.Merkel Almaniyanın ilk qadın Federal Kansleri təyin edilib. Merkel Almaniya tarixində hər iki vəzifəni tutan ilk qadındır.

Uşaq vaxtı alma şirəsi və kotleti çox sevən Angela böyüyəndə müəllimə olmağı arzu edib. Orta məktəbdə oxuduğu vaxt gələcək kanslerin ən çox sevdiyi fənnlərdən biri də rus dili olub. 1968-ci ildə 14 yaşlı Angela Almaniya Demokratik Respublikasında rus dili üzrə keçirilən ümummilli olimpiyadada qalib gəldiyi üçün Moskvaya gəlmək şansı qazanıb.

A.Merkel qətiyyətli siyasətçi olmaqla yanaşı, sadəliyi ilə də seçilir. O, heç vaxt bilərzik, üzük, sırğa taxmır. Klassik musiqiyə üstünlük verən xanım kansler operanı çox sevir. Frau Merkel əsl futbol azarkeşidir. Bu ona kişi siyasətçilərlə kontakt qurmaqda çox kömək edir. Ona edilən 150 avrodan baha olan bütün hədiyyələri parlamentə təhvil verir. Burada həqiqətən də digər dövlət başçıları tərəfindən edilən bahalı hədiyyələri görmək olar. Tətilini təbiət qoynunda keçirməyi çox sevən Merkel bütün xərclərini öz cibindən ödəyir. Onun nə yaxtaları, nə dəbdəbəli sarayları, nə də şəxsi modelyerləri var. Yalnız nəsə yeni bir paltar lazım olanda, dərzi qadın Merkelin evinə gələrək müəyyən ölçüləri götürür və onun üçün yeni paltar tikməyə başlayır. O, çox nadir hallarda ətək və ya don geyinir. Merkel daha çox kostyum və bleyzerlərə üstünlük verir. Səhər yeməyi zamanı isə qəhvə əvəzinə nanəli çay içir. Gün ərzində 70-ə yaxın sms yazan Merkelin nə elektron poçtu, nə də noutbuku var. Son zamanlar yalnız iPad-ı var. Onu da ki, xəbər saytlarını izləmək və birjada baş verənlərdən xəbər tutmaq üçün istifadə edir.

Gənc yaşlarında qaragilə alveri edən Angela Merkel Leypsiqdə təhsil aldığı illərdə «Angela» diskotekası təşkil edirdi. Bu diskotekalarda da o, boş oturmurdu, cibxərci əldə etmək üçün şirə və digər içkilər satırdı. Həmyaşıdlarının «Rolling Stones»dan ötrü dəli-divanə olduğu bir vaxtda, Angela «Beatles» qrupunu çox sevirdi. Fransız dilini çox sevməsinə baxmayaraq, bu dili öyrənə bilmədiyi üçün yaman təəssüflənən A.Merkelin heç şəxsi mənzili də yoxdur. Kansler olduqdan sonra xidməti mənzilə köçməkdən imtina edən Merkel hazırda Berlinin mərkəzində kirayə tutduğu mənzildə yaşayır. Bağ-bağçada çalışmağı çox sevir, qəşəng əl qabiliyyəti də var. O, çox dadlı yeməklər bişirir. Bir dəfə ondan soruşanda ki, kişilərdə ən çox nəyi bəyənirsiz? O cavab verib ki, gözəl gözləri.

Damarlarında polyak qanı axan Angelanın əvvəlki soyadı Kasnerdir. Kanslerin babası Polşadan Almaniyaya köçən Lüdovik Kazmirçek öz soyadını alman dilinə uyğunlaşdıraraq Kasner edib.

Diplomatik dairələrdə isə Merkeli «Odda yanmaz, suda batmaz» adlandırırlar. Çünki o, istənilən vəziyyətdən çıxa bilir.

Merkel Almaniya parlamentinin tarixində partiyası ard-arda 4 dəfə seçkidə qalib gələn liderdir.

