vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9254 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1593 AZN
Türk lirəsi 1 TRY = 0.2621 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SƏNƏTÇİ  
12:53 | 8 avqust 2018 | Çərşənbə Məqaləyə 163 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ondan eşitməyi arzuladığım etiraf

Akif İslamzadənin 70 yaşına

Rafael HÜSEYNOV

Nəsə ürəyimdən keçdi ki, bu gecə yarısında növbəti yuvarlaq ad gününün astanasında dayanan dostumuz Akif İslamzadə haqqında bir para düşüncələrimi bölüşüm.

Düz 70 il əvvəl bu saatlardamı, ya bir az sonramı, amma hər halda artıq başlanmış olan bu gün içərisində, 1948-ci ilin 8 avqustunda unudulmaz Sara xanım Qədimova övladını dünyaya gətirməyə hazırlaşırdı.

Uşaq doğmaq nə qədər ağır iş olsa da, hər halda Sara xanım bir qadın olaraq təbiətən buna hazır idi, balasını 9 ay bətnində daşımaqla bu yolun əziyyətini də dadmış, ana olmağın ağrısını da çəkmiş, sevincini də duymuşdu.

Çətin olan Akifin işi idi ki, sonra uzun onillər yaşamalı olacağı, hər yeni günü yeni suallarla dolu bu macəralı və cəfaçı dünyaya birinci dəfə gəlirdi.

“Birinci dəfə gəlirdi” deyimi sizə yöndəmsiz görünməsin.

Çünki Allah bu uşağa ayrı bir işıq bağışladığından onun daha sonralar dünyaya ikinci dəfə, üçüncü dəfə... neçənci dəfə də gəlməsi labüd idi.

Onu hətta heç birimizin olmayacağı gələcək zamanların içərisində də həmişə yaşadacaq solmaz oxularının hər birinin yarandığı gün, saat əslində Akifin hər dəfə yenidən dünyaya, həyata gəlməsi, təzə təvəllüdü idi.

O, 32 ildir ki, tək özü üçün oxuyur.

32 ildir ki, onun ifasında bizim eşitdiyimiz qabaqkı oxularıdır – köhnə lent yazıları...

Amma dünyaya oxumaq təyinatı ilə ezam edilən oxumaya bilməz və 32 ildir ki, Akif ürəyində oxuyur, yuxularında oxuyur və təbii ki, bizim dönə-dönə eşitidyimiz və doymadıqlarımızdan fərqli oxuyur.

Həm bir az biz eşidənlərə bənzəyən, amma həm də mütləq onlardan fərqlənən bir biçimdə oxuyur.

Ola bilsin ki, oxuduqlarının arasında heç son 30 ildən artıq müddətdə yaranan mahnılar yoxdur.

Çünki bu axır onillərdə say hesabı bəlkə də əvvəlki dövrlərin hamısında yarananların tolusundan da çox mahnılar qoşulsa da, aralarında uzun müddət yaşamalıları lap azdır.

Barmaqla sayılacaq qədər az!

Lakin axı Akifin hətta ən məlum, dönə-dönə oxunmuş mahnıları da tam yeni duyum və görüm bucağından təqdim etmək qeyri-adliyi də vardı.

Ola bilsin ki, bu son yeyin, qatmaqarışıq, nəsillərin, dəyərlərin dəyişdiyi onillərdə yaranmış və zahirən çox da cazibəli olmayan mahnıları da Akif oxumaqda davam etsəydi, elə canlandıracaqdı ki, dəfələrlə eşidib sən deyən əhəmiyyət vermərdiyimiz ayrı-ayrı mahnılar da bizi valeh edəcəkdi.

Kim bilir, kim bilir?!.

“Belə olsaydı, filan cür olardı” yozumu tarixin bəyənmədiyi və təqdir etmədiyi əsaslandırma üsuludur.

Mən gümana yox, olana arxalanıb fərz edirəm.

Emin Sabitoğlu Nigar Rəfibəylinin sözlərinə “Neyləyim”i 1960-cı illərdə bəstələmişdi, Gülağa Məmmədov həmin mahnını oxumuşdu, ansamblın müşayiəti ilə lentə də alınmışdı.

Azərbaycan Radiosunun səs xəzinəsində o lent qalır və 1960-70-ci illərdə Gülağanın efirə gedən konsertlərində də dəfələrlə səsləndirilib.

Hansınızın yadında qalıb, hansınızı diksindirib?

Heç birinizin xatirində deyil.

