vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
17:16 | 15 avqust 2018 | Çərşənbə Məqaləyə 2496 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qoy qalsın sonraya

Sonra nə vaxtdı bəs?

Qurban YAQUBOĞLU

Mövlud haqqında susmaq istəyirəm. Məşum hadisədən sonra "bir az keçsin, hələ isti-istidi, yazaram" dedim. Əvvəl qırxı, sonra ili gözlədim. İlində beş-altı cümlə qaraladım, sonra düşündüm ki, gərək susardım. Ya bildiyini, duyduğunu olduğu kimi yazırsan, ya da klaviaturaya bir yumruq ilişdirib, qalxıb gedirsən.

Deyirsən, qoy qalsın sonraya. Sonra nə vaxtdı bəs? Deyərəm...

Mövludla son illər birgə olmuşuq - bir redaksiyada işlədik, sözümüzü, söhbətimizi birləşdirdik, o mənə, mən ona - kitablar, dostlar tapdıq, heç vaxt heç kəsə deyilməyəcəyinə and içib bildiklərimizi bölüşdük.

Nə üçün hərdən intihar anonsu verib sonra tez yalanlayırdı? İndi başa düşürəm. İntiharının şouya çevrilməsindən qorxurdu.

Tək mənimlə belə yaxın deyildi, düzünü deyəsən gərək - alnına güllə dirəməyiblərsə və ya ona bərabər durumda deyilsənsə - çoxlu dostları vardı. Hamıyla çox yaxın olmaq istəyirdi, O, HAMIYA PƏNAH APARIRDI, hərədən bir az həyat qoparırdı; bunu sonradan bildim.

Ona məndən də yaxın adamlar vardı, mənə ondan yaxın kimsə yoxuydu.

Yaxşı, bu qədər bəs elər. Qalanı sonraya qalsın. Sonra nə vaxtdı, deyəcəm...

Onun intihar xəbərindən dərhal sonra yaxındakı polis idarəsinə qaçdıq, ordan qısa məlumat aldıq, sızaq, narahat, zəhrimar gün işığı düşürdü polis idarəsinin qarşısındakı mühafizə budkasına.

Bundan bu yana hər şey saxta görünməyə başladı mənə - gözyaşları da, ah-nalə də, teyf kimi, kölgə sayağı qəfil peyda olan dostların qaraltısı da, demək mümkünsə gərək bunu deyəsən: Hətta gün işığı da.

Lap elə Qazaxa gedəndə və qayıdanda başımız üstündəki dağ-dərə kimi açılıb tökülümüş buludlar da, qohumlar, tanışlar, dostlar, həmkarlar da, lap elə yas mağarında "Mövludun atasıyam e..." deyən kişinin taqətsiz dizləri üstəndən yıxılacağı hiss olunan bezgin fiquru da. Saxta idi.

Nolar saxta olanda?.. Heç nə. Heç nə olmaz.

Yaxşı, Mövlud, yaxşı, yaxşı... Qalanı sonraya qalsın. Olurmu?

- Sonra nə vaxtdı, Qurban müəllim?

- Onu da deyərəm, oğlum. Bir az səbirli ol.

Bir dəfə dedim, Mövlud, gərək səninlə dərin bir söhbət edək. Razılaşdı. Onun bütün keçmişini bilmək istdədim. O da nə istədyimi burnuyla iyləyib bildi. Razılaşdıq... Amma sonraya saxladıq.

Mövludla xəyallarımız, planlarımız vardı. Qazaxa, Qaraçöpə getməyi düşünürdük. Bir Tiflis eşqimiz vardı. Sandıq ədəbiyyatından danışırdıq. Nəyi necə ifadə eləməyin yollarını götür-qoy eləyirdik.

Axırda bəzi işləri sonraya saxladıq.

Mövludun qəribə and içməyi vardı. Elə o cür də yeri-göyü titrədən and verməyi. Tanıyanlar xatırlayar.

- Qurban müəllim, sən and verirəm Allaha! Sonra nə zamandıı? Sonra heç vaxt deyil ki?

- Yox, Mövlud, deyil. Sonra yaxın vaxtdı...

Mövlud, bu qədər bəsdi. Yazmaq eşqi 75 at gücü qazanıb traktor kimi adamı eşməyə başlayan günə qədər adamın susmaq ixtiyarı var.

O günəcən mən səni, ola bilsin, hansısa bir inancın hökmüylə, bəlkə də zövq xətrinə, yaxud təsadüf ucbatından toy günü geyindiyin ağ kostyumda xatırlayacam.

Sonra - adamın traktora çevrildiyi gündü.

P.S. Mənim təklifim budu: Mövludun xatirəsini sükutla yad edək.