vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
15:09 | 23 fevral 2019 | Şənbə Məqaləyə 1739 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

…Paşinyan bataqlıqdan necə çıxmağı düşünür?

Ermənistanın baron Münhauzeni xatırladan rəhbəri …

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir il siyasətdə az müddət deyil. Düşünəndə ki, tezliklə Ermənistandakı “məxməri inqilab”ın biri ili tamam olacaq, adamın ağlına dərhal bir sual gəlir: inqilab bu ölkənin həyatına nə gətirdi?

Əlbəttə, desək ki, ümumiyyətlə, heç nə olmayıb, bu, yanlışlıq, hətta ədalətsizlik olardı.

Bəli, Serj Sərkisyan “siyasi uzunömürlü”lərin siyahısına erməni familiyası əlavə edə bilmədi – keçmiş post-sovet seqmentinin bəzi ölkələrində sınaqdan çıxmış model Ermənistanda baş tutmadı, cəmiyyət daha bir siyasi uzurpatora “yox” dedi.

Bəli, İrəvanda mer seçkiləri, bütün ölkə miqyasında isə parlament seçkiləri keçirildi və burada da epizodik bəyanatlara baxmayaraq seçki zamanı ciddi hüquq pozuntularını təsdiq edəcək faktlar qoymaq mümkün olmadı ortaya, hətta indiki rejimin ən qatı əleyhdarları belə öz “ifşaedici” bəyantalarını real faktlarla təmin edə bilmədilər.

Odur ki, erməni “məxməri inqilabı”nın əsas mərhələlərini sadalayan zaman biz də konstatsiya etməyə məcburuq ki, bütün siyasi prosedurların başa çatması üçün müəyyən vaxt lazım idi. Bununla belə düşünürük ki, nəhayət, bir “X” anı deyilən məqam çatmalıdır ki, bundan sonra artıq konkret yeniliklər və yeni görülmüş işlər haqqında hesabat başlansın.

Bu an isə hələ yetişməyibdi: biri deyir ki, Ermənistanda yeni hökumət hələ tam formalaşmayıb, digərləri ərz edir ki, kardinal dəyişikliklər üçün də əlavə zaman lazımdır, üçüncülər isə daha pessimist görünürlər və digər “rəngli inqilab”ların təcrübəsinə, eləcə də erməni milli düşüncəsinin və milli hərəkatının özəlliklərinə diqqət çəkir və buyururlar ki, erməni inqilabı konteksində, ümumiyyətlə, eyforik gözləntilər qurmaq lazım deyil, çünki Paşinyan və onun komandasının digər üzvləri də hər şeydən öncə ermənidirlər və onlar da “millətçilik məktəbi”ndən keçiblər, onlara da hələ məktəb illərindən “böyük Ermənistan” haqqında nağıllar aşılanıb, beyinlərinə “böyük” Tiqranın bütün Roma imperiyasını necə diz çökdürməsi haqqında sicilləmələr yeridilib...

Amma ən azı adi, necə deyərlər, formal bir insan məntiqi də var və o, deyir ki, əbədi olaraq belə davam edə bilməz, nə vaxtsa bu qaragüruhçuluq bitməlidir və bu axmaq ölkənin siyasət və diplomatiya adamları nəhayət ki, göylərdən yerə enməli və danışıq görüntüsü yaratmaq, qarşı tərəfə necə hiylə gəlmək yox, həqiqətən də problemi həll etmək haqqında düşünməlidirlər.

Əlbəttə, biz bilmirik ki, siyasət adamı olaraq cənab Paşinyan özü üçün hansı missiyanı düşünür? Hətta tamam mümkündür ki, Qarabağ problemini həll etmək heç onun məqsədlərinə daxil deyil. Amma burada da sual yaranır: əgər Paşinyan yox, onda bəs kim?..

Əgər düzünü desək, biz bu sualın özümüz üçün cavabını çoxdan tapmışıq. Belə ki, Dağlıq Qarabağ problemini Paşinyan və ya hər hansı bir “...yan” yox, Azərbaycan əsgəri və zabiti həllə edəcək.

Dəqiq bilmirik ki, bu nə vaxt olacaq. Amma bir şeyə əminik: sülhə məcburetmə tədbirləri, müvafiq hərbi-siyasi təzyiq olmadan Ermənistan hətta Dağlıq Qarabağın inzibati bölgüsünə aid olmayan rayonları da azad etməyəcək.

Amma bununçün dünyanın böyük güclərinin, xüsusən də Rusiyanın razılığı olmalıdır, hansı ki, neçə illərdir, bizə belə bir fikri sırımağa çalışır ki, guya onun prosesdə rolu yalnız vasitəçilikdən ibarətdi, halbuki illər ərzində prosesin rejissorları da yetərincə aşkar olub, aktyorları da.

Yeri gəlmişkən, Münhendə görüş alınmadı. Bəs niyə? Böyük bir ehtimalla ona görə ki, ermənilər Kremlin azacıq isti münasibətini hiss edən kimi özlərini yenə çəkib dağ başına qoydular...

Olsun. Biz daha bir il də gözləyə bilərik ki, Ermənistandakı situasiya durulsun.

Amma belə bir maraqlı deyim var: əsl siyasətçi daim reallıqların əsarətində olan deyil, o kəsdir ki, özü reallıqları dəyişir, yeni reallıqlar və stimullar yaradır. Odur ki, N.Paşinyanın siyasətini müşahidə edir və düşünürük ki, hələ tamamilə faydasız məşğuliyyət deyil bu, - son nöqtəni qoymaq tezdir.

Güman edirik ki, o, özü də sayıqlıq anlarında başa düşür ki, “Qarabağ problemi heç də qarabağlıların öz işi deyil” və o, mövcud danışıqlar formatına nə qədər dəyişiklik etməyə çalışsa da bütün hallarda heç nə alınmayacaq: ya İrəvan Azərbaycan torpaqlarının işğalına son qoyacaq, ya da Ermənistana münasibət daha da sərt olacaq və Paşinyan “iqtisadi möcüzə” əvəzinə əsl iqtisadi kollaps alacaq.

Bir daha qeyd edirik ki, bir il heç də az müddət deyil. Düzdür, bu müddətdə cəbhə xəttində qanlı insidentlər olmadı, canlı qüvvədə- əsgər və zabitlər arasında, eləcə də dinc əhali arasında ölüm halları baş vermədi. Amma bununla belə möhkəm, dayanıqlı sülh də yoxdur. Əsl sülh onda olacaq ki, problemin siyasi həlli tapılsın. Bu isə artıq siyasətçilərin və diplomatların, o cümlədən də cənab Paşinyanın işidir...

Əsl sülhə yol humanist, sülhpərvər təşəbbüslərdən başlayır. Bunlardan biri də hərbi əsirlərin dəyişdirilməsi ola bilərdi. Ötən payız belə təşəbbüs edilmişdi. Hətta deyirdilər ki, D.Əsgərov və Ş.Quliyev də tezliklə azadlığa çıxacaqlar. Amma Paşinyan bu prosesi dayandırdı, halbuki belə bir addım həqiqi və səmimi dialoqun başlanğıcı olardı.

Ola bilsin, inqilabın ildönümünə, bundan da bir az əvvəl, martın 1-dəki mitinqə hazırlaşan N.Paşinyan cəmiyyət önündə əsl “milli rəhbər” kimi görünməyə tələsir. Amma ermənilərin “rəhbər”ləri çox olub və hamısı da bu xalıq dalana gətirib çıxarıbdır. Odur ki, ermənilərə rəhbər yox, əsl praqmatik, bir azacıq da psixiatr yönümlü siyasətçilər lazımdır, çünki bir sıra psixoloqların düşüncəsinə görə böyük sosiumlar– bütöv cəmiyyətlər də kollektiv patologiyalardan əziyyət çəkirlər.

Bunda siyasətçilərin, eləcə də cənab Paşinyanın da günahı az deyil, çünki o, xəstə kütləyə xoş gəlməyə çalışmaqla həm yalanı artırır, həm də kollektiv patologiyaları.

Belə deyilir ki, erməni baş naziri artıq yaxın günlərdə özünün növbəti mitinqini keçirməyə hazırlaşır. Amma vaxt bir o qədər də uğurlu seçilməyib. Belə ki, Ermənistanın Rusiya ilə Suriya məsələsində birgəlik göstərməsi Vaşinqtonun əsl qəzəbinə səbəb olubdur: amerikalılar hətta xarici işlər naziri Zoqrab Mnatsakanyanın Ştatlara səfərini ləğv ediblər...

Bəli, mübaliğəsiz demək olar ki, Ermənistan indi əsl bataqlığı, Paşinyansa lap baron Münhauzeni xatırladır. Erməni baş naziri özünü bu bataqlıqdan çıxara biləcəkmi? Bilmirik, çünki hörmətli barondan fərqli olaraq Paşinyanın heç gur saçları da yoxdur...

Hüseynbala SƏLİMOV