Belə əminliklə yazıram ona görə ki, çox illər öncə Azərbaycan radiosunun fonotekasında həmin mahnı ilə rastlaşıb tələsik bir maraqla dərhal dinləyəndən sonra görmüşdüm ki, bu yaşı az olmayan mahnıdan və ifadan xəbərsizmişəm.

Yəni hətta eşitmişəmsə belə, yanından ötmüşəmmiş, yaddaşıma köçürməmişəmmiş.

Məşədi İbadın “Tarix-i Nadir” söhbəti olmasın – bir belə musiqi içərisində ola-ola mən bilməyəndə adi dinləyici hardan biləydi.

Lakin artıq 1980-lərin lap başlanğıcında, Nigar xanımın bu dünyayala əbədi ayrılıq astanasında olduğu çağlarda həmin mahnını Akif İslamzadə oxudu və büsbütün təkrarsız bir gözəllik aləmi ilə üz-üzə qaldıq.

Sonra neçələri hətta Akifin boğazlarını, xallarını təkaralayaraq oxumağa cəhd etdi.

O cürə alınmdaı.

Təxminən Akiflə eyni vaxtlarda estradamıza gəlmiş və eyni illərin sevilən müğənnilərindən olmuş, bal kimi şirin səsi birbaşa ruha axan və nə acı ki, insafsızca erkən itirdiyimiz dostumuz Hüseynağa Hadıyevə bir toy məclisində Akifin oxuduğu mahnını ifa etməsi sifariş veriləndə xahiş edənlərin qəlbinə dəymədən çox tutarlı bir səbəb gətirərək imtina etmişdi.

Hüseynağa bir tərəfdən Akif İslamzadə yaradıcılığına rəğbəti və qiymətini əks etdirən, digər yandan da yüksək təvazönün və alicənab peşəkarlığın ifadəsi olan sözlər demişdi: “Axı Akifdən aldığınız ləzzəti mən sizə verə bilməyəcəyəm!”.

Akif 1970-ci illərin əvvəllərində Rəşid Behbudovun Mahnı Teatrında oxumağa başlayanda, ilk xarici səfərlərinə çıxanda mən tələbə idim.

1976-cı ildə isə yenə tələbə ola-ola artıq mən Azərbaycan Radiosunda 2 il idi ki “Axşam görüşləri” verilişini hazırlayırdım və həmin il Akif İslamzadə Televiziya və Radio Verilişləri Komitəsində Tofiq Əhmədovun rəhbərlik etdiyi orkestrdə solist kimi fəaliyyətə başlamışdı.

“Axşam görüşlər”ində o vaxt mənim daimi rubrikalarımdan biri belə adlanırdı: “Bu adı yadda saxlayın”.

Akif haqqında hazırladığım ilk veriliş, onunla radiodakı ən birinci müsahibəmiz də elə həmin rubrika altında səslənmişdi.

O vaxt hələ Akifin vur-tut 2-3 lent yazısı vardı və zənnimcə, bu onun Azərbaycan dinləyicisinə bir veriliş çərçivəsində ilk təqdimatı idi.

İllər ötdü və hamı inandı ki, həqiqətən bu adı, bu səsi, bu ifanı yadda saxlamağa, sevməyə dəyərmiş!

Akif sənətə gələndə Azərbaycan estradasının Rəşid Behbudov, Şövkət Ələkbərova, Mizrə Babayev, Gülağa Məmmədov, Oqtay Ağayev, Flora Kəroimova və neçə başqa zirvə sənətkarı vardı.

Bir çox məşhur mahnıların üstündə də onların səs möhürü.

Akif İslamzadə gəldi və heç kəsə bənzəmədi.

Elə lap ilk yazılarından olan, ona qədər min dəfələrlə oxunmuş “Aman ovçu”nu heç kəsə oxşamayan, qulaqların alışmadığı, amma həm də son dərəcə çağdaş və əyənimli təsir bağışlayan bir şəkildə ifa etməsi ilə anlatdı və bəyan etdi ki, gəlmişəm, məni qəbul etməyə, məni sevməyə hazır olun.

Geniş dinləyici kütləsi onu sevdi, həmin məhəbbət və rəğbət bu gün də davam edir və maraqlısı odur ki, müasiri olan zirvə sənətkarlar da Akifi elə əvvəldən tanıdılar(!), yolunu təzə başlayan gənc kimi deyil, sənətkar(!) olaraq etiraf etdilər.

Akif 38 yaşına qədər oxuya bildi.

Möhlət bu qədər imiş.

Bu gözəlliyin yeni bəhrələrindən zövq almaqçün ayrılmış zamanımız bu qədərmiş.