Alman xalqı niyə yenidən Merekelə üstünlük verdi? Bu qadın liderin 4 dəfə ard-arda seçkinin qalibi olmasının sirri nədir? Radikal millətçilərin parlamentdə üçüncü yerə sahiblənməsi nədən qaynaqlanır?

Politoloq Elşən Mustafayev bildirdi ki, Avropada partiyalaşma siyasətində hər zaman 2 qüvvə öndə olub-mühafizəkarlar və sosial demokratlar. Hakimiyyət uğrunda mübarizə də bu qüvvələr arasında gedib. Digər partiyalar bunlardan həmişə geridə olublar. Alman mühafizəkarlarının lideri olaraq Merkelin bu seçimləri qazanması da bu mübarizənin məntiq nəticəsi idi. Alman xalqının Merkelə 4-cü dəfə səs verməsinin bir neçə səbəbləri var: «Birincisi, Angela Merkel dünyada tanınan, hörmət edilən, Marqaret Tetçer  və digər Avropa nəhəngləri ilə bir sırada durmağa layiq siyasətçidir. Bunu alman xalqı bilir və görür. İkincisi, onun kansler olduğu 12 ildə alman iqtisadiyyatı və alman xalqının rifahı öncəki hakimiyyətlərlə müqayisədə xeyli artdı. Hansı ki, həmin illərdə Avropa İttifaqına daxil olan dövlətlərin əksəriyyətində iqtisadiyyatda mütəmadi enişlər olurdu. Ən önəmlisi isə Merkel Almaniyanı dünya siyasətini müəyyən etməyə çalışan bir neçə dövlətdən birinə çevirdi ki, bu gün hamı onunla hesablaşır. Bu isə özünü sevən, özünə hörmət edən alman xalqı üçün vacib şərtdir. Son 10 ilə qədər Avropa siyasətinə ağsaqqallıq edən Böyük Britaniya idisə, bu gün bu qüvvə Merkelin sayəsində Almaniyadır. Əsasən bu amillər seçiciləri yenidən Merkeli dəstəkləməyə inandırıb. Başqa bir tərəfdən, mühafizəkarların əsas rəqibi olan sosial demokratlar Martin Şultsun liderliyində uğursuz kampaniya apardılar . Nəticələrə görə ikinci olsalar da  təxminən son 50 ilin ən aşağı nəticəsini qazandılar».

Ekspertin fikrincə, seçkidə radikal millətçilərin 12,6 faizlə parlamentə daxil olmasını isə təsadüfi saymaq olmaz. Bu partiya populist ideyalarla təbliğatını quraraq seçici sayı qazandı: «Onlar əsasən miqrantlar və İslam əleyhinə təbliğatlarını aparmaqla məşğul idilər. Bilirik ki, Almaniya yaxın Şərqdən ən çox miqrant qəbul edən dövlətdir. Həmin miqrantların bir qisminin fərqli mühitə adaptasiya problemi olduğu üçün davranışlarında insanları hiddətləndirəcək  hərəkətlər baş verirdi və bu hiddət miqrantlara qarşı bir nifrətə çevrilmişdi. Bundan istifadə edən millətçilər həmin narazı təbəqənin səslərini qazanmaq üçün onların ürəyindən keçənləri deməyə başladılar və məlum faizi toplaya bildilər».

E.Mustafayev qeyd etdi ki, son illərdə digər Avropa dövlətlərində də millətçi partiyalar parlamentə eyni taktika ilə daxil olublar. Avropanın istənilən dövləti Almaniyanın qəbul etdiyi sayda miqrant qəbul etsəydi, seçkilərdə tam məğlubiyyətə uğrayardı. Amma Merkelin siyasəti sayəsində bu baş vermədi. Hətta ekspertlər 4 il sonra olacaq növbəti seçkilərdə millətçilərin parlamentə düşə bilməyəcəyini də söyləyirlər.