vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MÜSAHİB  
08:29 | 25 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 2933 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«SSRİ-ni o formada bərpa etmək qeyri-mümkündür»

Vahid Əhmədov: «Tarixdə ən düzgün hərəkət edən həmin istiqlalçı deputatlar olub ki, Azərbaycanın müstəqilliyinə səs veriblər»

Elşad PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

1991-ci ilin 7 martında SSRİ-nin saxlanması haqqında ümumxalq referendumunun keçirilməsi məsələsi Azərbaycan Respublikası Ali Sovetində müzakirə ediləndə buna qarşı çıxan 43 nəfərdən - sonrakı dönəmlərdə istiqlalçı deputatlar kimi tanıdığımız dəyərli insanlardan biri də bugünkü müsahibimiz olub. Milli Məclisin deputatı Vahid Əhmədovla söhbətimizi zəruri edən təkcə kommunist rejiminin 23 il öncə, elə bu gün - 17 martda SSRİ-yə saxta «hə» cavabının verilməsi üçün keçirdiyi referendum mövzusu deyildi.

1991-ci ilin 7 martında SSRİ-nin saxlanması haqqında ümumxalq referendumunun keçirilməsi məsələsi Azərbaycan Respublikası Ali Sovetində müzakirə ediləndə buna qarşı çıxan 43 nəfərdən - sonrakı dönəmlərdə istiqlalçı deputatlar kimi tanıdığımız dəyərli insanlardan biri də bugünkü müsahibimiz olub. Milli Məclisin deputatı Vahid Əhmədovla söhbətimizi zəruri edən təkcə kommunist rejiminin 23 il öncə, elə bu gün - 17 martda SSRİ-yə saxta «hə» cavabının verilməsi üçün keçirdiyi referendum mövzusu deyildi. 

Bu gün Ukrayna ətrafında baş verənlər, Putin Rusiyasının imperiya iştahası ilə müstəqil dövlətlərə, o cümlədən Azərbaycana diş qıcadığı bu günlərdə istiqlalımızın qazanılmasında əməyi olmuş bir insanın situasiyanı necə dəyərləndirdiyini öyrənmək istədik. 

 

- Vahid bəy, 23 il öncənin 17 martını necə xatırlayırsınız?

- O vaxt ab-hava çox gərgin idi, ölkə daxilində müəyyən proseslər gedirdi. SSRİ-nin saxlanması uğrunda Mərkəzi Komitədə, Siyasi Büroda müəyyən qərarlar var idi. O cümlədən SSRİ-nin saxlanması ilə əlaqədar bütün respublikalara göstəriş vermişdilər ki, referendum keçirilsin. Azərbaycan da bununla əlaqədar Milli Məclisdə məsələyə baxdı və 17 martda referendumun keçirilməsi barədə qərar qəbul etdi. Onda hələ SSRİ dağılmamışdı. 

O zaman mən böyük bir birliyin direktoru işləyirdim, eyni zamanda indiki Nizami Rayon Partiya Komitəsinin büro üzvü idim. Referendum məsələsi müzakirə olunarkən Ali Sovetin 365 deputatından yalnız 43 nəfəri SSRİ-nin saxlanmasının əleyhinə səs verdi, onlardan da biri mən idim. Rəhmətlik Heydər Əliyev də referenduma qarşı səs vermişdi. Bu sırada Demokratik Blokun üzvləri və bitərəf deputatlar - Cümşüd Nuriyev, rəhmətlik Tofiq Bağırov və İsmayıl Şıxlı da var idi. Düzdür, ondan sonra mənə Mərkəzi Komitə tərəfindən çox təzyiqlər oldu.

Çünki büro üzvü idim. Eyni zamanda DTK-nın təzyiqləri ilə üzləşdim. Amma bu, mənim əqidəm idi. Hətta Ali Sovetin sonrakı sessiyalarında «Azərbaycan SSRİ-dən ayrılsa, müstəqil yaşaya bilməz, iqtisadi cəhətdən bu, qeyri-mümkündür» kimi fikirlər səslənirdi. Həmin adamların bəziləri indi də vəzifədədirlər, onlardan bəziləri bu gün Milli Məclisdə fəaliyyət göstərirlər. O dövrdə də bilirdim ki, Azərbaycanın imkanları genişdir və müstəqil dövlət kimi yaşaya bilər. Ötən 23 illik müddət də sübut etdi ki, Azərbaycan müstəqil dövlət olaraq uğurla fəaliyyət göstərir və inkişaf edir. Bəzən o zamankı mövqeyimizlə bağlı fərqli fikirlər eşidirəm. O zamanın hökmü ilə istiqlalçı deputatların doğru addım atdıqlarına inanıram və hesab edirəm ki, onlar bu seçimləri ilə Azərbaycanın müstəqilliyinə səs verdilər və tarix yazdılar. 

 

- Müstəqilliyə səs verənlərdən yalnız iki nəfər - siz və Sabir Rüstəmxanlı parlamentdə təmsil olunursunuz, mühacirətdə, müxalifətdə olanlar da var. Amma bir qisim istiqlalçılar var ki, neçə illərdir məhkəmə dəhlizlərində pensiya mübarizəsi aparır...

- Mən o məsələni bir neçə dəfə Milli Məclisdə də qaldırmışam. Bununla bağlı 23-24 deputat cənab prezidentə də müraciət edib. Bu, Azərbaycanın müstəqilliyinə səs verən insanların haqqıdır. SSRİ-nin mövcud olduğu bir vaxtda belə mövqe nümayiş etdirmək ürək, cəsarət istərdi ki, o insanlar da həyatlarını riskə qoymaqla bu seçimi etdilər. Yəni SSRİ dağılmasaydı, o insanların nəinki ailələrini, bəlkə də bütün nəsillərini məhv edərdilər. 43 nəfərdən əksəriyyət dünyadan köçüb, yalnız 22-si sağdır. Azərbaycan hökuməti, dövləti də bunu başa düşməlidir, həmin insanları təqaüdlə təmin etməlidir. Burda qeyri-adi bir şey yoxdur.

 

- Bunun üçün nə qədər vəsait tələb olunur?

- Böyük bir vəsait də lazım deyil. Düzdür, o insanların arasında elələri var ki, sonradan həbs ediliblər, dövlətə xəyanətdə və sair məsələlərdə ittiham olunanlar da var. Ola bilər ki, Azərbaycan hökumətinin qarşısını alan da bu məsələlərdir. Belə ki, pensiya veriləndə gərək hamısına verilsin, yəni 2-3 nəfəri ayıranda bu, düzgün olmur. Ancaq yəqin bu məsələ öz həllini tapacaq. Mən baxıram ki, həmkarlarımızdan Hacıbaba Əzimov, Məryəm xanım, Firudin Cəlilov məhkəməyə müraciət edib. Məhkəmə də bu məsələni düzgün araşdırmalı, bu insanlara kömək etməlidir. Əminəm ki, dövlət başçısı eks-prezidentlərin statusu ilə bağlı qərarını verməklə keçmiş prezident Ayaz Mütəllibovun Azərbaycana qayıdışına imkan yaratdığı kimi, Azərbaycanın istiqlalçı deputatları ilə bağlı da mövqeyini bildirəcək və həmin insanlar pensiya ilə təmin olunacaqlar. 

 

- Bəlkə də bu, tarixin bir istehzasıdır ki, SSRİ-nin saxlanması haqqında referendumun keçirilməsinin növbəti ildönümündə SSRİ-nin bərpası açıq mətnlə bəyan olunur. Sizcə, Putin öz istəyinə çata biləcəkmi?

- Bu prosesin sonu Rusiya üçün qaranlıqdır və imperiyanın bərpası mümkün olan məsələ deyil. SSRİ-ni o formada bərpa etmək qeyri-mümkündür. Çünki artıq müstəqil dövlətlər müəyyən qədər formalaşıblar. Məsələn, Azərbaycan dövləti inkişaf etməkdə davam edir, xeyli dəyişib, son 10 ildə böyük uğurlar əldə edib. Düzdür, bizim Qarabağ məsələsi kimi çox böyük problemimiz var, amma dövlətimiz inkişaf yolundadır. Digər dövlətlər, Ukrayna, Belarus və başqaları çətin də olsa müstəqil dövlət kimi artıq 23 ildir mövcuddur. Mən inanmıram ki, bu ölkələr təzədən hansısa bloka qoşulmaq, bir çətir altında yaşamaq istəsin. Düzdür, qeyd etdiyiniz kimi, Putin buna çalışır. Lakin Gömrük İttifaqı, Avrasiya İttifaqı kimi ideyalar ortaya atılsa da, bu cəhdlər uğurla nəticələnmədi və son Ukrayna hadisələrindən sonra perspektiv daşımır. Buna qədərsə 2008-ci ildə Gürcüstan hadisələri baş verdi, Abxaziya və Osetiyaya hərbi müdaxilə olundu. 

 

- Ukraynadakı hadisələr haqqında nə deyə bilərsiniz?

- Mənə elə gəlir ki, Putin Abxaziya və Osetiyadakı hadisələrdən bir qədər ruhlandı və hesab etdi ki, Krımdakı məsələləri eyni şəkildə həll etmək olar. Ukraynadakı hadisələri izləyirəm, hesab edirəm ki, müvəqqəti uğurlar qazanmaq olar. Deyək ki, Rusiya indiki halda Krımı özünə birləşdirə, müəyyən uğurlar əldə edə bilər, ancaq bu uğurları uzun müddət əlində saxlaya bilməz. Bu gün faktiki olaraq bütün dünya dövlətləri Rusiyaya qarşı öz mövqeyini ortaya qoyub, Ukraynanın yanındadırlar. Burada söhbət Ukraynadan yox, Avropanın genişlənməsindən gedir. Hesab edirəm ki, Rusiyaya təzyiqlər davam edəcək. Ümumiyyətlə, SSRİ dağılan ərəfədə bir sıra respublikalarda - Moldova, Azərbaycan, Gürcüstanda münaqişə ocaqları yaradılmışdı, indi də Ukraynada yaradıldı. Bütün bunlar ondan ötrü idi ki, bu respublikaları hansısa mərhələdə yenə mərkəzləşmiş bir dövlətdə birləşdirmək imkanı olsun. Ancaq inanmıram ki, digər xalqlar kimi, Azərbaycan xalqı da buna getsin. Bizim müstəqil dövlətimiz yüz illərlə yaşayacaq.

 

- Azərbaycan hökumətinin ehtiyatlı mövqe sərgiləməsini necə dəyərləndirirsiniz?

- Düzgün sayıram. Çünki bizim Qarabağ kimi ciddi problemimiz var, rus ordusu istənilən vaxt orda təxribat törədə, yaxud bizə digər problemlər yaradıla bilər. Yaxud istənilən bəhanəylə Azərbaycana hərbi müdaxilə edilə bilər. Ona görə də dövlət müəyyən qədər gözləmə mövqeyi tutub. Amma hər bir halda Azərbaycanın ərazi bütövlüyü pozulduğu üçün dövlətimiz Ukraynanın ərazi bütünlüyü və suverenliyini müdafiə edən bəyanatla çıxış edə bilər və hesab edirəm ki, bu, prinsipial mövqe baxımından doğru addım olardı. Bununla belə, Azərbaycanda əhali, QHT-lər, mətbuat artıq öz mövqeyini bildirib. İnsanlar azad, firavan, demokratik bir dövlətdə yaşamaq istəyirlər, bu, birmənalıdır. Digər tərəfdən, Azərbaycan Ukrayna ilə strateji müttəfiqdir. Yadıma gəlir, 1992-93-cü illərdə baş nazirin birinci müavini işləyəndə rəhmətlik Heydər Əliyev məni dəvət etdi və dedi ki, bizdə hərbi texnika ilə əlaqədar müəyyən problemlər var və bunu Ukrayna ilə həll etmək lazımdır.

Mən o zaman Kiyevə səfər etdim. Kuçma baş nazir idi, həm də prezident səlahiyyətlərini icra edirdi. Danışıqlar apardıq və Ukrayna bizə çox böyük yardım etdi. İnanın mənə, hətta bir aya qədər biz oradan Azərbaycana hərbi texnika daşıdıq, bu gün də həmin texnikadan istifadə olunur. Yəni Ukrayna Azərbaycan üçün adi dövlət deyil, həmişə bizə əl uzadıb. Ukraynada neft məhsulları ilə əlaqədar gərgin vəziyyət yarananda Azərbaycanın dövlət başçısı bu dövlətə 500 min tona yaxın yanacaq verdi. Yəni bir-birimizə həmişə əl uzadan yaxın dövlətlər olmuşuq. Digər tərəfdən, Ukraynada azərbaycanlılar da çoxdur. Yarım milyona yaxın azərbaycanlı bu ölkədə yaşayır, işləyir və onları da fikirləşməliyik. Mən daha çox MDB daxilində ikitərəfli münasibətlərə üstünlük verirəm. Yəni iqtisadi, siyasi, mədəni əlaqələrimiz bərabər səviyyədə qurulmalıdır ki, heç kəs başqasının daxili işlərinə müdaxilə etməsin. Azərbaycan hökumətinin mövqeyinə gəldikdə, bu yaxınlarda Moldova və Gürcüstan Avropa Birliyi ilə saziş imzaladılar, Azərbaycanın dövlət başçısı da viza rejiminin sadələşdirilməsi ilə bağlı sazişi imzaladı. Yəni biz Avropaya inteqrasiya edən dövlətik, bunu gizlətmirik. Qarabağ problemimiz olmasaydı, bəlkə biz çoxdan müəyyən müqavilələri imzalamışdıq. Ancaq problemlərimiz olduğu üçün ehtiyatlı siyasət yürütmək lazımdır ki, Azərbaycan xalqı əziyyət çəkməsin. 