...1987-ci il idi, Akif artıq 1 il idi ki, səsini itirmişdi.

Mənim Hüseyn Cavid haqqındakı “Vaxtdan uca” kitabım yeni çadan çıxmışdı.

Bir axşam o kitab münasibətiylə Akifin böyük qardaşı, Tibb Universitetinin müəllimi professor Faiq İslamzadə bizə qonaqlıq verirdi.

İllər irəlilədikcə Akif bu səs itkisinə asta-asta alışdı, taleyi ilə barışdı. Amma o vaxt hər şey hələ lap təzə-təzə olduğuna görə sarsıntı, həyacan, nigaranlıq dəhşətli dərəcədə çox idi.

O günlərdə bir dəfə Akif mənə söylədi ki, qorxuram dəli olam.

Niyəsini soruşdum.

Dedi ki, o qədər fikir eləyirəm, bir də ayılıram ki, özüm özümlə danışıram.

Zarafata saldım ki, bu lap əladır. Axmaq adamla, səviyyəsizlərlə danışmaqdansa, özünlə nə qədər çox danışsan, o qədər yaxşıdır.

Gülüşdük, sonralar Akif bu sözümü tez-tez iqtibas gətirərdi.

1987-ci ilin həmin o birgə əyləşdiyimiz, yeyib-içdiyimiz, zahirən əyləndiyimiz, amma hamımızın içərimizdə Akifə görə bir dərin narahatlığın, səksəkənin çırpındığı çağlarda (Moskvada hətta o vaxt ona boğazında xərçəng olması hökmünü də vermişdilər) bir düşüncəmi də dilə gətirmişdim və aradan çox illər ötsə də, həmin qənaətimdə qalıram.

Musiqi mənə görə Allahın dilidir, Pərvərdigarın özünüifadə yollarından biridir.

Ona görə bunca ilahi təbiətli, bunca ümumbəşəridir.

O vaxt Akiflə bu inamımı bölüşmüşdüm ki, insanla Tanrı arasında sirr var. Yardılışın sirri, Allahın varlığının sirri, Ruhun sirri.

Ruh nə olan sehrdirsə, Allah hətta istəkli elçisi Məhəmməd Peyğəmbərə də buyurub ki, səndən ruh haqqında soruşulanda de ki, mənə bu barədə çox bilgi verilməyib.

İnsan dünyaya gəlir, yaşayır və hərəyə bir yaşda, ömrünün hanısa mərhələsində, hansısa anda yəqin ki, Xaliqin, xilqətin hansısa gizlinləri əyan olmaq məqamına yetişir.

Bunlar elə sirlərdir ki, onu sağlar bilə bilməz.

Və həmin andaca şahid aradan götürülür, ömür bitir.

Və indiyədək Ordan – həyatdan o yana nə aləmlər olduğundan bu taya sirr gətirən, Ali Məxfiliyi açan bircə nəfərə belə rast gəlinməyib.

Və olmayacaq da!

Olsa, bütövlükdə həyat, dünya özü bitər.

(Bu gəzişmələrim qocafəndi fəlsəfəçilik sayılmasın. Oxşar düşüncələri məndən min qat ağıllı bir çoxları da daha əvvəllərdə ürəklərindən keçiriblər.

Yer üzünün ən dahi başlarından olan filosof, riyaziyyatçı, fizik, ədib... Ömər Xəyyam Nişaburi dünyaya Akifdən 900 il əvvəl gəlmişdi -- 1048-ci ildə.

İndi 970 yaşındadır və onu bu sinnində diri saxlayan bir GÜC də misilsiz rübailəridir. Dünya insanının dilindən düşməyən o dördlüklər sırasının əvvəlində başqa bir çox rübailərdən fərqli olaraq Xəyyamın qələmindən çıxması adətən tərəddüd doğurmayan bu şeir gəlir:

 

Əsrar-e əzəlra nə to dani yo nə mən,

Vin hərf-e moəmma nə to xani yo, nə mən.

Həst əz pəs-e pərde qoftequ-ye mən o to,

Çon pərdə bər oftəd nə to mani yo, nə mən.

 

Qulağınızda bu rübainin əslindəki ahəng itməsin deyə sətri yox, bədii tərcüməsini edirəm:

 

Əzəlin sirri nədir? Bilməyirik nə sən, nə mən,

O müəmmalı sözə çatmayırıq nə mən, nə sən.

Sanasan pərdə dalındandı bizim söhbətimiz,

Elə ki pərdə gedər, yox olarıq biz də həmən.

 

Məhz belə!

Ali Gizlinə, Açılmaz Mübhəmə lap çathaçatda Son yetişir!).

