vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
MƏMLƏKƏT  
20:45 | 17 noyabr 2017 | Cümə Məqaləyə 2838 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abutalıbov üçün istefa hazırlığı

Özü yox, səlahiyyətləri iflic olub - iddia olunur ki, Hacıbala Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarın onunla yollarını ayıracağına işarə ola bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) başçısı Hacıbala Abutalıbovun tezliklə istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yenidən intensivləşib. Gələn ilin yanvarında icra başçısı təyinatının 18 ili tamam olacaq Abutalıbovun səhhətinin pisləşməsi, iflic olduğu üçün gecə ilə Almaniyaya aparılması haqda xəbərlər də bu baxımdan diqqət çəkir.

BŞİH-dən Bakı merinin beyin insultu keçirməsi ilə bağlı yayılan məlumatlara dərhal münasibət bildirərkən deyiblər ki, Abutalıbov işə çıxır və səhhəti də yaxşıdır. Sonra Abutalıbov özü də açıqlama vermək məcburiyyətində qalıb: «Mən hazırda iş başındayam. Bu dəqiqələrdə müdriklikdən müqəddəslik zirvəsinə qədər ucalmış Heydər Əliyevlə görüşüb gəlirəm. Mən nəinki şeytanı mələyə çevirmək istəyənlərə, özlərilə bacaran və talelərilə razılaşan insanlara, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm».(modern.az)

Məlumatların kimlər tərəfindən yayılmasına gəlincə, H.Abutalıbov  konkret fikir bildirməyib: «Kimliyindən asılı olmayaraq, gəlin, hamımız bir yerdə bizə alın yazısı kimi verilmiş tale ilə razılaşıb, xoşbəxt olmağı bacaraq».

73 yaşlı BŞİH rəhbərinin səhhətində ciddi problemlər olması barədə xəbərdə bəlkə də qeyri-adi heç nə yoxdur, o səbəbdən ki, o da xəstələnə bilər. Amma bu «iflic» xəbərinin yaxın vaxtlarda iqtidarda ciddi kadr dəyişikliklərinin gözləndiyi vaxta təsadüf etməsi diqqəti yenidən Abutalıbovun gizəmli personasına yönəldir.

Sirr deyil ki, bir neçə ildir ki, Abutalıbovunun da vəzifə ilə vidalaşmış Ziya Məmmədov kimi səlahiyyətlərinin «iflici» prosesi  gedir. Ən son olaraq Dövlət Reklam Agentliyinin yaradılması və BŞİH-nin milyonların dövr etdiyi reklam bazarından çıxarılması buna sübut ola bilər. Məlumdur ki, Abutalıbov reklam biznesini itirənədək də bir çox ciddi gəlir qaynaqlarından faktiki, məhrum edilmişdi. Abutalıbovun səlahiyyətləri  «budandıqca» onun  hakimiyyətin rəsmi media orqanlarında  tənqid edilməsi faktları artıb. H.Abutalıbovun bu qədər tənqidlərə  rəğmən vəzifədə qalması, iddialara görə, onun yerinə uyğun namizədin hələ ki olmamasıdır. 2001-ci ildən paytaxt təsərrüfatına rəhbərlik edən H.Abutalıbovdan narazılıq təbii ki, çoxdur. Bu, narazılıq təkcə Bakı sakinlərinin davranışlarında deyil, hakimiyyətin ən yüksək eşelonunda da nəzərə çarpmaqdadır. Abutalıbov özü də bu durumdan məmnun deyil, indi o, aylarla gözə dəymir, yalnız ara-sıra dövlət tədbirlərində  görünür. Reklamı və publikanı sevən Abutalıbova indi bunun üçün şərait də yoxdur...

BŞİH postu, məlum, siyasi hakimiyyət üçün mühüm əhəmiyyət kəsb edir, baxmayaraq ki, əsasən təsərrüfat işləri ilə məşğuldur. Bakı meri olmaq istəyənlər çoxdur və bu posta indiyədək onlarla məmurun adı hallanıb.  İddia olunur ki, Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarının  onunla yollarını ayıracağına işarədir. Mümkündür ki, Abutalıbovun  işdən uzaqlaşdırılmasını tezləşdirmək istəyənlər, onun postuna  can atanlar da bu xəbərin yayılmasında maraqlı olsunlar.  Ancaq reallıq budur ki, Abutalıbov  artıq Bakını əvvəlki kimi  idarəetmə gücündə deyil və onun təqaüdə göndərəcəklər.

Qeyd edək ki, iddialara görə, ilin sonunda  həm Bakının və bir neçə rayonun, eləcə də əyalət icra başçılarının bəzilərinin dəyişdirəcək. Prezident Administrasiyasında aparılan islahatlar, Nazirlər Kabinetində bir neçə şöbənin ixtisar olunması, bəzi şöbə müdirlərinin yaş həddinə görə işdən çıxarılmasından sonra sıra yerli icra hakimiyyətlərinə çatıb.  Məlumatlara görə, Yeni ilin ilk yanvar müşavirəsinədək  təkcə icra başçıları deyil, hətta bir neçə nazir və komitə sədri də dəyişdiriləcək.

Sonda. Bir neçə il əvvəl Abutalıbov mediaya açıqlamasında ölümdən qorxmadığını deyərək, əsas qorxusunun  futbol üzrə dünya çempionatına baxa  bilməyəcəyinin olduğunu demişdi. Hadisələrin gedişi göstərir ki, Abutalıbov yaxınlaşmaqda olan dünya çempionatına rahat baxmağa hazırlaşa bilər.