 

- Bu gün ölkə daxilində sanki bir qaynama prosesi müşayiət olunur, Gündəmdəki mövzular bir-birini əvəz edir, vəhhabilər mövzusunda müzakirələri də indi nurçular məsələsi əvəzləyib. Sizcə, nə baş verir?

- Son vaxtlar vəhhabilər, nurçularla əlaqədar ortaya atılan məsələlər əlbəttə, dövlətimiz və cəmiyyətimiz üçün yaxşı hal deyil. Xüsusilə hökumətin tərkibində və ya dövlət aparatında belə insanlar çalışırsa, bu, təqdirəlayiq hal deyil. Mən bunu qəbul etmirəm. Dövlət rəsmisi Əli Həsənovun fikri ilə tamamilə razıyam ki, belə insanlar ümumiyyətlə, hökumətdə təmsil olunmamalıdır. Əgər sən Azərbaycan hökumətini, dövlətini təmsil edirsənsə, dini siyasətə çevirmək olmaz. Azərbaycan güclü dövlətdir, hüquq-mühafizə orqanları bu sahədə ciddi işlər görür, bu mənada hər hansı problemin olacağını zənn etmirəm. Hətta terrorçuluqla əlaqədar qanunları da sərtləşdiririk. Bu addımlar ona görə atılır ki, dövlət müstəqilliyimiz qorunub, saxlansın. 

 

- «Sovetski» və ya metro ticarəti ilə baş verənlər də gündəmin əsas mövzularındandır. Sizcə, bu məsələləri başqa cür həll etmək olmazdımı?

- Bu məsələləri elə həll etmək olardı ki, heç bir problem yaranmazdı. «Sovetski»də yaşayanların hamısına eyni cür yanaşmaq doğru deyil axı. Birinin 15 kv.metrlik mənzili var, digərinin 150, bunları fərqləndirmək gərəkdir. Bu məsələləri yavaş-yavaş həll etmək lazımdır. İkincisi, hökuməti də başa düşmək lazımdır ki, Bakının Baş Planı var və ona uyğun addım atılır. Amma ilk növbədə Azərbaycan insanının hüquqları, mənafeyi nəzərə alınmalıdır. O cümlədən də metro ilə bağlı məsələlərdə. Bu insanlar neçə illər ərzində metroda özbaşına işləməyiblər ki. İcazə alıblar ki, orda ticarət qurublar. Tağı müəllim də dövləti, hökuməti istəyən bir adamdır, imkan verib, insanlar işləyib. İndi bu məsələni elə həll etmək lazımdır ki, camaat əziyyət çəkməsin. Elə insanlar var ki, gedib bankdan kredit götürüb, böyük vəsait xərcləyiblər. Dövlət səviyyəsində insanlarla elə rəftar etmək lazımdır ki, problemlər yaranmasın. İnsanlara niyə problem yaradaq ki, onlar da dövlətdən narazı qalsın? Fikir verin, dövlət başçısı son bir neçə çıxışında məmurların davranış qaydaları, xalqla təmasda olması barədə tövsiyələrini verib, xəbərdarlıqlar edib. Bu, çox ciddi məsələdir. Biz xalq üçün işləməliyik, xalqın xidmətçisi olmalıyıq. İkincisi, xarici dövlətlərlə əlaqəsi olanlar da bu əməllərdən çəkinməlidir. Azərbaycanın müstəqilliyi elə-belə qurulmayıb, bu yolda əziyyət çəkən insanlar olub, indi də var. Mən inanıram ki, yaxın 15-20 ilə Azərbaycan daha da qüdrətli dövlətə çevriləcək. Ona görə də Azərbaycan hökuməti bütün bu problemləri mərhələli qaydada, insanları işlə təmin etməklə həll etməlidir ki, vətəndaşlarımız əziyyət çəkməsin. 

 

- Vahid bəy, adətən siz iqtidar və müxalifətə barış təklifləri ilə çıxış edirsiniz. Bu dəfə nə demək istərdiniz?

- Ümumiyyətlə, dünyanın indiki vaxtında, xüsusilə də Ukrayna ətrafında proseslərin getdiyi bir zamanda Azərbaycan daxilində nə qədər birlik olsa, iqtidar-müxalifət münasibətləri normallaşsa, bu, bizim dövlətimizin sabahı üçün də bir o qədər faydalıdır. Ukrayna hadisələri və digər həssas məqamların olduğu bir zamanda bizim birliyə daha çox ehtiyacımız var. Unutmayaq ki, bizim də Qarabağ problemimiz var. Mən qarşıdan gələn Novruz bayramı münasibətilə bütün xalqımızı təbrik edir, hər kəsə cansağlığı, süfrələrə bol nemət və Azərbaycanın müstəqilliyinin əbədi olmasını arzu edirəm.