Bəlkə Akif də getməliymiş, amma Allah onu səsinə bağışlayıb?!

Bəlkə Akif oxusu ilə, səsi ilə elə əsrarəngiz bir qata çatmağa, Xudanın musiqidəki dilinin bizlərə bilinməz elə qatına çatmağa yaxın imiş ki, ora yasaq ərazidir, bəni- adəmin ola yolu qapalıdır?

Mərhəmətli Allah o anacan yaratdığı gözəlliklərə görə Akifin canına dəyməyib, səsini alıb.

“Oxumaq bura qədər idi, yaşamaqda davam et!”

Bu ehtimalımı Akifə 31 il əvvəl, onun ömrünün 40-cı ilinin ilk aylarında demişdim, “yaşa, ömürdən, hər yeni gündən zövq al” söyləmişdim və indi 70-nin tamam olduğu gündə də təkrarlayıram.

Bu düşüncənin həqiqətinə inansan, yaşamaq nəinki asanlaşır, hətta ömrü məmnunluqla, dilində şükrlərlə davam etdirirsən.

...Dünya möcüzələrlə dolu dünyadır, dünyanın, insanın özü elə möcüzədir.

Bizim çox dəyərli bir ədəbiyyatşünas alimimiz vardı. Filologiya elmləri doktoru, professor Arif Məmmədov.

1970-80-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyasında işləyirdi, kafedra müdiri idi.

Konservartoriya işləməsi səbəbsiz deildi. Çünki o filoloq olmaqdan savayı, həm də musiqiçi idi. Uşaqlıq, yeniyetməlik illərində son dərəcə şaqraq, məlahətli səsi olan müğənni imiş və hər kəs onu sabahın ən üstün xanəndələrindən, müğənnilərindən biri kimi təsəvvür edirmiş. Lakin deyilənə görə kimsə paxıllıqdanmı, düşmənçilikdənmi, ona sürmə içirtmişdi, gül kimi səsi batmışdı. Ona görə də üz tutmuşdu ədəbiyyata. Ancaq musiqidən də biryolluq ayrılmamışdı, vaxtaşırı ayrı-ayrı nəşrlərdə muğam sənətimiz, ifaçılığın çeşidli problemləri ilə bağlı məqalələrlə ilə çıxış edirdi.

1981-ci ildə Arif müəllimlə onun gənclik səsi haqqında söhbət edirdik və qayıtdım ki, heyif, valınız, lent yazınız qalmayıb, çox istərdim biləm oxu yolunuz, üslubunuz necə olub.

Gülümsünərək bir etiraf etdi.

Söylədi ki, bir neçə ildir səsi açılıb, oxuya da bilər, amma artıq artıq gecdir, yaş o yaş deyil.

Neçə gün onu yola gətirməkçün inadlı təzyiqlər göstərdim ki, axı kim deyir çıxın konsertlər verin.

Radionun səsyazma evində vaxt alım, studiyada yer götürüm, oxularınızdan yazaq, qalsın.

Arif müəllimin yaxşı tar çalmağı da vardı.

Qızı fortepianoda çaldı, Arif müəllim həm bir neçə parça muğam, həm mahnılar ifa etdi.

Nə qədər gözəl, nə qədər şirin! Valeh oldum!

Yazdıq, veriliş hazırladım.

Söhbətlərimizi də oxuları, çalğıları bəzədi.

Çoxdandır ki, Arif müəllim həyatda yoxdur, lakin həmin yadigar səslər qalır.

Allahın işlərini nə bilmək olar!

Bəlkə ən ağlasığmaz olan da baş verdi, bəlkə elə günlərin birində Akif də etiraf etdi ki, səsim açılıb, amma artıq gecdir, oxumağım düz olmaz.

Və bəlkə bu şaddan şad xəbəri eşidincə mən də Akifi vadar etdim ki, hamı üçün yox, elə lap cavanlıq vaxtlarında, türk estradasının məşhur mahnılarını ən yaxın dostlar arasında oxuduğu sayaq özümüzçün oxusun, yazaq, qalsın...

Nə bilmək olar, nə bilmək olar!..

YAŞIN MÜBARƏK AKİF!

Bizə bağışladığın tükənməz həzzə, bu xalqla həmişəlik qalacaq yaratdıqlarına görə sağ ol!

“Sağ ol!” deyişinin bütün mənalarında!

"Sağ ol" isə həm "var ol" deməkdir, həm "sağlam ömür sür" anlamındadır, həm də minnətdarlıqdır.

Bir sözlə - YAŞA!


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *